AZ

Sürücüləri çaşqın: Yollardakı əyri və dalğavari xətlərin məqsədi nədir? Ekspertdən İZAH

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sürücülər yollarda hansı zərurətdən müxtəlif xətlənmələr edildiyini bilmir. Paytaxt yollarında yeni nişanların, indiyədək görünməmiş xətlənmələrin sürücüləri çaşdırdığı qeyd edilir. Xüsusən də əyri və dalğavari xətlərin hansı məqsədə xidmət etdiyi bilinmir.  

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sosial şəbəkələrdə və mediada geniş müzakirə olunan əyri və dalğavari yol nişanlanmaları əslində yeni ideya deyil: 

- Dünyanın müxtəlif ölkələrində bu cür nişanlanmalardan sürücülərin diqqətini artırmaq, sürəti azaltmaq və piyada keçidlərinin təhlükəsizliyini yüksəltmək məqsədilə uzun illərdir istifadə olunur. Böyük Britaniyada, xüsusilə London və digər şəhərlərdə piyada keçidlərinə yaxın ərazilərdə ziqzaq nişanlanmaları geniş tətbiq edilir. Bu işarələr sürücüyə qarşıda xüsusi diqqət tələb edən zona olduğunu vizual olaraq xatırladır. ABŞ-da Virciniya, Havay, Oklahoma və digər ştatlarda müxtəlif eksperimental layihələr həyata keçirilib. Məqsəd sürücülərin avtomatik davranışını pozmaq və onları sürəti azaltmağa təşviq etməkdir. Qazaxıstanda 2022-ci ildə Qaraqanda şəhərində piyada keçidlərinə yaxın hissələrdə ziqzaq nişanlanmaları tətbiq olunub. Yerli hakimiyyət bu addımı sürət həddinin azaldılması və piyadaların təhlükəsizliyinin artırılması ilə əsaslandırıb. Son dövrlərdə Pensilvaniya ştatının Montqomeri şəhərində dalğavari nişanlanmaların tətbiqi yenidən bu mövzunu gündəmə gətirib. Bu yanaşmalar yol hərəkətinin təşkilində "traffic calming" – hərəkətin sakitləşdirilməsi metodlarının bir hissəsidir. Dünyada təhlükəzislik adacığı, kontrast işıqlandırma, rəngli örtüklər, daraldılmış hərəkət zolaqları və qeyri-standart nişanlanmalar kimi müxtəlif vasitələrdən istifadə olunur. 

Mütəxəssis bildirdi ki, əsas məqsəd sürücünü cərimələmək deyil, onun diqqətini vaxtında cəlb etmək və təhlükəli davranışların qarşısını almaqdır. Yol təhlükəsizliyi isə yalnız qaydalarla deyil, həm də insan psixologiyasını nəzərə alan düzgün infrastruktur həlləri ilə təmin olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
sherg.az

1Mənbələr