AZ

Aztəminatlı ailələrin fikirlərini oğurlayan deputat Saffari yazır…

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

36 yaşında deputat seçilən Elşən Musayev, deyərdim, siyasətçi kimi olmasa da, insan kimi çox maraqlı insandır. Onun illər əvvəl verdiyi bir müsahibəsi var. Həmin müsahibədə də maraqlı fikirlər yer alır.

Məsələn, Elşən Musayev deyirdi:

“Çox təəssüf ki, hələ övladımı özəl məktəbdə oxutmağa gücüm çatmır”.

Təkcə bununla kifayətlənmir. Elşən Musayev həm də deyirdi:

“Mənfəət güdən adam olsaydım, 2009-dan bəri kirayədə yaşamazdım. Ya da kirayə qaldığım evin yiyəsini son bir il boyunca cidd-cəhdlə inandırmağa çalışmazdım ki, qardaş, vallah-billah, Allah haqqı mən deputatam, yalan danışmıram”.

Elə bilirsiniz, bununla bitdi? Əsla!

O, eyni zamanda demişdi:

“Avtomobilimin markasını deməyəcəm. Amma bazara çıxardıb satası olsam uzağı 4 min manat pul verərlər”.

İlk baxışdan sadəlik nümunəsi yaratmağa çalışan deputatımız, əslində, bildiyin ağlayıb.

Deputat Elşən Musayevin dediyi bu fikirləri Azərbaycanda 600 manat maaş alan milyonlarla insan da deyir.

Görünür, Elşən Musayev aztəminatlı ailələrin fikirlərini oğurlayır.

Elşən Musayev adı-sanı bilinməyən, izi-tozu görünməyən Demokratik Maarifçilik Partiyasının sədridir.

Onlarla susqun, xüsusi bir işə yaramayan, statistikaya xidmət edən bu partiya və sədri Elşən Musayevin özü də parlamentdə görünmür.

Gənc yaşında özü istəyən zirvəyə qalxdıqdan sonra, Elşən Musayev fəaliyyətini zirvədə buraxmayıb. İstəyib ki, ona sonra da ehtiyac olsun. Bəs nə edib?

Elşən Musayev həmişə istəyib ki, müxalifətə sərt sözlər deməklə hakimiyyətin gözünə xoş görünsün. Bəli, müxalifətə sərt sözlər deməyinə deyib, ancaq hakimiyyətin gözünə xoş görünməyi bir qədər şübhəlidir.

Bəlkə də, deputatlar arasında müxalifətə ondan sərt sözlər deyən olmayıb, ancaq buna baxmayaraq, o, bir deputat kimi tanına bilməyib. Heç müxalifətçilər də onu çox ciddiyə almayıb.

Bir sözlə, “Müxalifətlə dalaşan deputat” statusu onun əyninə boş qalıb.

Adama deyərlər, xüsusən bu məsələlərdə ustad olan Elman Nəsirovun yanında görünmək asan işdirmi?

Elşən Musayev, elə bilirsiniz, hər qışqıranı görürlər? Bunun üçün də sima, istedad lazımdır.

Parlamentdə doğrudan da müxalifətlə dalaşan, davası görünən deputatlar var, onları bu fəaliyyəti təqdir də olunur. Ancaq Elşən Musayev qaçıb başını müxalifət partiyaların qərargahına da vursa, xeyri yoxdur.

Elşən Musayev Azərbaycan siyasətində bir şeylə seçilir, o da Məmmədhənifə Musayevin oğlu olmağı ilə.

Başqa sözlə, onun deputat kimi fərqləndirən elə deputat seçilməyidir.

Çünki başqa cür seçilməyə istedadı, siyasi ritorikası çatmır.

Hərdən elə bilirəm ki, Milli Məclisə bir tank girsə, hamı qaçacaq, təkcə Elşən Musayev qalacaq. Ancaq nə etdiyini bilməyib, tankın üstünə şəpidlə gedəcək.

O, bir az da Azərbaycan siyasətində kölgə ilə güləşən adama bənzəyir. Yorulur, tərləyir, əziyyət çəkir, amma qarşı tərəf hadisədən xəbərsiz qalır.

Çünki o, siyasəti fikir mübarizəsi kimi yox, mikrofon görən kimi çıxış etmək imkanı kimi başa düşür.

Siyasətdə adətən insanlar ya ideyaları ilə, ya təşəbbüsləri ilə, ya da cəmiyyətə təsirləri ilə yadda qalırlar.

Elşən Musayev isə daha çox səs tonunun yüksəkliyi ilə yadda qalmağa çalışır.

Onun illər əvvəl verdiyi müsahibədə bir söz də var idi.

O, “Bir siyasətçi nə zaman xoşbəxt olur?” sualına “siyasətdən gedəndə” demişdi.

İndi adama deyərlər, Elşən bəy, niyə gedib xoşbəxt olmursunuz?

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
2
icma.az

3Mənbələr