AZ

Anar Eminov: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni iqtisadi yüksəlişinin əsas mərkəzlərindən birinə çevrilir”

Çağdaş dövrdə iqtisadi təhlükəsizlik, ərzaq təminatı, regional inkişaf və demoqrafik dayanıqlılıq bir-biri ilə sıx bağlı olan strateji prioritetlər kimi çıxış edir. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə irəli sürdüyü konseptual yanaşma və bunun əsasında formalaşdırılan 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın inkişaf strategiyasında yeni mərhələnin başlanğıcını təsdiqləyir. Bu mərhələnin mahiyyəti kənd təsərrüfatının iqtisadi fəaliyyət sahəsi olmaqla yanaşı, eyni zamanda milli təhlükəsizlik və dayanıqlı inkişafın əsas dayaqlarından biri kimi qəbul edilməsidir.

Son iyirmi ildən artıq dövr ərzində Azərbaycanda həyata keçirilən regional inkişaf siyasəti kənd təsərrüfatının formalaşmasında həlledici rol oynayıb. 2004-cü ildən etibarən icra olunan regional proqramlar ölkənin iqtisadi coğrafiyasını dəyişdirərək bölgələrin sosial-iqtisadi inkişafına güclü təkan verib. İnfrastrukturun genişləndirilməsi, qazlaşdırmanın tam təmin olunması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, yol-nəqliyyat şəbəkəsinin yenilənməsi, su anbarları və meliorasiya sistemlərinin qurulması aqrar sektorun inkişafı üçün möhkəm baza formalaşdırıb.

Bununla yanaşı, əldə olunan uğurlar yeni çağırışları istisna etmir. Müşavirədə Prezident İlham Əliyevin kənd təsərrüfatı istehsalında dinamikanın gözlənilən səviyyədə olmaması ilə bağlı səsləndirdiyi fikirlər idarəetmədə nəticəyönümlü yanaşmanın bariz ifadəsidir. Müasir mərhələdə əsas məqsəd t istehsal həcminin artırılması ilə yanaşı, həm də məhsuldarlığın yüksəldilməsi, resurslardan səmərəli istifadə və rəqabətqabiliyyətli istehsal modelinin formalaşdırılmasıdır.

Statistik göstəricilər aqrar sektorun inkişaf dinamikasını aydın şəkildə nümayiş etdirir. Bir sıra məhsullar üzrə Azərbaycan artıq özünü təmin edən və ixrac potensialını genişləndirən ölkəyə çevrilib. Meyvəçilik, tərəvəzçilik, bostançılıq, şəkər istehsalı, yumurtaçılıq və xüsusilə fındıqçılıq sahəsində əldə olunan nəticələr ölkənin aqrar ixrac potensialının gücləndiyini göstərir. Fındıqçılıq üzrə Azərbaycanın dünya bazarında aparıcı mövqelərdən birini tutması bu inkişafın mühüm göstəricisidir.

Eyni zamanda, bəzi strateji məhsullar üzrə idxaldan asılılığın qalması yeni yanaşmaların zəruriliyini ön plana çıxarır. Buğda istehsalında özünütəminetmə səviyyəsinin 55 faiz olması, bitki yağları, quş əti və kərə yağı kimi məhsullar üzrə mövcud asılılıq aqrar siyasətin daha çevik və effektiv mexanizmlərlə təkmilləşdirilməsini tələb edir. Qlobal miqyasda baş verən geosiyasi gərginliklər və iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyi hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrilmişdir.

Yeni Dövlət Proqramının əsas istiqamətlərindən biri kənd təsərrüfatında müasir texnologiyaların tətbiqidir. Torpaqların rəqəmsal xəritələşdirilməsi, məlumat bazalarının yaradılması, süni intellekt və peyk texnologiyalarından istifadə kənd təsərrüfatında yeni idarəetmə modelinin formalaşmasını təmin edir. Torpağın iqtisadi resurs kimi dəqiq qiymətləndirilməsi məhsuldarlığın artırılmasına və investisiya səmərəliliyinin yüksəldilməsinə xidmət edir.

Proqramın strateji prioritetlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun aqrar inkişafın əsas mərkəzlərindən birinə çevrilməsidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni iqtisadi reallıq formalaşdırır. İnfrastrukturun yenidən qurulması, su və enerji sistemlərinin bərpası, yolların çəkilməsi və logistika imkanlarının genişləndirilməsi bu bölgələrin iqtisadi potensialını sürətlə aktivləşdirir.

Qarabağ və Şərqi Zəngəzur regionları münbit torpaq ehtiyatları, su resursları və iqlim müxtəlifliyi baxımından kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar təqdim edir. Bu ərazilər taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük və arıçılıq kimi sahələr üzrə ölkənin əsas istehsal mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Su ehtiyatlarının strateji əhəmiyyəti isə bu bölgələrin aqrar inkişafda xüsusi rolunu daha da gücləndirir.

Suqovuşan, Sərsəng, Xaçınçay, Köndələnçay, Zabuxçay, eləcə də Bərgüşad və Həkəri su anbarları, həmçinin Şirvan və Qarabağ kanallarının yenidən qurulması yüz minlərlə hektar torpağın dövriyyəyə cəlb olunmasına və məhsuldarlığın artırılmasına şərait yaradır. Bu layihələr həm infrastruktur, həm də ərzaq təhlükəsizliyinin strateji təminatıdır.

“Yaşıl enerji” və rəqəmsal texnologiyalar əsasında həyata keçirilən “Ağıllı kənd” layihələri kənd təsərrüfatında yeni inkişaf modelini formalaşdırır. Bu yanaşma kənd təsərrüfatını ənənəvi istehsal sahəsindən çıxararaq innovativ və yüksək texnologiyalara əsaslanan iqtisadi sistemə çevirir.

Müşavirədə diqqət çəkən əsas istiqamətlərdən biri də şəhərdən kəndə qayıdış prosesinin stimullaşdırılmasıdır. Bu yanaşma regionların iqtisadi cazibədarlığının artırılması, kənd həyatının keyfiyyətinin yüksəldilməsi və məskunlaşmanın balanslaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr bu strategiyanın real nəticəyə çevrildiyini göstərir.

Yeni Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan investisiya həcmi də sektorun gələcək inkişaf potensialını nümayiş etdirir. Dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya qoyuluşu aqrar sektorun iqtisadi inkişafda aparıcı istiqamətlərdən biri olacağını təsdiqləyir. Bu investisiyalar istehsal, emal, logistika və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Ümumilikdə, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı kənd təsərrüfatının inkişafına dair sadə sektor sənədi deyil, Azərbaycanın iqtisadi təhlükəsizlik modelini, regional inkişaf strategiyasını və ərzaq təminatı sistemini müəyyən edən kompleks yol xəritəsidir. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, müasir texnologiyaların tətbiqi və investisiya axınının genişlənməsi ölkənin uzunmüddətli dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Nəticə etibarilə, Azərbaycanın qarşısında duran əsas vəzifə torpaq resurslarını daha yüksək əlavə dəyər yaradan istehsala çevirməkdir. Müəyyən edilən strateji hədəflər göstərir ki, kənd təsərrüfatı artıq yalnız iqtisadi sahə deyil, milli inkişafın, ərzaq təhlükəsizliyinin və regional balansın əsas dayaqlarından biridir.

Seçilən
28
1
turkustan.az

2Mənbələr