AZ

Ukrayna gizli dron mərkəzindən Rusiyaya belə zərbə endirir - ANBAAN VİDEO

ABŞ-nin CNN telekanalı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (GUR) məxsus uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə mərkəzindən eksklüziv reportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, telekanal ilk dəfə olaraq Rusiya ərazilərindəki strateji hədəflərə qarşı keçirilən genişmiqyaslı dron hücumlarının pərdəarxası təfərrüatlarını və hərbçilərin iş prosesini nümayiş etdirib.

Reportajda yer alan məlumata görə, Ukraynanın uzaqmənzilli PUA proqramının uğurunun əsas sirri onun mərkəzləşdirilməmiş strukturunda gizlənir. "Vektor" ləqəbli bölmə komandiri bildirib ki, Rusiyanın bu proqramı tamamilə sıradan çıxarması faktiki olaraq qeyri-mümkündür.
 

Çünki əməliyyatların idarə olunduğu vahid bir qərargah yoxdur. Ukrayna hərbçiləri bir-birindən dağınıq və gizli şəkildə fəaliyyət göstərən onlarla fərqli nöqtədən, sadə noutbuklar vasitəsilə eyni anda yüzlərlə dronun hərəkətini koordinasiya edirlər.


İdarəetmədə süni intellekt dəstəkli və real vaxt rejimində xəritələri əks etdirən xüsusi proqram təminatından istifadə olunur. Jurnalistlərin qeydə aldığı kadrlarda əməliyyatçıların ABŞ-ın "Palantir" şirkətinə məxsus "PRISMA" proqramı vasitəsilə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin koordinatlarını izlədiyi və dronlar üçün təhlükəsiz marşrutlar cızdığı görünür.

Rusiya radarlarını yanıltmaq üçün ukraynalı mütəxəssislər xüsusi taktikaya əl atırlar. Hücum zamanı əsas zərbə PUA-ları ilə bərabər, reaktiv mühərriklə təchiz edilmiş onlarla aldadıcı (makat) dron da havaya qaldırılır.

Radarlarda raket kimi görünən bu aldadıcı aparatlar Rusiyanın hava hücumundan müdafiə sistemlərini özünə cəlb edərək onların sursatının tükənməsinə şərait yaradır.

Reportajın hazırlandığı gecə Ukrayna kəşfiyyatının Rusiyanın daxilindəki neft emalı zavodları, yanacaq-sürtkü materialları anbarları və hərbi müəssisələrə qarşı eyni anda 200-ə yaxın uzaqmənzilli pilotsuz təyyarə ilə hücuma hazırlaşdığı vurğulanıb.


Bizim.Media

Seçilən
36
1
bizim.media

2Mənbələr