BAKI, 31 may. TELEQRAF
Xərçəngə qarşı hazırlanmış eksperimental "Amivantamab" preparatının klinik sınaqları bəzi xəstələrdə şişlərin tamamilə yox olması ilə nəticələnib.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, preparatın beynəlxalq sınaqları 11 ölkədə aparılıb. Vaksin xəstəliyi yenidən qayıdan və ya mövcud müalicə üsullarının təsir göstərmədiyi pasiyentlər üzərində tətbiq edilib.
Araşdırma çərçivəsində baş və boyun nahiyəsi xərçəngindən əziyyət çəkən 102 xəstəyə preparat vurulub. Nəticədə 43 pasiyentdə şişlərin ölçüsü kiçilib və ya tamamilə yox olub. Onlardan 28-də şiş əhəmiyyətli dərəcədə kiçilib, 15 nəfərdə isə tam aradan qalxıb.
Nəşr bildirir ki, ABŞ-nin "Johnson & Johnson" şirkəti tərəfindən hazırlanmış preparat üç həftədən bir dərialtı inyeksiya şəklində tətbiq olunur və ağciyər xərçəngi xəstələrində də oxşar nəticələr göstərib.
Mütəxəssislərin sözlərinə görə, preparat xərçəngə eyni vaxtda üç istiqamətdə təsir göstərir. O, həm şişlərin böyüməsini sürətləndirən epidermal böyümə faktoru reseptorunu, həm də xərçəng hüceyrələrinin müalicədən yayınmaq üçün istifadə etdiyi MET siqnal yolunu bloklayır. Bununla yanaşı, immun sistemini aktivləşdirərək onun şiş hüceyrələrinə qarşı mübarizəsini gücləndirir.
Kevin Harrington bildirib ki, əldə olunan nəticələr kimyaterapiya və immunoterapiyaya davamlı xəstələr üçün "görünməmiş dərəcədə uğurlu" hesab oluna bilər.
Araşdırmaya görə, "Amivantamab" qəbul edən xəstələr müalicənin başlanmasından sonra orta hesabla 12,5 ay yaşayıblar. Bu göstərici ağır proqnozlu xərçəng formaları üçün mühüm nəticə kimi qiymətləndirilir.