AZ

WSJ: BMT maliyyə iflası təhlükəsi ilə üzləşib...

ABŞ-nin və Çinin ödənişləri gecikdirməsi səbəbindən təşkilatın vəsaitlərinin avqustun ortalarınadək tükənə biləcəyi bildirilib...

Birləşmiş Millətlər Təşkilatı ABŞ-nin və Çinin büdcə ödənişlərini gecikdirməsi fonunda “maliyyə çöküşü” təhlükəsi ilə üzləşib.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri yazıb. Bildirilir ki, hər iki ölkənin payına təşkilat büdcəsinə daxilolmaların təxminən 42 faizi düşür.

Nəşrin məlumatına görə, BMT rəhbərliyi vəziyyət dəyişməyəcəyi təqdirdə təşkilatın maliyyə vəsaitlərinin artıq avqust ayının ortalarına doğru tükənə biləcəyi barədə xəbərdarlıq edib.

The Wall Street Journal nəşri qeyd edib ki, ABŞ-nin təşkilat qarşısında təxminən 4 milyard dollar məbləğində borcu var. Donald Tramp administrasiyası dövlət xərclərinin səmərəliliyinin artırılması siyasəti çərçivəsində BMT sisteminə daxil olan onlarla proqramdan çıxıb. Bunlar arasında Ümumdünya Səhiyyə Təşkilatı da yer alıb. Nəşrin yazdığına görə, Vaşinqton gələcək maliyyə dəstəyini təşkilatda xərclərin azaldılması, işçi sayının ixtisarı və maşın tərcüməsi texnologiyalarının tətbiqi kimi şərtlərlə əlaqələndirib.

Çin isə BMT-nin ikinci ən böyük donorlarından biri kimi özünü təşkilatın əsas müdafiəçisi və maliyyə baxımından aparıcı iştirakçılarından biri hesab edir. Bununla belə, The Wall Street Journal nəşrinin məlumatına əsasən, Pekinin təşkilat qarşısında təxminən 455 milyon dollar borcu yaranıb. Bildirilir ki, Çin hakimiyyəti maliyyə öhdəliklərini yerinə yetirəcəyinə söz verib.

Jurnalistlərin məlumatına görə, BMT xərclərinin təxminən 70 faizi əməkhaqqı ödənişlərinin payına düşür. Maliyyə təzyiqi səbəbindən təşkilat artıq genişmiqyaslı qənaət tədbirlərinə başlayıb. Katiblik bəzi ofisləri bağlayıb, üç minə yaxın vəzifəni ləğv edib, həmçinin tərcüməçilərin iş saatlarını azaldıb.

Poliqon.info

Seçilən
124
poliqon.info

1Mənbələr