AZ

"Bild": Hamburq sakinləri Olimpiya Oyunlarının şəhərdə keçirilməsinə qarşı səs veriblər

Hamburq sakinləri keçirilən referendumda 2036, 2040 və ya 2044-cü illər Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət fəaliyyətinə qarşı çıxıblar.

"Report"un "Bild" qəzetinə istinadən məlumatına görə, hələ səslərin hesablanması başa çatmamış səsvermə iştirakçılarının əksəriyyətinin şəhərin olimpiadaya namizədliyinin irəli sürülməsi ideyasını rədd etdiyi məlum olub.

Seçki Komissiyasının rəhbəri Oliver Rudolfun məlumatına görə, səsvermədə 652 193 nəfər iştirak edib ki, bu da 49,5 %-lik fəallıq deməkdir. 16 yaşından yuxarı təxminən 1,3 milyon sakinin səsvermə hüququ olub.

Beləliklə, Hamburq sakinlərin şəhərin 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək müraciətini rədd etdiyi 2015-ci il ssenarisini təkrarlayıb. Həmin vaxt referendum iştirakçılarının 51,6 %-i müraciətin əleyhinə səs vermişdi.

Səsvermənin nəticələri o deməkdir ki, Hamburq beynəlxalq seçim mərhələsində ölkəni təmsil etmək hüququ uğrunda Almaniya daxilində gedən mübarizədən kənarlaşır. İddiaçılar arasında Berlin, Münxen və Reyn-Rur regionu qalmaqdadır. Almaniya Olimpiya İdman Konfederasiyasının sentyabrın 26-da ölkənin vahid namizədini müəyyən edəcəyi gözlənilir.

Hamburqda olimpiadanın keçirilməsinin əleyhdarları mümkün maliyyə risklərinə, nəqliyyat infrastrukturunun yüklənməsinə, irimiqyaslı tikintiyə və potensial ekoloji fəsadlara istinad ediblər. Həmçinin mənzil qiymətlərinin gələcəkdə daha da artması ilə bağlı narahatlıqlar ifadə olunub.

Almaniya hökuməti daha əvvəl 2040-cı il Olimpiya Oyunlarının keçirilməsi ideyasını dəstəklədiyini bəyan etmişdi. Berlin 1936-cı il olimpiadasından başqa, Almaniya Yay Oyunlarına yalnız bir dəfə - 1972-ci ildə Münxendə ev sahibliyi edib.

Seçilən
108
far.az

1Mənbələr