
Ermənistanda keçiriləcək seçkilər nə qədər paradoksal görünsə də, Ukraynadan fərqli olaraq, Rusiya dövləti və əsasən də prezident Vladimir Putin üçün taleyüklü məsələdir. Moskvanın Ukraynadakı müharibəsi özünün qlobal güc imicini qorumaq istəyi, NATO-nun genişlənməsinə qarşı apardığı müharibədirsə, Ermənistanda keçirilən seçkilər isə Ermənistan dövlətinin yaradıcısı olan Rusiya imperiyasının mövcud ideoloji bazasını məhv edə biləcək siyasi prosesdir.
Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, hazırda Rusiya üçün Ukraynadan daha vacib Ermənistanın Avropa İttifaqına (Aİ), Qərbə inteqrasiyasını dayandırmaq və baş nazir Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq, nəhayət, Ermənistanı orbitində saxlamaq Kremlin birinci strateji hədəfi olaraq qalır:
"Yeri gəlmişkən, Paşinyanın qısa müddət perspektivdə yenidən qələbəsi Azərbaycanın maraqlarına uyğundur. Ancaq əvvəlki liderlərdən fərqli olaraq, Paşinyan praqmatik, strateji düşüncəli lider olaraq gələcəkdə Azərbaycan və Türkiyə üçün başağrısına çevrilə bilər.
Ermənistanda Rusiyanın uduzması ardıcıl şəkildə postsovet məkanında bütün mövqeyini itirməsi və nəticə etibarilə qlobal güc statusundan məhrum olması deməkdir. Bu da sözsüz ki, Rusiyanın imperiya formasında mövcudluğuna ciddi təhlükə yaradır. Prezident Vladimir Putinin son açıq iqtisadi və digər təhdidlərinin məqsədi hələlik hərbi müdaxiləsiz prosesi dayandırmaqdır".
V.Dadaçov deyib ki, 29 mayda Astanada keçirilən Avrasiya Ali İqtisadi Şurasının (Aİİ) iclasında Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan prezidentləri Aleksandr Lukaşenko, Vladimir Putin, Kasım-Jomart Tokayev və Sadır Japarov birgə bəyanat imzalayıb, hansı ki, Ermənistan hakimiyyətini Avropa İttifaqına daxil olmaq və ya Aİİ-də üzvlüyünü saxlamaq barədə mümkün qədər tez bir zamanda referendum keçirməyə çağırıblar. Ancaq iclasda iştirak edən Ermənistanın baş nazirinin müavini Mqer Qriqoriyan İrəvanın Aİİ-dən dərhal çıxmaq niyyətinin olmadığını bildirib:
"Rusiyanın 90-cı illərdə Baltikyanıda, Gürcüstanda, Azərbaycanda faciəvi hərbi müdaxilələri SSRİ-nin dağılmasına gətirib çıxardı, sonra 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın işğalı əksinə, Rusiyadan qaçma prosesini sürətləndirdi. Eyni səhvi Moskva Ermənistanda da təkrarlamaq istəməsə də, hərbi variant masada saxlanılır.
Digər bir məsələ isə bu günlərdə Rusiyanın PUA-larının Rumıniya ərazisinə daxil olmasıdır. Buna, Rusiyanın Qərbə güc nümayişi demək olar. Ancaq, hücumun həm də Ermənistanda keçirilən seçkilərlə bağlılığı var. Rusiya Ermənistanda mümkün informasiya, kiber və digər müdaxilələrdən diqqət yayındırmaq üçün NATO ölkələrində gərginlik yaradır və bir növ Avropaya öz təhlükəsizliyi barədə xəbərdarlıq edir.
Məsələnin ciddiliyi həm də Almaniyanın NATO daxilində yeni hərbi mərkəzə çevrilməsi prosesi fonunda müşahidə olunur. Berlin artıq Rusiya qarşısında birbaşa dayana biləcək əsas Avropa güclərindən biri kimi özünü irəli verir. Son məlumatlara görə, Almaniyada türk mənşəli əhalinin demoqrafik çəkisi artmaqdadır ki, bu da gələcəkdə Almaniyanın həm iqtisadi, həm də hərbi potensialının güclənməsi məsələsini gündəmə gətirir. Yəni, Avropa ABŞ-sız Rusiya ilə üz-üzə qalır.
Odur ki, Rusiya hazırda təkcə Ukrayna və NATO ilə deyil, strateji baxımdan Ermənistanda öz imperiya modelinin gələcəyi uğrunda mübarizə aparır və parlament seçkiləri paralel şəkildə həm də Rusiyanın perspektivdə taleyini müəyyən edir".
Cavid