Müğənni Roza Zərgərli Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.
Moderator.az xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
“Səmimi qarşılamalarına, Azərbaycan musiqisinə olan sevgisinə görə Çeçenistan rəhbəri Ramzan Kadırova dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəf və fəxrdir” , - deyə paylaşımda qeyd edib.
Müğənni Çeçenistana səfərinin təfərrüatlarını özəl olaraq Moderator.az-la bölüşüb:
“Mayın 5-də Çeçenistan Dövlət Filarmoniyasında konsert proqramım baş tutdu. Qroznıda əcnəbi müğənnilərin çıxışına icazə verilmir. Biz dövlət səviyyəsində dəvət olunmuşduq. Çox gözəl, anşlaq və bütün biletlərin satıldığı bir konsertimiz oldu. Ramzan Kadırov şəxsən özü ailəsi ilə birlikdə gəlib, konserti başdan sona qədər izlədi. Daha sonra konsertin səhəri günü iqamətgahında rəsmi görüşümüz oldu. Məni ailəsi ilə birlikdə qarşıladı, günorta yeməyi yedik. Mənə mükafat verdi və ünvanıma xoş sözlər söylədilər. Yay ayının sonunda da Çeçenistanda açıq hava konserti təklif etdilər”.
Roza Zərgərli deyir ki, Azərbaycandan kənarda çıxış etdiyi ölkələrdə əsas məqsəd musiqimizi təbliğ etməkdir:
“Zatən mənim konsert proqramımın repertuarının 80 faizi Azərbaycan dilindədir. Müəllif və 20 faizi də rus dilində olan mahnılardır. Tamaşaçılar çox qəlblə, zövqlə dinlədilər. Çeçenistanın çox ağır təbiətli tamaşaçıları var. Amma məni çox alqışladılar, heyran olduqlarını bildirdilər. Bütün səhnə çiçəklə dolu idi”.