AZ

ABŞ xarici siyasətində təhlükəli boşluq:Minlərlə diplomat xidmətdən ayrılıb

ABŞ Prezidenti Donald Trampın administrasiyasının həyata keçirdiyi kadr dəyişiklikləri nəticəsində son bir ildə təxminən 2000 amerikalı yüksək vəzifəli və sıravi diplomat işdən çıxarılıb və ya məcburi şəkildə təqaüdə göndərilib.

Redaktor.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Məlumata görə, kanalın müsahibə apardığı bir çox diplomat məsələ ilə bağlı açıq danışmaqdan imtina edib. İctimaiyyət qarşısında mövqeyini açıqlayanlardan biri isə 2024-cü ildə ABŞ-nin Moldovadakı növbəti səfiri vəzifəsinə təsdiqlənən Kelli Adams-Smit olub. Təxminən 30 il diplomatik xidmətdə çalışan Adams-Smitin təyinatı 2025-ci ilin fevralında Tramp administrasiyası tərəfindən ləğv edilib.

"NBC News"un məlumatına əsasən, ona ABŞ Dövlət Departamentində başqa uyğun vəzifə təklif olunmayıb. Nəticədə diplomat istefa verməyə məcbur qalıb. Onun diplomat həyat yoldaşı da xidmətdən ayrılıb.

Kanal qeyd edir ki, ABŞ Dövlət Departamenti işdən çıxarılan əməkdaşların dəqiq sayı barədə məlumat verməkdən imtina edib. Bununla yanaşı, son aylarda həyata keçirilən ixtisarlar və məcburi təqaüdə göndərilmələr səbəbindən ölkənin diplomatik korpusunda ciddi kadr çatışmazlığı yaranıb.

Hazırda Avropada 33 ölkədə ABŞ səfiri fəaliyyət göstərsə də, 17 səfir vəzifəsi boş qalır. Afrikada 41, Asiya və Okeaniya regionunda 23, Şimali və Cənubi Amerikada isə 17 ölkədə ABŞ-nin səfiri yoxdur.

Ekspertlər hesab edirlər ki, diplomatik korpusda yaranan bu boşluqlar Vaşinqtonun beynəlxalq arenadakı təsir imkanlarını zəiflədə və ABŞ-nin xarici siyasət fəaliyyətinə mənfi təsir göstərə bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr