AZ

Deputat: “Məhəllədə təhsili olmayan, amma çox ağıllı qadın var, hamı onun sözü ilə hərəkət edir, həmin qadın bələdiyyə üzvü olmalıdır”

“Məmura əli çatmayan vətəndaş millət vəkilinə müraciət edəndə bir az arxayınlaşır ki, məktubuna daha ciddi yanaşacaqlar. Əslində burada haqlı düşüncə də var. Vətəndaşa olan münasibətdən daha çox qanunvericiliyin imkan verdiyi, tələb etdiyi müəyyən prosedurlar var. Deputatın göndərdiyi hansısa bir sorğuya, şikayətə operativ cavab verilməlidir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Barometr TV-də yayımlanan “Rövşanə ilə Gündəm” verilişində deyib.

 

O bildirib ki, burada əsas məsələ problemin həll olunmasındakı çətinliklərdir: “Bizdə olan bir çox fəaliyyət sahələri digər ölkələrdə bələdiyyələrə aiddir. Bələdiyyə yerli yükü tamamilə götürmüş vəziyyətdədir. Su, kanalizasiya, işıq, qaz, nəqliyyat problemi varsa, artıq bu millət vəkilinin probleminə çevrilmir. Türkiyədə millət vəkilinə hansısa işlə təmin olunmaqla bağlı problem, hüquqsuzluq yarandıqda müraciət olunur. Amma qalan məsələlərdə millət vəkili artıq böyük rol oynamır. Bizdə isə bələdiyyələr güclü orqanizmə deyil, yox kimi quruma çevrildi. Vətəndaş problemini lokal səviyyədə həll etmək olduqca vacibdir. Məsələn, məhəllədə təhsili olmayan, ancaq çox ağıllı qadın var və məhəllənin hamısı onun sözü ilə hərəkət edir. Bu, elə bələdiyyə üzvü olmalıdır. Yerli problemi həll edən, enerjili insanları lokal səviyyədə problemin həllinə yönəltməliyik. Etiraf edək ki, vətəndaşların xeyli hissəsi bələdiyyə sədrlərini tanımır. Ancaq hansısa bir icarə haqqı yığanda, vəsait toplananda, bələdiyyədən gələn sənəd əsasında bilirsən ki, bunu ödəmək lazımdır. Ümid edək ki, bundan sonra bələdiyyənin canlandığı tarix olacaq”.

Deputat qeyd edib ki, Bakıda böyük şəhər bələdiyyəsi yaradılmalıdır: “Bu qədər böyük şəhərdə yükü təkcə icra hakimiyyətinin üzərinə qoymaq olmaz. Bizdə rayonların özünü də çevik idarə etmək üçün birləşməsinə ehtiyac var. Məsələn, hər sahənin regional idarələri yaradılıb. Bir regionda olan regional idarə 10 rayona baxır. Artıq 10 rayona bir idarə baxırsa, deməli, 10 rayonu bir yerə cəmləyib. Məmur, idarəedici sayını azaltmaq lazımdır. Bunu bələdiyyəyə buraxmaq lazımdır. Belə halda görəcəksiniz ki, faciə kimi baxdığımız problemlər cüzi, sadə bir məsələdir. Müəyyən müddətdir icra hakimiyyətlərinin bəzi səlahiyyətləri alınıb. İcra hakimiyyəti məktəbə, səhiyyəyə, su təsərrüfatına qarışa bilmir. Ancaq qurumların fəaliyyətini koordinasiya edir. Necə ki Türkiyədə valilik qurumların fəaliyyətini koordinasiya edir, bələdiyyə də təsərrüfat işlərini götürüb. Biz ya bu modelə keçməliyik, ancaq bu zaman da təsərrüfatı kimsə etməlidir. Biz təsərrüfatı  icra hakimiyyətlərinin səlahiyyətlərindən götürmüşük, qarışa bilmir. Hamısı mərkəzləşmiş şəkildə olanda çətinliklər olur. Bələdiyyələrin səlahiyyətlərini də müəyyən dərəcədə azaltmışıq. Bələdiyyə möhürünün elə bir əhəmiyyəti yoxdur. Biz elə etməliyik ki, birinci möhürü qəbul olunmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 1 İyun 2026, 10:31   
Seçilən
19
pravda.az

1Mənbələr