Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı keçirilməsi təklif edilən ümumxalq referendumuna qəti şəkildə qarşı çıxaraq Qərb dairələrində şok effekti yaradan bəyanatlar səsləndirib.
Musavat.com xəbər verir ki, hökumət rəhbəri balanslaşdırılmış və tarazlı xarici siyasət mövzusuna həsr olunmuş xüsusi video müraciətində Ermənistanın Rusiya ilə münasibətləri inkişaf etdirdiyini və bu əlaqələrə böyük əhəmiyyət verdiyini rəsmən elan edib.
Rəsmi İrəvanın Moskvaya sadiqliyini nümayiş etdirən Paşinyan, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında aktiv şəkildə işlədiyini və bundan sonra da bu çərçivədə fəaliyyətini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.
Ölkədə son günlər müzakirə olunan Avropaya inteqrasiya və referendum məsələsinə nöqtə qoyan baş nazir bildirib ki, Ermənistan rəsmi olaraq Aİ-yə üzvlüklə bağlı müraciət etməyənə və ya ittifaqa namizədlik statusuna tam yaxınlaşmayana qədər hər hansı bir referendumun keçirilməsi tamamilə məntəqsizdir, çünki hazırda bunun üçün reallıqda heç bir əsas yoxdur. Siyasi müşahidəçilər Paşinyanın bu qəfil və kəskin çıxışını, Kremlin son iqtisadi və siyasi təzyiqlərindən, eləcə də sərhəddə ticarət blokadası təhlükəsindən qorxan Ermənistan hakimiyyətinin Qərb layihələrindən imtina edərək yenidən Rusiyanın ağuşuna qayıtması kimi dəyərləndirirlər.
Musavat.com