AZ

Günün videosu – Baxır ki, görsün, robotdur, yoxsa yox....

Həm biabırçı, həm də əttökən videodur. Adam bir dəfə baxır, sonra əti çimçəşir, baxa bilmir.

Hacıqabul rayonunda alman və yapon velosipedçiləri saxlayan 66 yaşlı kişinin məramı, məqsədi nə imiş, hələ bilinmir. Adam turistlərlə şəkil çəkdirir, öz aləmində hansı dildəsə ünsiyyət qurur, bura qədər normaldır. Bəs axırda niyə elə edir?

Keçmiş əməkdaşlarımızdan biri, hazırda Odessada yaşayan Anar Natiqoğlunun bu xüsusdakı şərhi unikaldır: “Yəqin o, yapon velisopedçinin robot olub-olmadığını yoxlamaq istəyirmiş”.

Əslində oxşayır. Çünki böyük ehtimalla velosiped sürən yapon qız kişinin televizorda gördüyü robotlara bənzəyirmiş. İntəhası, üstünə od tökülmüş ağsaqqal gərək dəqiqləşdirmə işini xanımın əlində, barmaqlarında aparaydı. Robotun da həssas nöqtələrinə toxunmaq olmaz, qayıdıb ona barmaq uzadanın qulağının dibindən elə bir rezin-dəmir şapalaq ilişdirər ki, adamın qışqırığı Qubalı Baloğlan kəndindən ta Pirsaata qədər gedər.

Şapalaq demişkən, yanında sevgilisinə (ən azı yol yoldaşına) sataşılan alman velosipedçinin qeyrətsizliyi də başqa söhbətdir. Zalım oğlu kişinin qolunu burub maşınına oturtmaqdansa, eləcə “qou, qou” deyir, daha sonra da gedib polisə şikayət edir. Hələ bu, yetmirmiş kimi, videonu internet resurslarında paylaşır, xalqımızın adına söz çıxarır.

İndi elə çıxacaq ki, biz ölkəyə girən turistlərin hamısının robot olub-olmadığını yoxlayırıq və onları seksual təqibə məruz qoyuruq.

Elə deyil. O da bir iş idi, olub, bitib. Deyək ki, kişini şeytan yoldan çıxarıb. Müstəsna haldır. İnşallah, bir də olmaz.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr