AZ

Komitə sədri: demoqrafik göstəricilər azalsa da, vəziyyət hələ kritik həddə çatmayıb

BAKI, 1 iyun. TELEQRAF

“Azərbaycanda demoqrafik göstəricilərdə müəyyən azalmalar müşahidə olunsa da, vəziyyət hələ kritik həddə çatmayıb”.

Teleqraf xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, Azərbaycandakı vəziyyət daha inkişaf etmiş və daha geniş imkanlara malik ölkələrlə müqayisədə hələ kritik həddə çatmayıb:

“Lakin demoqrafik problemlərin həllində yalnız inzibati üsullarla uğur qazanmaq mümkün deyil. Cəmiyyət özü bu məsələlərə münasibətini və davranışını dəyişməlidir. Ailələr demoqrafik məsələləri yalnız iqtisadi imkanlarla əlaqələndirməməlidir. Bunun ciddi əsasları olsa da, tarix və beynəlxalq təcrübə göstərir ki, bu, həm də düşüncə tərzi və insanların gələcək həyatlarını necə qurmaq istəmələri ilə bağlıdır”.

Bahar Muradova bildirib ki, ailənin dayanıqlığının, möhkəmliyinin və davamlılığının təmin edilməsi üçün milli-mənəvi və ailə dəyərlərinin qorunması, həmçinin demoqrafik balansın saxlanılması mühüm əhəmiyyət kəsb edir.

Seçilən
28
teleqraf.com

1Mənbələr