AZ

Böyük Britaniya maliyyə şəffaflığı tələblərini sərtləşdirir

Böyük Britaniya hökuməti dənizaşırı ərazilər üçün maliyyə şəffaflığı ilə bağlı daha sərt qaydalar tətbiq etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki,  "Financial Times" qəzeti bu barədə Britaniya hökumətində korrupsiyaya qarşı mübarizəyə nəzarət edən millət vəkili Marqaret Hocun açıqlamasına istinadla məlumat yayıb.

Yeni tələblər Guernsey, Jersey, British Virgin Islands və digər oxşar yurisdiksiyalara şamil olunacaq. Bu ərazilərdən orada qeydiyyatdan keçmiş şirkətlərin faktiki sahibləri – benefisiarları barədə məlumatların açıqlanması tələb ediləcək.

Hazırda bir çox dənizaşırı ərazidə qüvvədə olan qanunvericilik həmin yerlərdən ofşor mərkəzlər və "vergi sığınacaqları" kimi istifadə edilməsinə imkan verir. London uzun illərdir yerli hakimiyyət orqanlarını bu qaydaları dəyişməyə təşviq etməyə çalışır.

Böyük Britaniya ilk növbədə bu məqsədə qarşılıqlı razılaşma yolu ilə nail olmaq istəyir. Lakin əvvəlki danışıqlar nəticəsiz qaldığından hökumət daha qəti addımlar atmağa hazırdır.

Mümkün tədbirlər arasında həmin ərazilərin Böyük Britaniya ilə əlaqələri sayəsində əldə etdikləri üstünlük və imtiyazların yenidən nəzərdən keçirilməsi, həmçinin onların qanunvericiliyində dəyişiklikləri məcburi edən xüsusi qanunun qəbul edilməsi də var.

Seçilən
26
ikisahil.az

1Mənbələr