Yay mövsümünün gəlişi ilə hava temperaturu getdikcə yüksəlir. İsti havalar isə xüsusilə ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün əlavə narahatlıqlar yaradır. Günün pik saatlarında yaranan sıxlıq, dayanacaqlarda uzun müddət gözləmə və kondisionersiz avtobuslar vətəndaşların narazılığını artırır. Bu səbəbdən sərnişinlərin əsas gözləntilərindən biri avtobuslarda kondisioner sistemlərinin vaxtında və fasiləsiz işləməsidir.
Bəs görəsən, bu yay paytaxtda ictimai nəqliyyatda kondisionerlər nə vaxt istifadəyə veriləcək?
"Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev Ölkə.az-a açıqlamasında bildirib ki, yay mövsümünün yaxınlaşması ilə əlaqədar tərəfimizdən avtobusların kondisionerlərinin tam saz vəziyyətə gətirilməsi ilə bağlı tədbirlər görülüb:
"Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən aprel ayından etibarən texniki hazırlıq işlərinə başlanılıb və avtobusların havasərinlədici sistemləri yeni yay mövsümünə tam hazırdır. Hava şəraitinə uyğun olaraq nəqliyyat vasitələrində kondisionerlərin qoşulması yaxın günlərdə tam təmin ediləcəkdir".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə deyib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib:
"Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb".
"Bakubus MMC"nin Mətbuat Katibi Əsmər Əliyeva qeyd edib ki, hava şəraitinin isti keçməsi və sərnişin rahatlığının təmin olunması məqsədilə “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda kondisioner sistemləri iyun ayının əvvəlindən etibarən mərhələli şəkildə aktivləşdiriləcək:
"Qeyd edək ki, reqlament qaydalarına əsasən kondisionerlərin aktivləşdirilməsi iyunun 15-nə təsadüf etsə də, son üç il ərzində formalaşmış praktika əsasında bu tarix hava şəraitinə uyğun olaraq daha erkən mərhələyə çəkilir. Bu il də sərnişin məmnuniyyəti əsas götürülərək kondisionerlərin aktivləşdirilməsinə vaxtından əvvəl başlanacaq".
Həmidə İbrahimova