“Bu gün münasibətlərdə ən çox rast gəldiyimiz mövzulardan biri adı olmayan münasibətlərdir”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insanlar aylarla danışır, görüşür, bir-birinin həyatında vacib yer tutur, amma münasibətin nə olduğu soruşulanda cavablar adətən eyni olur:
“Məsələn, “Görək necə olacaq”, “Hələ tezdir”, “Axarına buraxmışıq”, “Mən münasibət insanı deyiləm”, “İndiki dövrdə etiketlərə nə ehtiyac var?”, “Onsuz da hər şey yaxşı gedir, niyə ad qoyuruq ki?”, “Biz o mərhələləri keçmişik”, “Gələcəkdə nə olacağını heç kim bilmir” kimi fikirlər deyirlər.
Əslində bu cümlələrin çoxu bəzən insanın özünü qorumaq üçün qurduğu müdafiə mexanizmidir. Çünki münasibətin verdiyi diqqəti, yaxınlığı və rahatlığı istəyirik, amma məsuliyyət hissəsinə gələndə tərəddüd edirik. Bir tərəf artıq münasibətin adını bilmək, qarşı tərəfin həyatındakı yerini anlamaq istəyir, digər tərəf isə qapını tam bağlamadan, amma tam açmadan vəziyyəti olduğu kimi saxlamağa çalışır”.
Psixoloq qeyd edib ki, problem də məhz burada başlayır:
“Çünki qeyri-müəyyənlik bir müddət maraqlı görünə bilər, amma uzun müddət davam edəndə insanı yorur. İnsan öz-özünə suallar verməyə başlayır: “Biz birlikdəyik, ya yox?”, “Mənim bu insanın həyatındakı yerim nədir?”, “Nəyə ümid etməliyəm?”. Cavab tapa bilmədikcə isə narahatlıq artır. Bəzən insanlar ayrılıq yaşamırlar, amma münasibət də yaşamırlar. Arada qalmış bir vəziyyət yaranır. Nə tam yaxınlaşmaq olur, nə də uzaqlaşmaq”.
Onun sözlərinə görə, bu da emosional olaraq çox yorucu olur:
“Çünki insanın ən böyük ehtiyaclarından biri müəyyənlikdir. Məncə, münasibətə ad qoymaq köhnəlmiş bir anlayış deyil. Əksinə, bu, qarşı tərəfə hörmətin göstəricisidir. İnsan bilməlidir ki, qarşısındakı şəxs onunla bağlı nə düşünür, nə istəyir və hansı mövqedədir. Sevgi təkcə hiss deyil. Sevgi həm də aydınlıqdır, seçimdir və məsuliyyətdir. Bu gün bir çox insanın problemi sevgisizlikdən çox, qeyri-müəyyən münasibətlərin içində qalmaqdır.
Belə bir vəziyyətdə olan insanlara tövsiyəm odur ki, uzun müddət qeyri-müəyyənlik içində qalmağı normal qəbul etməsinlər. Qarşı tərəfin niyyətini öyrənməkdən çəkinməsinlər. Çünki aydınlıq istəmək təzyiq göstərmək deyil, öz dəyərinə və hisslərinə hörmət etməkdir”.
Ülviyyə Ağazadə sözlərini belə yekunlaşdırıb:
“Əgər bir insan aylarla sizinlə münasibətə uyğun davranır, amma münasibətin məsuliyyət hissəsindən qaçırsa, bu vəziyyətin sizə nə verdiyini və nə aldığını özünüzdən soruşun. Bəzən insanlar qarşı tərəfin dəyişəcəyinə ümid edərək illərlə gözləyirlər. Halbuki sağlam münasibətdə insan özünü daim şübhə içində, narahat və gözləmə mövqeyində hiss etməməlidir.
Qarşılıqlı hisslər qədər qarşılıqlı niyyət də vacibdir. Sevgi insanı qarışıqlıqda qoymamalıdır. Münasibət hər zaman bütün sualların cavabını verməsə də, ən azından insan öz yerini bilməlidir”.
Pərviz