Avropanın müxtəlif ölkələrində sərnişindaşıma xidmətləri göstərən "FlixBus" şirkəti Krakóv ilə Hel arasında hərəkət edən 666 nömrəli avtobus marşrutunu istifadəyə verib.
“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, bu marşrut əvvəllər də mövcud olub və rəqəmləri ilə diqqət çəkib. Belə ki, Hel şəhərinin adı ingilis dilindəki “Hell” (“cəhənnəm”) sözünə bənzəyir, 666 rəqəmi isə “Vəhşi heyvanın sayı” və ya “Şeytanın rəqəmi” kimi tanınır.

Marşrut əvvəllər PKS Gdynia şirkəti tərəfindən idarə olunurdu. Lakin 2023-cü ildə bəzi mühafizəkar dini qrupların etirazlarından sonra marşrutun nömrəsi 666-dan 669-a dəyişdirilmişdi.
Bu xətt zarafatla “Cəhənnəmə gedən yol” adlandırılırdı. İndi isə "FlixBus" özünün 666 nömrəli marşrutunu işə salıb. Şirkət bildirib ki, 666 nömrəsinin seçilməsi məqsədli marketinq addımıdır və bu, populyar turizm istiqamətinə diqqəti artırmağa xidmət edir.
Şirkətin açıqlamasına görə, qeyri-adi nömrə marşrutun tanınmasını artırmaq və turistlər arasında maraq yaratmaq üçün istifadə olunur. Beləliklə, məşhur “cəhənnəm avtobusu” bir neçə ildən sonra yenidən Polşa yollarına qayıdıb.