AZ

İran və ABŞ kompensasiya üçün maliyyə mexanizmini müzakirə edir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran və ABŞ arasında aparılan mesaj mübadiləsi çərçivəsində Tehrana müharibə zamanı dəymiş zərərin kompensasiyası üçün vəsait ayrılması mexanizmi müzakirə olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi məlumat verib.

Onun sözlərinə görə, tərəflər arasında hazırlanmaqda olan memorandumun əsas bəndlərindən biri müharibənin vurduğu ziyanın aradan qaldırılması və ölkənin bərpası üçün zəruri şəraitin yaradılmasıdır.

“Memorandumun müddəalarından biri müharibənin səbəb olduğu zərərin aradan qaldırılması üçün lazımi şəraitin təmin edilməsidir. Bu məsələ ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir. Danışıqlarda müzakirə olunan mövzulardan biri dəymiş ziyanın kompensasiyası və bərpa işlərinin aparılması üçün müəyyən məbləğdə vəsaitin ayrılmasıdır”, – deyə Bəqayi mətbuat konfransında bildirib.

Mayın 29-da İran parlamentinin (Məclisin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi bəyan etmişdi ki, ABŞ və İsraillə müharibə nəticəsində ölkəyə yüz milyardlarla dollar həcmində ziyan dəyib. Buna görə də kompensasiya məsələsi Tehran üçün prioritet hesab olunur.

Öz növbəsində, İranın Fars agentliyi xəbər verib ki, İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşmanın bir hissəsi kimi Tehrana xaricdə dondurulmuş aktivlərdən dərhal 12 milyard dollar ödənilməsi nəzərdə tutulur. Məlumata görə, İran yalnız bu ödəniş həyata keçirildikdən sonra ABŞ-la növbəti mərhələ danışıqlarına razılıq verə bilər.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
bizimyol.info

1Mənbələr