AZ

İqtisadi müqayisə: regionda kim nə qədər qazanır?

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada minimum aylıq əməkhaqqı 27 093 rubl təşkil edir ki, bu da təxminən 580 manat civarındadır. Ermənistanda minimum əməkhaqqı 75 000 dramdır və təxminən 330 manat səviyyəsində qiymətləndirilir. Türkiyədə minimum əməkhaqqı 33 030 türk lirəsi olub, təxminən 1 400–1 500 manata bərabərdir, Azərbaycanda isə bu göstərici 400 manatdır. İranda minimum əməkhaqqı rəsmi hesablamalara görə təxminən 250–300 manat aralığında olsa da, yüksək inflyasiya onun real dəyərinə ciddi təsir göstərir.Minimum əməkhaqqı daha çox real yaşayış xərclərinə uyğun hesablanmalıdır, yoxsa ölkənin iqtisadi imkanlarına görə?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı həm real yaşayış xərcləri, həm də ölkənin iqtisadi imkanları nəzərə alınmalıdır. Lakin sosial siyasətin əsas məqsədi işləyən vətəndaşın minimum ehtiyaclarını ödəyə bilməsini təmin etməkdir. Bu baxımdan minimum əməkhaqqı ilk növbədə insanların yaşayış xərclərinə uyğun formalaşdırılmalıdır. Əks halda, rəsmi minimum əməkhaqqı mövcud olsa da, onun real alıcılıq qabiliyyəti aşağı qalır.

“Azərbaycanda minimum əməkhaqqının 400 manat olması son illərdə artım tendensiyasını göstərsə də, bu gündəlik yaşayış xərclərini tam qarşılamaq üçün yetərli deyil. Xüsusilə ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər zəruri xərclərin artdığı şəraitdə minimum əməkhaqqının alıcılıq qabiliyyəti mühüm göstəriciyə çevrilir” - deyən iqtisadçı vurğulayıb ki, 2001-ci ildə Azərbaycan Avropa Sosial Xartiyasına qoşularkən 5 il ərzində minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması ilə bağlı öhdəlik götürdüyünü də nəzərə almaq lazımdır.

Bu meyar bir çox beynəlxalq təşkilatlar tərəfindən də sosial ədalətin vacib göstəricilərindən biri hesab edilir. Hazırda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti bu səviyyədən aşağıdır ki, bu da mövzunun aktuallığını qoruduğunu göstərir.

İqtisadçının fikrincə, ona görə də minimum əməkhaqqının artırılması məsələsinə yalnız büdcə imkanları baxımından deyil, vətəndaşların real yaşayış səviyyəsi, sosial rifahı və beynəlxalq öhdəliklər kontekstində də yanaşmaq vacibdir. Minimum əməkhaqqı işləyən insanın əsas ehtiyaclarını qarşılaya bilmirsə, onun yetərli olduğunu söyləmək çətindir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
bizimyol.info

1Mənbələr