ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bu gündən başlayaraq ölkə daxilində kartla ödənişlərdə interçeync (banklararası xidmət haqqı) ilə bağlı yeni limitlər qüvvəyə minib.
Aptek və supermarketlərdə bu haqq maksimum 1.25%, yanacaqdoldurma məntəqələrində 0.75%, başqa ümumi kateqoriyalarda isə 1.5% müəyyən edilib. Başqa bəzi sahələr üzrə isə konkret yuxarı hədd tətbiq olunmayacaq. Qərar banklar arasında hesablaşmaların tənzimlənməsi və kart ödənişlərinin daha balanslı işləməsi məqsədi daşıyır.
Bu limitlərin tətbiqi kartla ödənişləri daha da artıracaq, yoxsa bankların gəlirlərinə təsir edəcək? Vətəndaşa nə təsiri olacaq?
Biznes konsultant, iqtisadçı, beynəlxalq idarəetmə sistemləri üzrə ekspert Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, banklararası xidmət haqqı (interçeync) üzrə yeni limitlərin tətbiqi ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində atılmış növbəti mühüm addım kimi qiymətləndirilə bilər.
İnterçeync kartla ödəniş zamanı bir bankın digər banka ödədiyi xidmət haqqıdır. Məsələn, vətəndaş bir bankın kartı ilə başqa bankın POS-terminalında alış-veriş etdikdə, əməliyyatın emalı və infrastruktur xidmətləri üçün banklar arasında müəyyən komissiya ödənişi həyata keçirilir. Bu ödəniş birbaşa vətəndaşdan deyil, banklar və ticarət obyektləri arasında formalaşan hesablaşma mexanizminin tərkib hissəsidir.
İqtisadçı vurulayıb ki, yeni qaydaların əsas məqsədi banklar arasında hesablaşma mexanizmlərini daha balanslı etmək, sahibkarların kart qəbul etmə xərclərini azaltmaq və nağdsız ödənişlərin daha geniş yayılmasına şərait yaratmaqdır.
“Qərara əsasən, aptek və supermarketlərdə interçeync haqqının maksimum 1,25%, yanacaqdoldurma məntəqələrində 0,75%, digər ümumi kateqoriyalarda isə 1,5% səviyyəsində müəyyənləşdirilməsi xüsusilə yüksək dövriyyəyə malik sektorlar üçün müsbət təsir formalaşdıracaq. Bu, ticarət və xidmət müəssisələrinin POS-terminal vasitəsilə ödəniş qəbul etmə xərclərini azaldaraq kartla ödənişlərin stimullaşdırılmasına xidmət edəcək” - deyən iqtisadçı bildirib ki, bank sektoru baxımından müəyyən komissiya gəlirlərində azalma ehtimalı mövcud olsa da, kart əməliyyatlarının sayının və ümumi dövriyyəsinin artması nəticəsində bu təsirin əhəmiyyətli hissəsinin kompensasiya olunacağı gözlənilir. Beynəlxalq təcrübə göstərir ki, aşağı xidmət haqları adətən daha çox nağdsız əməliyyat həcmi yaradır və nəticədə maliyyə ekosisteminin ümumi böyüməsinə şərait formalaşdırır.
Ekspertin fikrincə, vətəndaşlar üçün isə qərarın əsas üstünlüyü kartla ödəniş imkanlarının genişlənməsi, bəzi hallarda müşahidə olunan qeyri-rəsmi əlavə ödənişlərin azalması və rəqəmsal maliyyə xidmətlərinin daha əlçatan olması ilə bağlıdır. Bununla yanaşı, bazarda rəqabətin güclənməsi bankları yeni məhsul və xidmətlər təqdim etməyə sövq edə bilər.
“Yeni interçeync limitləri qısamüddətli dövrdə bankların gəlir strukturunda müəyyən dəyişikliklər yaratsa da, uzunmüddətli perspektivdə nağdsız ödənişlərin artmasına, maliyyə sisteminin şəffaflaşmasına və kölgə iqtisadiyyatının azalmasına müsbət təsir göstərəcək” - deyə Asif İbrahimov bildirib.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.