Son həftələr ərzində ölkənin bir çox bölgəsində müşahidə olunan qeyri-sabit və əlverişsiz hava şəraiti kənd təsərrüfatı sahəsində ciddi problemlər yaradıb.
Aramsız yağan güclü yağışlar və bəzi ərazilərdə düşən dolu əkin sahələrinə ziyan vurub, nəticədə müxtəlif kənd təsərrüfatı məhsullarının böyük hissəsinin yararsız hala düşdüyü bildirilir. Sosial şəbəkələrdə və yerli mənbələrdə yayılan görüntülər də bir çox təsərrüfatlarda məhsul itkisini açıq şəkildə nümayiş etdirir. Qeyd edək ki, belə hava şəraiti təkcə cari mövsümün məhsuldarlığına deyil, həm də gələcək dövrlərdə bazar balansına təsir göstərə bilər.
Liberal İqtisadçılar Mərkəzinin sədri, aqrar məsələlər üzrə ekspert Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, həftələrlə davam edən yağışlı hava, sel və dolu hadisələri kənd təsərrüfatına ciddi təsir göstərə bilər:

“Xüsusilə meyvə bağları, tərəvəz sahələri və taxıl əkinləri belə hava şəraitinə daha həssas olur. Güclü yağış torpaqda artıq nəmlik yaradaraq bitkilərin inkişafını zəiflədə, dolu isə məhsulu birbaşa məhv edə bilir. Məhsul itkisi artdıqca bazara çıxarılan məhsulun həcmi azalır. Təklifin azalması isə bəzi meyvə-tərəvəz növlərində qiymət artımına səbəb ola bilər. Xüsusilə zərər daha geniş əraziləri əhatə edibsə, bu təsir yay aylarında daha aydın hiss oluna bilər”.
Ekspert onu da əlavə edib ki, bazardakı qiymətlərə yalnız hava şəraiti deyil, məhsul ehtiyatları, idxal imkanları, logistika və tələbat səviyyəsi də təsir göstərir:
“Ona görə də ayrı-ayrı bölgələrdə baş verən itkilər dərhal bütün məhsullar üzrə kəskin bahalaşma yaratmaya bilər. Lakin zərərin miqyası böyük olarsa, bəzi məhsulların qiymətində artım qaçılmaz görünür. Belə hallarda kənd təsərrüfatı sığortasının əhatəsinin genişləndirilməsi, fermerlərə dəstək mexanizmlərinin gücləndirilməsi və zərərin operativ qiymətləndirilməsi həm istehsalçıların itkilərinin azaldılması, həm də bazarda qiymət sabitliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Günel Cəlilova