AZ

Məşhur reper İstanbul konsertində REKORDU QIRDI

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, konsertə 118 min tamaşaçı qatılıb. Bununla da tədbir pullu stadion konsertləri arasında tamaşaçı sayına görə yeni dünya rekordu müəyyənləşdirib. Əvvəlki rekord 112 min tamaşaçı ilə amerikalı kantri müğənnisi Zak Brayana məxsus idi. Kanye West səhnədən etdiyi çıxışda rekordun qırıldığını elan edərək bunun bütün zamanların ən çox tamaşaçı toplayan stadion şousu olduğunu bildirib. İstanbul konserti reperin 11 ildən sonra baş tutan ilk Avropa turunun başlanğıcı olub. Son illərdə səsləndirdiyi qalmaqallı açıqlamalar və fəaliyyəti səbəbindən bir sıra Avropa ölkələri onun konsertlərinə məhdudiyyətlər tətbiq edib və ya tədbirlərin keçirilməsindən imtina edib. Bu səbəbdən İstanbul dünyanın müxtəlif ölkələrindən gələn minlərlə pərəstişkar üçün əsas məkanlardan birinə çevrilib. Konsertə Böyük Britaniya, Almaniya, Fransa, Polşa, ABŞ, Hollandiya, Rusiya və Yaxın Şərq ölkələrindən çoxsaylı qonaqlar qatılıb. Mətbuatın yaydığı məlumata görə, tədbir təkcə bilet satışlarından təxminən 30 milyon dollar gəlir əldə edib. Mütəxəssislər isə xarici turistlərin otel, nəqliyyat, restoran və digər xidmətlərə xərcləri hesabına İstanbul iqtisadiyyatına 50-100 milyon dollar arasında əlavə vəsait qazandıracağını proqnozlaşdırırlar.

Qeyd olunur ki, konsert üçün qurulan səhnə, işıqlandırma və texniki avadanlıqların dəyəri 3,3 milyon dolları ötüb. Hazırlıq işlərinə yüzlərlə əməkdaş cəlb olunub, avadanlıqların daşınması üçün isə onlarla yük maşınından istifadə edilib.

Seçilən
27
Ajans.az

1Mənbələr