AZ

"Boşanmalar çətinləşdirilməlidir" -Deputatdan maraqlı TƏKLİF

Milli Məclisin son iclasında deputat Ceyhun Məmmədov erkən nikahlardan, boşanmaların artmasından və gənclətin evlənmək istəməməsindən bəhs edib. Millət vəkili bildirib ki, yeni dövlət proqramının yaradılması məsələsinə baxılmalıdır.

Bəs dövlət proqramı hansı istiqamətləri əhatə edərək yaradıla bilər?

Redaktor.az-a təklifi ilə bağlı ətraflı məlumat verən millət vəkili Ceyhun Məmmədov qeyd etdi ki, bu gün aktual, ciddi məsələlər bizi narahat edir və etməlidir.

Onun sözlərinə görə, erkən nikahlar, boşanmalar və gənclərin evlənməməsi problemi var:

"Düşünürəm ki, bu istiqamətdə bir sıra addımların atılmasına ehtiyac var. Yəni proqram özündə bir sıra məsələləri ehtiva etməlidir. Erkən nikahlara nəzarət gücləndirilməli, bu addımı atanlar ən sərt formada cəzalandırılmalıdır. Boşanmalar çətinləşdirilməli və gənclərin ailə qurmağa təşviq edilməsi üçün müəyyən dəstək proqramları nəzərdə tutulmalıdır. Yəni burada söhbət proqramda bir neçə istiqamətdə işin öz əksini tapmasından gedir: müəyyən məhdudiyyətlərin tətbiqi məsələsi, eyni zamanda qadağalar məsələsi və təşviq məsələləri ki, bunlar xüsusi əhəmiyyət daşıyır. Bu təşviq istiqamətində də mütləq şəkildə addımlar atılmalı, tədbirlər görülməlidir".

Həmsöhbətimizin fikrincə, proqram özündə ailənin önəmini xüsusi vurğulamalıdır:

"Erkən nikahların zərərləri, bunun yarada biləcəyi problemlər barədə müddəalar əksini tapmalıdır. Gənclərin evlənmək istəməməsinin səbəbləri və bu istiqamətdə müəyyən araşdırmaların aparılması lazımdır. Yəni, bir sözlə, proqram həm mövcud problemin təsviri mahiyyətini daşımalı, eyni zamanda ailə dəyərlərinin qorunması və bunun önəmini xüsusi vurğulamalıdır. Ailə-məişət dəyərlərinin qorunması istiqamətində atılacaq addımlarla bağlı məsələlər ciddi formada bu sənəddə əksini tapmalıdır. Biz ciddi formada bu prosesi gücləndirməliyik və bu təsirlərdən insanlarımızı qorumaq üçün proqramda mühüm məsələlər əksini tapmalıdır. Burada motivasiya və təşviq olmalıdır, eyni zamanda insanların bu məsələlərin əhəmiyyətinə diqqətlərinin yönəldilməsi üçün addımlar atılmalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
47
1
redaktor.az

2Mənbələr