AZ

"Qarşıda gərgin toqquşmaların yaşanması qaçılmazdır" - Üzeyir Cəfərov

ABŞ ordusunun İranın cənub bölgəsində yerləşən hərbi təyinatlı obyektlərə zərbələr endirdiyi bildirilir. Məlumatlara əsasən, hücumlar radar sistemləri və pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə mərkəzlərini hədəf alıb. ABŞ Mərkəzi Komandanlığının açıqlamasında əməliyyatların İran tərəfinin ABŞ-a məxsus pilotsuz uçuş aparatına qarşı atdığı addımlara cavab olaraq həyata keçirildiyi qeyd olunur.

Maraqlıdır, ABŞ-ın İranın hərbi obyektlərinə endirdiyi zərbələr və Tehranın buna Küveytdəki ABŞ hərbi bazasını hədəf almaqla cavab verməsi Yaxın Şərqdə genişmiqyaslı hərbi qarşıdurma riskini nə dərəcədə artırır və bu proses regionun təhlükəsizlik arxitekturasına hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib. 

Ekspert bildirib ki, ABŞ-İran arasında sanki bir gizlənpaç oyunu oynanılır. Çünki bundan sonra aktiv döyüş əməliyyatlarının baş verəcəyini düşünmürəm:

"Bunun əsas səbəblərindən biri ABŞ-da aralıq seçkilərinin yaxınlaşmasıdır. Növbəti aylarda aralıq seçkilər başlayacaq və hazırda respublikaçıların reytinqi kifayət qədər yüksəkdir. ABŞ prezidentinin reytinqi də elə bir vəziyyətdədir ki, onun yenidən İranla Yaxın Şərqdə genişmiqyaslı hərbi qarşıdurmaya getmək riskini üzərinə götürəcəyini düşünmürəm. Lakin lokal xarakterli toqquşmaların davam edəcəyi gözləniləndir. Necə ki, bu gün səhər saatlarında ABŞ İranın müəyyən hədəflərinə, İran isə ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirib və nəticədə ABŞ hərbçiləri arasında yaralananlar olub. Bu cür lokal toqquşmaların hələ bir müddət davam edəcəyini düşünürəm.

Baxmayaraq ki, tərəflər arasında yenidən 60 günlük atəşkəslə bağlı razılıq əldə olunub, bu razılaşma müvəqqəti xarakter daşıyır. Çünki nə ABŞ-ın Hörmüz boğazı ilə bağlı istəkləri, nə İrandan zənginləşdirilmiş uranın əldə olunması ilə bağlı tələbləri, nə də İranın irəli sürdüyü şərtlər öz həllini tapıb. İranın əsas tələblərindən biri dondurulmuş vəsaitlərinin geri qaytarılmasıdır. Düzdür, ABŞ həmin vəsaitlərin 12 milyard dollarının İrana qaytarılacağı ilə bağlı vəd verib, lakin bu da problemin tam həlli demək deyil. Bununla belə, Yaxın Şərqdə genişmiqyaslı hərbi qarşıdurmanın baş verəcəyini gözləmirəm. Gərginlik qalacaq və İran regionda öz təzyiqlərini artırmağa çalışacaq. Çünki Yaxın Şərqdə ABŞ qoşunları yerləşir və İranın əsas tələblərindən biri də Amerikanın bölgədəki hərbi bazalarını çıxarmasıdır.

Üzeyir Cəfərov vurğulayıb ki, son hadisələr zamanı həmin bazalardan aktiv şəkildə istifadə olunurdu və İran da buna cavab olaraq Yaxın Şərqdə yerləşən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Bəhreyn və digər ölkələrin ərazilərini vurmaqla bunun əvəzini çıxmağa çalışırdı:

"Təbii ki, həmin ölkələr də iqtisadi baxımdan ciddi itkilərlə üzləşirdilər. Artıq onlar da başa düşürlər ki, ABŞ-ın gücü və imkanları onları bütün təhlükələrdən tam şəkildə qorumaq üçün yetərli deyil. Ona görə də hesab edirəm ki, bu proses hələ bir neçə ay davam edəcək. Yəni 2026-cı ildə də tərəflər arasında kifayət qədər mübahisəli məsələlər olacaq. Həmin mübahisələrin nəticəsində hər iki tərəfi qane edəcək bir razılaşmanın əldə olunacağını düşünmürəm. Bir sözlə, gərginlik davam edəcək. ABŞ-ın eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərmək cəhdləri, o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda prosesləri idarə etmək istəyi, İran məsələsi və digər beynəlxalq problemlərin açıq qalması həm regionda, həm də dünyada gərginliyin bir müddət daha davam edəcəyi qənaətini yaradır.

Lakin düşünmürəm ki, son hadisələr qlobal təhlükəsizlik arxitekturasına ciddi təsir göstərəcək. Bununla yanaşı, dünyada çox mühüm hadisələr baş verir və hesab edirəm ki, qarşıdakı iki il ərzində beynəlxalq münasibətlər sisteminin yeni formada şəkillənməsinin şahidi olacağıq. Bəzi ölkələr müəyyən ərazi itkiləri ilə üzləşəcək, bəziləri isə yeni ərazilər və ya yeni geosiyasi üstünlüklər əldə edəcəklər. Bir sözlə, beynəlxalq hüququn zəiflədiyi bir dövrdə qarşıda yeni gərginliklərin, toqquşmaların və mürəkkəb geosiyasi proseslərin yaşanması qaçılmaz görünür".

Pərvin Şakirqızı

Seçilən
39
1
moderator.az

2Mənbələr