525.az saytına istinadən ain.az xəbər verir.
Eldəniz Həsənov,
Tədqiqatçı, Zərdabişünas alim
XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Azərbaycan xalqının mədəni intibahı və yüksəlişi tarixində mühüm hadisələr Həsən bəy Zərdabinin yaradıcılığı ilə bağlı olmuşdur.
Azərbaycanda incəsənətin qədim tarixi var və zəngin mədəni irsdir. Xalq sənəti nümunələrini də özündə birləşdirən incəsənətin müxtəlif növlərinin Azərbaycanda geniş inkişaf etməsi və bu sahədə əldə olunan naliyyətlər bu gün xarici ölkələrdə belə əks-səda doğurur.
Deyim ki, Azərbaycanımızda, bayatılarımız, nağıllarımız, el deyimləri və atalar sözləri, aşıq – ozan poeziyası, xalq musiqisi çənəgləri yaradıcılığı onların estetik – gözəllik xəzinəsidir. Bütün bunlar qədim Azərbaycan diyarının el həyatını, əməyini, istəklərini özündə əks etdirməsi ədəbiyyat, sənət əsərləri yaradan Azərbaycanın tarixi keçmişindən qaynaqlanan, ilhamlanan yaradıcı irsin qabiliyyətindən, mədəniyyətindən, adət-ənənələrindən irəli gələn milli sərvətdir.
Ölkəmizdə mədəniyyətin, incəsənətin, musiqinin, teatrın təşəkkül tapması məhz çoxsahəli və çoxşaxəli elmi bilik sahibi, dahi mütəfəkkir Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi”sindən, onun arzu və istəklərindən, ulularından qaynaqlanan irsi ideyaları, amalları ilə həyata keçirilməyə başlamış və bu sahə bu gün də yüksək səviyyədə davam etdirilməkdədir.
Həsən bəy Zərdabi Azərbaycan xalqının incəsənətini, xüsusilə teatr və ədəbiyyatı milli mədəniyyətin dirçəlişinin və maariflənmənin ayrılmaz hissəsi hesab etmişdir.
Mədəniyyətin tərkib hissəsini təşkil edən, mədəni fəaliyyətə aid olan incəsənət sahəsində yaradıcılıq insanların bu sahədə göstərdikləri yüksək bacarıq və məharətdən irəli gəlir. Xüsusilə ölkəmiz öz suverenliyini, müstəqilliyini əldə etdikdən sonra milli-mədəni irs nümunələrimiz dünyada tanınır və tərənnüm olunur.
Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, bəstəkar, dirijor, publisist, dramaturq, pedaqoq, ictimai xadim olan Üzeyir Hacıbəyovun (1885-1948) Həsən bəy Zərdabi ilə tanışlığı mənbələrdən bizə məlumdur. Gənc Üzeyir bəyin Həsən bəyin əsərlərini oxumasının, maarifçi ideyalarından bəhrələnməsinin onun gələcək fəaliyyətinə zəmin yaranmasında böyük təsiri olmuşdur.

Həsən bəyin “Əkinçi” qəzeti vasitəsilə apardığı milli-mədəni işlər, milli oyanış, sonrakı illərdə gənc ziyalılarımızla yanaşı, Üzeyir bəyin də həyatında ideal məktəb rolunu oynamışdır. Vaxtı ilə “Əkinçi”də dərc olunan məqalələri oxuyan Üzeyir bəyin özü də sonralar publisistika ilə ciddi məşğul olmuşdur.
Qeyd edək ki, 1899-1904-cü illərdə Qori seminariyasında oxuyan Üzeyir bəy Həsən bəy Zərdabinin həyat və yaradıcılığını dərindən bilməmiş deyildi. Hələ Həsən bəy Zərdabi “Əkinçi” qəzetini çap etdiyi zaman maarifçi, milli ziyalılarımızı xalqın ruhunu oxşayan nəğmələr yazmağa səsləmişdir. Populyar musiqi olan el nəğmələrinin, aşıq havalarının bəstələnməsini, poetik mətnlər yaradılmasını zəruri hesab etmişdir. Zərdabinin bu çağırışına şairlər, bədii təcrübəsi olan müəllimlər üçün ilk milli nəğmə mətnləri yazmağa başlamışlar.
Həsən bəy özü də nəğmə mətni yazmış “Türk nəğmələri” adı ilə tanınan bu mətnləri geniş yaymaq üçün 1901-ci ildə kitabça kimi nəşr edib, pulsuz olaraq məktəblərə paylamışdır. Sözsüz ki, bu məsələ o zaman gimnaziyada oxuyan Üzeyir bəyin diqqətindən kənarda qala bilməzdi. Bunlar Əməkdar jurnalist, Zərdabişünas Tahir Aydınoğlu tərəfindən 2013-cü il, 21 iyul tarixdə “Xalq qəzeti”ndə (səh. 4) çap olunan “Həsən bəy Zərdabinin “Türk nəğmələri” necə yaranmışdır?” başlıqlı məqaləsində geniş şəkildə şərh olunmuşdur.
Hələ 1901-ci ildə Üzeyir Hacıbəyovun Həsən bəy Zərdabi ilə gündəlik əlaqə saxlaması, məsləhət üçün onun yanına gəlməsi ilə bağlı Cəlal Məmmədovun “Həsən bəy Zərdabi” adlı kitabının (Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, Bakı, 1949.) 95-ci səhifəsində deyilənlərə diqqət yetirək. C.Məmmədov yazır: “...1901-ci ildə Bakıda qızlar üçün birinci rus-müsəlman Aleksandrovsk məktəbi açılmışdı. Məktəbin direktoru Hənifə xanım idi. Həsən bəy məktəb şurasının üzvü olmuşdu.
Onlar yoxsul qızları böyük çətinliklə məktəbə düzəldir, bəzən öz hesablarına oxudurdular.
Həsən bəy Bakı müəllimlərinin müəllimi idi. Üzeyir Hacıbəyov, Süleyman Sani Axundov, Mahmudbəyov kimi qabaqcıl müəllimlər hər gün onun yanına məsləhətə gəlir, ondan qiymətli göstərişlər alırdılar. Həsən bəy dərsin elmi məzmunu ilə tədris üsulu arasında üzvi vəhdət yaratmağın, şagirdlərdə vətənpərvərlik hissi tərbiyə etməyin yollarını öyrədirdi. O, tədris işində əyani vasitələrin böyük əhəmiyyətini həmişə xüsusi göstərirdi.
Həsən bəy tələb edirdi ki, müəllimlər maraqlı və səmərəli əyani vasitə düzəltmək üçün özləri təşəbbüs göstərsinlər, tədris işinə yaradıcılıq işi kimi baxsınlar”.
Eyni zamanda qeyd edək ki, 20-22 yaşında “Leyli və Məcnun” operası yazan Üzeyir Hacıbəyov Həsən bəy Zərdabinin Azərbaycan Milli Teatrının banisi, yaradıcısı olmasını yaxşı bilirdi və təbii ki, yaradıcılığında onun tövsiyələrinə əsaslanmış, ideya müəllifini unutmamışdır.
Hesab edirəm ki, tədqiqatçı alimlərimizin, ziyalılarımızın yazılarında Zərdabi və Üzeyir yaradıcılığında olan əlaqələrə və qaynaqlara fikir verilməsinə zərurət vardır.
Ü.Hacıbəyovun “Kaspi” qəzetində maraqlı yazıları çap edilirdi ki, bunların içərisində 1904-cü ilin sentyabrın 2-də (№ 198) “Məqalələr” başlığında verilən ilk yazısı Cəbrayıl qəzasında ipəkçiliyə həsr edilib. Hansı ki, bu zaman onun müxtəlif məzmunlu məqalələrinin çap olunması məhz H.Zərdabinin redaktəsi ilə çapa getmişdir.
Çar hökuməti tərəfindən 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti bağlandıqdan sonra Həsən bəy Zərdabi məktəbinin davamçıları, milli ziyalılarımız mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüsündə olmuşlar. Qeyd edək ki, 1891-ci ildə “Kəşkül” qəzeti bağlandıqdan sonra Azərbaycan tarixinin mühüm hadisəsi olaraq “Azərbaycan” qəzeti rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərmişdir.

Heç də təsadüfi deyildir ki, dahi Həsən bəy Zərdabinin ideyalarını, amallarını həyata keçirən Üzeyir Hacıbəyov 1919-1920-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olmuş, o, həmçinin mədəniyyətimizin, incəsənətimizin inkişafında müstəsna xidmətlər göstərmişdir.
Qeyd edək ki, hələ Həsən bəy Zərdabinin təşəbbüsü və rəhbərliyi altında Nəcəf bəy Vəzirovla birlikdə 23 mart 1873-cü ildə Bakı real gimnaziyasında M.F.Axundovun “Sərgüzəşti vəziri-xan Lənkəran” komediyasının tamaşası göstərilmiş və həmin tarixdən etibarən Azərbaycan Milli teatrının əsası qoyulmuşdur. O nəinki Azərbaycanda, hətta müsəlman Şərqində ilk teatrın yaradıcısı hesab edilir.
Həsən bəy Zərdabi teatrı xalqın güzgüsü adlandıraraq cəhalətlə mübarizə vasitəsi kimi qiymətləndirmişdir.
Bir məsələni oxucuların diqqətinə çatdırım ki, Həsən bəy Zərdabi 1865-ci ildə Moskva Universitetini bitirərək ilk əmək fəaliyyətinə Tiflisdə Torpaq palatasında başlayan zaman o, dostu, M.F.Axundovla (1812-1878) mütəmadi təmasda olmuşdur. Zərdabi yazırdı ki, M.F.Axundov yazdığı komediya kitabının bir cildini o vaxt mənə vermişdi. Bir gün Bakıda gimnaziyada oxuyan müsəlman balalarını bir yerə yığıb, Axundovun komediyalarını onlara oxudum və təvəqqe elədim ki, bu əsərlərdən birini seçib oynasınlar.
Onlar “Hacı Qara”nı seçdilər. Biz rolları bölüşdürdük və tamaşaları hazırlamağa başladıq.
Gimnaziyanın otaqlarından birində teatr çıxardıq! Əvvəlinci teatrımıza gələn müsəlman çox az idi. Bu ilk tamaşanı müvəffəqiyyətlə verdik.
Qeyd edək ki, gimnaziyanın tələbələri və Nəcəf bəy Vəzirovun köməkliyi ilə 17 aprel 1873-cü ildə Həsən bəy Zərdabi tərəfindən M.F.Axundovun “Hacı Qara” pyesi ilk dəfə Azərbaycan dilində tamaşaya qoyulmuşdu.
Zərdabi sevimli şagirdlərindən olan Nəcəf bəylə Azərbaycan teatr sənətinin təməl daşını qoymuşdur.
Həsən bəy Zərdabi səhnə sənətini xalqı maarifləndirmək, milli şüuru oyatmaq və mövhumata qarşı mübarizə aparmaq üçün ən təsirli vasitə hesab etmişdir.
Həsən bəyin ilk növbədə Nəcəf bəyi rus dramaturgiyasının gözəl əsərləri ilə tanış etməsi təsadüfi deyildi. O, Nəcəf bəyi Azərbaycanın Qoqolu, Ostrovskisi simasında görmək istəyirdi. Nəcəf bəy 6-cı sinifdə oxuyanda Həsən bəy onu rus teatrının tamaşasına göndərir. Həsən bəy tamaşanın ona necə təsir bağışlamasını soruşanda sevincinin həddi-hüdudu olmayan Nəcəf deyir: Müəllim, bizim dilimizdə də teatr əsərləri varmı?
Həsən bəy cavab verir ki, vardır, lakin çox azdır. Əlbəttə, öz dilimizdə komediyalar yazmaq lazımdır. Bunun üçün hələlik rus komediyalarını öz dilimizə tərcümə edib tamaşaya qoymaq lazımdır. Sən rus komediyalarından tam təəssüratlanaraq komediya yazmalısan!
Müəlliminin şagirdinə böyük təsiri nəticəsiz qalmadı. Nəcəf bəy Vəzirov (1854-1926) Azərbaycanın məşhur dramaturqu oldu. Eyni zamanda Həsən bəy Zərdabinin şagirdi olmuş Əsgər Ağa Gorani (1857-1910) kimi azərbaycanlı aktyor, jurnalist, yazıçı yetişdi.

Teatr sənətinin getdikcə inkişafı nəticəsində teatr xadimləri yetişməyə başladı. Milli teatrın əsası qoyulduqdan on il sonra, yəni 1883-cü ildə xalqımızın maariflənməsində mühüm rol oynayan Hacı Zeynalabdin Tağıyev (1838-1924) Bakıda ilk milli teatr binası tikdirdi.
Məlumdur ki, Həsən bəy Zərdabi 18 noyabr 1869-cu il tarixindən 1878-ci ilədək Bakı real gimnaziyasında təbiət tarixi fənnindən şagirdlərə dərs demişdir.
O da bizə məlumdur ki, Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi surətdə izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız”
hesab edir. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır, 1878-ci ildə isə Zərdabi Yekaterinador (Krasnodar) Şəhər Gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasında müəllimlikdən azad edilir və onun Bakıda qalması lazım bilinmir.
Vəfalı həyat yoldaşı Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-cı ildə ailəsi ilə birgə öz doğma kəndi Zərdaba köçür, 1896-cı ilə kimi Zərdabda yaşayır.
Zərdabi doğma kəndi Zərdabda yaşadığı 16 il ərzində və sonrakı illərdə Bakı şəhərində (yəni 1896-1907-ci illərdə) ömrünün sonunadək fəaliyyətində mətbuatdan, elmdən, incəsənətdən bir anda kənarda qalmamış, xalqının işıqlı gələcəyi yolunda tarixi xidmətlərini davam etdirmişdir.
Apardığım araşdırmalarda, tədqiqatlarımda Şirvan və Qarabağ qolunda, digər regionlarda, müəyyən zaman kəsiyində bəzi obyektiv və subyektiv səbəblərdən vətəndən kənarda yaşayan, repressiyanın qurbanlarına çevrilmiş Həsən bəy Zərdabinin şəcərəsinə aid insanların, onun özünün və ailə üzvlərinin, doğmalarının hər birinin Azərbaycan naminə görmüş olduqları tarixi xidmətləri işıqlandırmış və ölkə ictimaiyyətinin, ziyalılarının diqqətinə çatdırmışam.
Deyim ki, məhz Həsən bəy Zərdabinin özünün çoxsahəli və çoxşaxəli yaradıcılığında Azərbaycan musiqisinin, teatr sənətinin yaradılmasına, inkişaf etdirilməsinə dərin maraq oyatması onda irsi bir varlıqdan irəli gəlmişdir.
Müasir dövrümüzdə də bu nəslin nümayəndələri arasında irsən keçən yaradıcılıq onlarda professionallıqla davam etdirilir.
Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin Tubu və Ayna xanım adlı qızları olmuşdur.
Tubu xanım Qarabağdan olan Səməd bəy Adıgözəlovla ailə qurmuşdur. Onların Zülfü, Rza, Mirzə adlı oğulları və Xurşud adlı qızları dünyaya gəlmişdir.
Ayna xanım isə Qarabağdan olan Abdurrahman bəylə ailə qurmuş, onların nikahından Abış adlı oğulları olmuşdur.
Gəlin görək, Həsən bəy Zərdabinin bibisi Tubu xanımın Səməd bəylə nikahından 1898-ci ildə Şuşa qəzasının Qaradolaq kəndində (indiki Ağcabədi rayonunun Qaradolaq kəndi) anadan olmuş Zülfü bəy Adıgözəlov kimdir?

Zülfü Adıgözəlov tanınmış, məşhur xanəndə Azərbaycanın Əməkdar artisti (1943) olmuşdur. Respublikamızın görkəmli xanəndəsi, böyük muğam ustadı şifahi ənənəli professional musiqimizin tarixinə XX əsrin görkəmli muğam bilicisi, təsnif və xalq mahnılarının mahir təfsirçisi və təbliğatçısı, hami-müəllim kimi daxil olmuşdur.
1927-ci ildə Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun (1898-1963) çıxışını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət etmişdir.
Zülfü bəy Adıgözəlov Rəfiqə xanımla ailə həyatı qurmuşdur. Onların Vasif, Rauf adlı oğlanları və Cəmilə adlı qızları dünyaya gəlmişdir.
Zülfü bəy Adıgözəlovun Rəfiqə xanımla nikahından olan Vasif Adıgözəlov (1935-2006) kimdir?
1935-ci il iyul ayının 28-də Bakıda anadan olmuş Vasif bəy Adıgözəlov məşhur bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti idi.
Vasif bəy Adıgözəlov Xalidə xanımla ailə qurmuşdur. Onların nikahından Yalçın, Toğrul adlı oğlanları dünyaya gəlmişdir.
Bu ailənin Yalçın adlı oğlu kimdir? 1959-cu il noyabr ayının 4-də Bakı şəhərində anadan olmuş Yalçın Adıgözəlov Azərbaycanın Xalq artistidir. O, hazırda Azərbaycan Bakı Musiqi Akademiyası dirijorluq kafedrasının professoru olmaqla, eyni zamanda Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir.
Zülfü bəy Adıgözəlovun Rəfiqə xanımla nikahından olan ikinci oğlu Rauf Adıgözəlov kimdir? 1940-cı ildə Bakı şəhərində anadan olmuş Raufu da musiqi aləmi özünə çəkmiş, o da əbədi olaraq musiqiyə bağlanır.
Məlahətli, ürək titrədən səsə malik olan Rauf Adıgözəlov bir tərəfdən orkestrdə çalışmış, kamera ansamblında işləmiş, o biri tərəfdən də bəstəkar mahnılarına, romanslara öz nəfəsi ilə yeni həyat vermişdir. 1991-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülmüş Rauf Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasında dosentlikdən professorluğa qədər yüksəlmişdir.
Yaddaşlarda yaşayan bir faktı diqqətə çatdırım ki, Həsən bəy Zərdabinin bibisi oğlu Zülfü bəy Qarabağda yaşadığı dövrdə, sonrakı illərdə isə Bakıdakı fəaliyyəti dövründə Cabbar Qaryağdı oğlu, Xan Şuşinski, Əbülfət Əliyev və digər korifeylərlə tez-tez Zərdaba toylara gələrmiş.
O, toy şənliklərini Qarabağın məşhur müğənnilərinin, musiqiçilərinin müşayiəti ilə keçirərmiş.
Onun Zərdaba gəlişi zamanı düşərgə yeri dayısı oğlu Abış bəyin evi olarmış.
Zülfü bəy dayısı oğlu Abış bəyin oğlu Ummay bəyin və onlarca digər zərdablı qohum-əqrəbasının, eləcə də başqa adamların toyunu çox şux, təmtəraqlı keçirərmiş.
Zülfü bəy məclisini başa vurduqdan sonra bir neçə gün Zərdabda qalar,
qohumlarına baş çəkər, onlara qonaq olarmış. Qonaqlıq məclislərində, tədbirlərdə çox böyük əhval-ruhiyyə ilə çıxış edər, qohum-əqrəbasını minbir dillə musiqi sədaları altında dindirər, tərif edər, onların şəninə muğam, təsnif və xalq mahnıları ifa edərmiş.
Söyləyirlər ki, Zülfü bəyin dayısı oğlu Abış bəyin arvadı Pəri xanım kişi xasiyyətli, mərdmərdanə, abırlı-ismətli, ağır təbiətli bir xanım olub. Zülfü bəy dayısı oğlu Abış bəyin evində keçirilən məclislərdə dərin hörmət və rəğbət bəslədiyi qohumu Pəri xanımın şəninə “Ay Pəri, qurbanın olum” xalq mahnısını ifa edərmiş. Abış bəy isə deyərmiş ki, bibioğlu, sən bu qohumunu bu qədər ki, tərif edirsən, heç bu zalım balasının bir dəfə də olsun üzü gülmür. O, nə qədər ağır təbiətli olsa da, əslində, bunun başlıca səbəbi, ailə həyatı qurmamış qardaşı Məlik bəyin erkən yaşda ölümünü unuda bilməməsi olmuşdur.
Həsən bəy Zərdabinin kiçik qızı Qəribsoltan xanım “Atam haqqında xatirələrim” yazısında qələmə alırdı: “Atam qonaq qəbul etməyi çox sevirdi... Atam onda “Kaspi” qəzetinin redaksiyasında işləyirdi. Bir dəfə o, qulluqçusunu evə göndərərək anama xəbər verdi ki, redaksiyaya onun yanına Rusiyadan qonaqlar gəliblər və onları hörmətlə qarşılamaq lazımdır. Anam bu xəbəri bizə çatdırdı... Biz təzə paltarlarımızı geyindik. Axşam atam qonaqlarla birlikdə evə gəldi, anam onları eyvanda qarşıladı.
Anamın rus dilində mükəmməl danışmağı onların çox xoşuna gəldi. Onlar gecə yarısına qədər oturdular... Atam yalnız səhər bizə dedi ki, qonaqlardan biri yazıçı Maksim Qorki, o biri isə məşhur müğənni Şalyapin idi”.
Yeri gəlmişkən qeyd edim ki, Həsən bəyin dostu, rus vokal məktəbinin görkəmli nümayəndəsi, dünya şöhrətli rus müğənnisinin Bakıda Azərbaycan Milli teatrın banisi Həsən bəy Zərdabinin qonağı olarkən onun üçün oxuması ona və ailəsinə olan dərin hörmətin təcəssümü idi.
Bəzi mənbələrdə bildirilir ki, Şalyapin və Maksim Qorki Həsən bəyin evində qonaq olarkən pianonun arxasına keçərək musiqi ifa etməyə başlamış və evdəkilər hamısı heyranlıqla onu dinləmişlər. Bu zaman Şalyapin sual edir ki, bu pianoda kim ifa edir?
Hənifə xanım cavab verir ki, mən və qızlarım.
Həsən bəy Zərdabinin müxtəlif elm, incəsənət yaradıcılığına maraq göstərməsi qeyd etdiyim kimi, onun nəslindən qaynaqlanır. Bunun əyani təsdiqini akademik Heydər Hüseynovun (1908-1950), Cəlal Məmmədovun (1918-1983) tədqiqat əsərlərində daha aydın şəkildə şərh olunmasından da görürük.
Həsən bəy Zərdabidə irsi olaraq hələ Tiflisdə gimnaziyada oxuduğu vaxtdan başlamış və ömrünün sonunadək bu ənənə davam etmişdir. O, Tiflis gimnaziyasında təhsil aldığı zaman M.F.Axundovun A.S.Puşkinin ölmü haqqında “Şərq poeması” ilə tanış olmuş, şairin mütləqiyyət quruluşuna, təhkimçilik hüququna nifrət bəslədiyini, şeirlərində çarizmin təbliğçilərini və tərəfdaşlarını ifşa etdiyini, məhz bu səbəbdən də müxtəlif yerlərə sürgün edildiyini öyrənmişdir.
Universitetin rektoru olmuş Sergey Mixayıloviç Solovyovla (1871-1877) dost olmuşdur.
Həsən bəy Zərdabinin fikirləri böyük rus yazıçısı Maksim Qorkinin düşüncələrinə böyük təsir göstərmiş və Maksim Qorki (1868-1936) Həsən bəy Zərdabinin düşüncələrinin təsirindən çıxa bilməmişdir.
Onların görüşü 1897-ci ildə olmuşdur. Ancaq ki, bu görüşə qədər M.Qorki 1892-ci ildə Bakıda olmuş və Zərdabi ilə görüşmüşdür.
1902-ci ilin yanvarında “Kaspi” qəzeti belə bir məlumat vermişdi: “Yanvarın 11-də, cümə günü Hacı Zeynalabdin Tağıyev teatrında məşhur Qarabağ aşığı Nəcəfqulunun və xanəndələrdən Qaryağdıoğlu Cabbarın, Bakılı Seyidin, Şəkili Ələsgərin və Keçəçi oğlu Məhəmmədin iştirakı ilə Bakıda birinci Şərq konserti olacaqdır”. Konsertin birinci şöbəsində artıq bütün Qafqazda bir xanəndə kimi məhşur olan Cabbar Qaryağdıoğlu “Mahur” oxumuşdu. “Kaspi” qəzeti yazırdı: “Cabbar “Mahur”u çox gözəl oxudu, tamaşaçılar onu uzun müddət mahir bir xanəndə kimi alqışladılar”.
1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə aldığı “Kaspi” qəzetinə Əlimərdan bəy Topçubaşov (1862-1934) baş redaktor təyin edilsə də, əslində qəzetdə idarəçilik, məqalələrin redaktəsinə, çapına nəzarət və işıqlandırılması böyük jurnalistlik səriştəsinə malik, ilk milli mətbuatın yaradıcısı, dahi mütəfəkkir qayınatası Həsən bəy Zərdabinin üzərində idi.
Azərbaycan xalqının milli adət-ənənələrinin, dəyərlərimizin, yaradıcı insanlarının ölkəmizdən kənərlarda təmsil olunmasına, tanıdılmasına çalışan Zərdabinin xidmətləri unudulmazdır.
O, Bakıda dəfələrlə qonağı olan dostu Rus estradasının banisi Şalyapinlə Azərbaycanın mədəniyyət və incəsənət adamlarını tanış etmişdir. Onlardan biri Cabbar
Qaryağdıoğlu idi. Cabbarda olan mühitə, musiqi sənətinə bağlılıq onun görkəmli xanəndə, bəstəkar, musiqi xadimi kimi yetişməsinə, tanınmasına səbəb olmuş və bu xidmətlərinə görə Azərbaycan SSR Xalq artisti (1935) adına layiq görülmüş, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olmuşdur.
Ardınca 1902-ci ilin yanvarın 23-də tamaşaçıların xahişi ilə yenə də Tağıyev teatrının binasında ikinci Şərq konserti oldu. Cabbar Qaryağdıoğlunun (1861-1944)
“Heyratı” oxumağı dinləyicilərə dərin təsir bağışladı. 1903-cü il yanvarın 27-də həmin teatrın binasında üçüncü Şərq konserti təşkil edilir. Bu konsert də hazırlıq daha yaxşı idi.
Küçələrə afişalar vurulmuş, konsertə gələnlər üçün proqramlar nəşr olunmuşdu. Konsert əvvəlkilərə nisbətən daha geniş rəngarəng və maraqlı idi. O, bu dəfə “Bayatı – Qacar” muğamını məharətlə ifa etmişdir və sair.
Bax bütün bunlar Həsən bəy Zərdabinin ona göstərmiş olduğu şəraitin, qayğının, dəstəyin, köməkliyin sayəsində yaranmış və Azərbaycanın musiqi xadimi kimi tanınmışdır.
Bəs Həsən bəylə Şalyapinin dostluğu hardan və necə yaranmışdır? Qeyd edək ki, XX əsrin əvvəllərində Bakının mədəni həyatında böyük inkişaf başlamışdı. Avropa ölkələri ilə mədəni əlaqələri güclənir, şəhərə incəsənət qastrollarının ardı-arası kəsilmirdi. O zaman “neft və milyonlar şəhəri”nin musiqili qonaqlarından biri də dünya şöhrətli rus müğənnisi Fyodor Şalyapin idi.
Qeyd edək ki, 1873-cü ildə Rusiyanın Kazan şəhərində dünyaya göz açan və erkən yaşlarından musiqiyə maraq göstərən və sonradan məhşur rus rəqqası, aktyor və müğənni kimi tanınan Fyodor İvanoviç Şalyapin (1873-1938) ilk dəfə 18 yaşında Bakıda səfərdə olmuşdur.
Teatra sonsuz həvəs onu müxtəlif qruppaların tərkibində çıxış etməyə sövq etmişdir. O, Kazan şəhərində qostrollarda olan V.N.Lyubinov – Doqraçin kiçik operetta
kollektivi ilə səfərlərdə olan zaman 1896-cı ildə Bakıya gəlir. Şalyapin burada fransız operalarından bir neçə partiya ifa edir.
Sözsüz ki, bu zaman, Azərbaycanda mədəniyyətin, incəsənətin tərənnümçüsü, milli teatrımızın banisi Həsən bəy Zərdabi tərəfindən Bakıya gələn qonaqlar qarşılanır və onun tərəfindən müəyyən təşkilatı işlərə rəhbərlik edilirdi. Bu tədbirlərin birində, yəni 1891-ci ildə Həsən bəy Zərdabi Cabbaroğlu ilə Şalyapini tanış edir və onlar arasında əlaqə, dostluq münasibəti yaradır.

Əlbəttə, musiqi sənətinə bağlılıq Zərdabi ailəsindən yan keçə bilməzdi. Hələ Zərdabinin ərə getməyən, subay olan kiçik qızı Qəribsoltan xanım doğma bacı kimi bir müddət müəllimlik fəaliyyətində olan yerlisi, Zərdablı Nanə xanım vəfat edərkən onun qızı Adiləni və oğlu Raufu himayəsinə götürmüş və onların təlim-tərbiyəsi ilə məşğul olmuş, analıq qayğısı göstərmiş, ərsəyə çatmalarında xüsusi xidmətləri olmuşdur.
Qəribsoltan xanım Raufu Üzeyir Hacıbəyovun yanına aparıb onun sinfinə qoyur.
Bununla da Rauf Hacıyevin bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun və Qəribsoltan xanımın mühüm əməyi olur.
Nəticədə Azərbaycan və SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyev (1922-1995) Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, “Gənclik” simfoniyası, skripka ilə simfonik orkestr üçün konserti, bir-birindən gözəl çoxlu estrada mahnıları ilə daxil olmuşdur.
O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı yaradılır, eləcə də dünyada birinci xalçaçılıq muzeyi açılır.
Qeyd edim ki, bu dahi şəxsiyyətin uğurlarını onu yetişdirən, ərsəyə çatdıran və bir mənzildə onunla bir yerdə yaşayan Qəribsoltan xanım 1967-ci ildə dünyasını dəyişmişdir.
Heç də təsadüfi deyildir ki, Həsən bəy Zərdabinin qardaşı oğlu, 1886-ci il mayın 2-də Zərdab kəndində (İndiki Zərdab şəhəri) dünyaya gəlmiş görkəmli fizik, riyaziyyatçı, publisist, professor Rəhim bəy Mehralı bəy oğlu Məlikov (1886-1936) eyni zamanda teatrşünas olmuşdur.
Qeyd edək ki, Azərbaycan Milli Teatrının banisi Həsən bəy Zərdabinin dəstəyi sahəsində Məlikovlar nəslinin Midhəd bəy Məlikov (H.Zərdabinin böyük oğlu) (18791937), Rəhim bəy Məlikov, Məhəmməd bəy Məlikov Əlvəndi, İskəndər bəy Məlikov kimi nümayəndələri ilə bərabər, bu nəsillə qohum olan Əbülfət Vəli (H.B.Zərdabinin bacısı qızı İmarət xanımın həyat yoldaşı Nəcəfqulu bəy Vəliyevin kiçik qardaşı) birlikdə müxtəlif vaxtlarda Bakı teatrlarında aktyorluq etməsi təsadüfi deyildir.
Deməli, Əbülfət Vəlinin də tanınmış teatr işçisi kimi yetişməsində Həsən bəy Zərdabinin xüsusi rolu olmuşdur.

Həsən bəy Zərdabinin qardaşı oğlu, 1872-ci ildə Şamaxı quberniyasının Zərdab bölgəsinin Əlvənd kəndində anadan olmuş Məhəmməd bəy Məlikov (Əlvəndi) (1872-1918) əmisi Həsən bəyin dəstəyi ilə müxtəlif vaxtlarda Bakı teatrlarında aktyorluq etmişdir.
Səhnə fəaliyyətinə 1890-cı illərdə başlamış, tamaşalarda zəngin obrazlar yaratmışdır.
Qeyd edək ki, Hüseyn Ərəblinski, Göyçaylı Əbülfət Vəli ilə yanaşı, teatr cəmiyyətinə birinci üzv yazılan Məhəmməd bəy Əlvəndi olmuşdur.
Həsən bəy Zərdabinin bir vaxtlar redaktoru olduğu “Kaspi” qəzetində 1908-ci il noyabrın 4-də Məhəmməd bəy bir dəstə müsəlman ziyalısı ilə “Nicat” cəmiyyəti nəzdində teatr qrupu təşkil etmək təşəbbüsü ilə çıxış etmişdir.
Məhəmməd bəy Əlvəndi M.F.Axundovun, N.B.Vəzirovun, N.Nərimanovun, Ə.Haqverdiyevin, Ş.Saminin, N.Qoqolun, V.Şekspirin J.Molyerin, səhnəyə qoyulan faciə və komediyalarında, əsərlərində, tamaşalarında parlaq obrazlar yaratmışdır.
Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin qardaşı Məhəmmədəli bəyin nəvəsi Rəhim bəy Məlikovun qızı Tamara xanım Məlikova ilə Əlibala Mirzəyevin nikahından 1952-ci ilin may ayının 12-də Zərdab rayonunun Əlvənd kəndində Azər Mirzəyev dünyaya gəlmişdir. Mərhum Azər Mirzəyev (1952-2014) Azərbaycan Akademik
Milli Dram Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi olmuşdur. O, 1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti” adına layiq görülmüşdür.
Hesab edirəm ki, Həsən bəy Zərdabinin çoxsahəli və çoxşaxəli fəaliyyətində onun incəsənət sahəsində göstərmiş olduğu tarixi xidmətləri bir məqaləyə sığışdırmaq mümkün deyil. Bu, bir elmi əsərin, kitabın mövzusudur.
Milli mətbuatımızın banisi, ensiklopedik bilik, fitri istedad sahibi, müsəlman şərqində xeyriyyəçilik hərəkatının ilk yaradıcısı, ölkəsinin inkişafı və tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş millət fədaisi Həsən bəy Zərdabinin Azərbaycanda incəsənətin inkişafında da göstərmiş olduğu tarixi xidmətlər unudulmamalı və xatirəsi daim yaşadılmalı, uca tutulmalıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.