AZ

İsrailin Livana zərbələri nəticəsində 6 nəfər öldü

İsrail ordusunun gecə saatlarından etibarən Livanın cənub bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində azı 6 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatı səhər saatlarında ölkənin cənubundakı Brikaa qəsəbəsində hərəkətdə olan avtomobili hədəfə alıb. Hücum nəticəsində 2 nəfər ölüb.

Tul qəsəbəsində yerləşən Şeyx Ragib Hərb Xəstəxanasının ətrafına endirilən PUA zərbəsi zamanı isə suriyalı bir gənc həlak olub.

İsrailə məxsus digər pilotsuz uçuş aparatı Nəbatiyə əl-Fövqa qəsəbəsini hədəfə alıb. Eyni zamanda, İsrail hərbi təyyarələri səhər saatlarında Haruf və Şukin qəsəbələrinə zərbələr endirib.

Kəfsir qəsəbəsinə gecə saatlarında təşkil edilən hava hücumları nəticəsində daha 3 nəfərin öldüyü bildirilib.

İsrailin Baş naziri Benyamin Netanyahu qısa müddət əvvəl orduya Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsinə hava zərbələri endirilməsi barədə göstəriş verib.

İsrail ordusu martın 2-də Livana qarşı genişmiqyaslı hava əməliyyatlarına başlayaraq ölkənin cənubunda yerləşən bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb.

Livan hökuməti həmin dövrdə ölkə daxilində məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlamışdı.

ABŞ Prezidenti Tramp aprelin 24-də verdiyi açıqlamada Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minmiş 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını bildirmişdi.

ABŞ-nin vasitəçiliyi ilə mayın 14-15-də keçirilən üçüncü raund danışıqların nəticəsində isə mayın 17-dən etibarən atəşkəsin daha 45 gün uzadılması və iyunun əvvəlində dördüncü raund görüşlərin təşkili barədə razılıq əldə olunmuşdu.

Bununla belə, Netanyahu verdiyi açıqlamada Livana qarşı hərbi əməliyyatların genişləndirilməsi barədə orduya göstəriş verdiyini bəyan etmişdi.

Livan Səhiyyə Nazirliyinin son məlumatına əsasən, İsrailin martın 2-dən bəri ölkəyə endirdiyi zərbələr nəticəsində 3 min 412 nəfər həyatını itirib.

Atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, İsrail ordusu Livanın cənubunda hücumları və yaşayış evlərinin dağıdılmasını davam etdirir. Hizbullah isə atəşkəsin pozulduğunu əsas gətirərək İsrail qüvvələrinə qarşı əməliyyatlar həyata keçirir.

Seçilən
68
50
cebheinfo.az

10Mənbələr