ain.az bildirir, Bakupost saytına əsaslanaraq.
Dünənə qədər körfəzdə yerləşən qonşu ölkələri raket atəşinə tutan İran indi də onlarla regional koalisiya yaratmaq istəyir.
Xarici mətbuatın yazdığına görə, İranın Ali Lideri Müctəba Xamenei ABŞ-nin rəhbərlik etdiyi Yaxın Şərq nizamına qarşı regional koalisiya yaratmaq məqsədi daşıyan genişmiqyaslı siyasi və ideoloji kampaniyaya başlayıb. Bu kampaniya müsəlman ölkələrini İranın himayəsi altında "yeni İslam sivilizasiyası" bayrağı altında birləşdirməyə yönəlib.
Xameneinin sosial media platforması X-də dərc olunan mesajında "region xalqlarının ortaq maraqları"nın və "yeni gələcək nizamının" formalaşmasının vacibliyi vurğulanıb. Bu əsasda o, İslam hökumətlərini "İslam milləti"nin inkişafı üçün sıx əməkdaşlıq etməyə çağırıb və ABŞ-nin artıq Qərbi Asiyanı hərbi mövcudluğu üçün etibarlı baza kimi istifadə edə bilməyəcəyi barədə xəbərdarlıq edib.
Bu addımlar ekspertlər tərəfindən Trampın İbrahim Sazişlərini genişləndirmək cəhdlərinə birbaşa cavab kimi qəbul edilir.
Siyasi şərhçi Elçin Xalidbəyli Bakupost.az-a bildirib ki, İranın bu kampaniyası yaxın qonşulara münasibətdə yürütdüyü siyasətin iflasa uğradığına işarədir:
“Yaxın Şərq savaşı növbəti dəfə sübut etdi ki, İranın yaxın qonşularına yönəlik münasibəti və yürütdüyü siyasət yanlış olub. Tehranın proksi qüvvələr yaradaraq, güc şəbəkəsi formalaşdırmaq taktikasının da yanlış olduğu ortaya çıxdı. Bu proksi qüvvələr əslində Yaxın Şərq regionu ölkələrinin siyasi dairələrinə qarşı yönəlib. Bu isə onu göstərir ki, əslində İran həmin qüvvələrdən region ölkələrinə qarşı təzyiq vasitəsi olaraq istifadə edib”.
Ekspertin fikrincə, Yaxın Şərq savaşı Tehranın proksi qüvvələr yaratmaq taktikasının da tamamilə yanlış siyasət olduğunu ortaya qoydu:
“Gördüyümüz kimi, region ölkələri ABŞ-nin İrana hərbi müdaxiləsindən sonra Tehrana dəstək verməkdən imtina etdi. İran da həmin ölkələrə ABŞ bazalarının olmasını əsas gətirməklə raket zərbələri endirdi. Bu da Tehranın Yaxın Şərq siyasi kursu və strateji taktikasının yanlış olduğunu göstərir. Belədə, son bəyanat dolayısı ilə Tehranda bu taktikadan nisbətən geri çəkilmə meyllərinin müşahidə olunduğunu göstərir”.
Həmsöhbətimiz Tehranın sözügedən yeni taktikasının uğur qazanacağına şübhə ilə yanaşır:
“Rəsmi Tehran qonşu ölkələrlə münasibətləri normallaşdırmaq, onlarla daha sıx əlaqələr qurmaq xəttini seçməyə çalışır. Ancaq bu kursun uğurlu olub-olmayacağı hələlik qeyri-müəyyən olaraq qalır. Tehranın savaş dövründə hərbi davranışı region ölkələrinin İrana olan etimadını tamamilə sarsıdıb. Bu ölkələr İranla münasibətlərə ehtiyatla yanaşırlar. Tehranın keçmişdə buraxdığı kobud səhvlər üzündən bu yolun uğurlu olması ehtimalı şübhəlidir”.
Rüfət Sultan, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.