AZ

Baku Energy Forum: Yeni investisiya dalğası və Azərbaycanın iqtisadi yüksəlişi- ÖZƏL

Prezident İlham Əliyev 31-ci Baku Energy Forumun açılış mərasimində bildirib ki, Azərbaycanın beynəlxalq reytinqləri ildən-ilə yüksəlir və ölkə artıq investisiya səviyyəli reytinqə malikdir. Dövlət başçısı yoxsulluq və işsizliyin 5 faiz səviyyəsinə endiyini, həmçinin xarici borcun əhəmiyyətli dərəcədə azaldıldığını vurğulayıb.

Cənab Prezidentin səsləndirdiyi investisiya səviyyəli reytinq Azərbaycanın xarici investorlar üçün cəlbediciliyinə və iqtisadi inkişafına necə təsir göstərə bilər?  31-ci Baku Energy Forumda enerji təhlükəsizliyi, yaşıl enerji və regional əməkdaşlıq məsələləri geniş müzakirə olunur. Bu forumun Azərbaycanın iqtisadi mövqeyinin güclənməsinə və yeni investisiyaların cəlbinə hansı töhfələri verəcəyini düşünürsünüz?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" İnvestisiya səviyyəli reytinqin xarici investorlar üçün əhəmiyyəti çox konkretdir. Aparıcı beynəlxalq reytinq agentliklərinin Azərbaycana investisiya səviyyəli reytinq verməsi o deməkdir ki, ölkə artıq bir çox institutsional investor üçün - pensiya fondları, sığorta şirkətləri və iri beynəlxalq fondlar üçün əlçatan bazara çevrilir. Bu kateqoriyada olan investorların böyük hissəsi nizamnaməvi tələblərə görə yalnız investisiya səviyyəli ölkələrdə mövqe tutabilir. Buna görə də reytinqin yüksəlməsi kapitalın daha geniş mənbələrdən axmasına şərait yaradır, borc maliyyələşməsinin dəyərini azaldır və ölkənin maliyyə bazarlarına inteqrasiyasını dərinləşdirir. Yoxsulluq və işsizliyin 5 faizə enməsi isə daxili istehlakın artmasına, əmək bazarının sabitləşməsinə və ölkənin makroiqtisadi göstəricilərinin investorlar tərəfindən müsbət qiymətləndirilməsinə zəmin yaradır.
Enerji sektorundan kənar sahələrdə davamlı inkişaf üçün bir neçə strateji addım xüsusi əhəmiyyət daşıyır. Birincisi, iqtisadiyyatın şaxələndirilməsi prosesi sürətləndirilməlidir - kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və maliyyə xidmətləri kimi sahələrə dövlət investisiyaları artırılmalı, özəl sektora münbit mühit yaradılmalıdır. İkincisi, insan kapitalına qoyulan sərmayə xüsusilə texniki təhsil və peşə hazırlığı sahəsində uzunmüddətli rəqabətqabiliyyətlilik üçün əvəzsizdir. Üçüncüsü, ixrac məhsullarının coğrafiyası genişləndirilməli, yalnız neft ixracından asılılıq azaldılmalıdır. Bunun üçün qeyri-neft ixracatçılarına ixrac kreditləri, sığortası və beynəlxalq bazarlara çıxışı asanlaşdıran mexanizmlər gücləndirilməlidir.
Forumun iqtisadi mövqeyə töhfəsi isə aşkar şəkildə hiss olunur. Baku Energy Week qlobal enerji liderləri, dünyanın aparıcı enerji şirkətləri, hökumət qurumları, investorlar və sahə mütəxəssislərini bir araya gətirir və bu platforma həm birbaşa danışıqlar üçün, həm də Azərbaycanın imicini formalaşdırmaq üçün son dərəcə effektiv bir vasitədir. Prezidentin forumda qeyd etdiyi kimi, Azərbaycan artıq yalnız investisiya cəlb edən deyil, özü xaricə investisiya yönəldən ölkəyə çevrilib - SOCAR Orta Şərqdə, Afrikada və Mərkəzi Asiyada investisiyalar həyata keçirir. Bu keyfiyyət dəyişikliyi ölkənin beynəlxalq arenada yeni bir statusa enerji diplomatiyasının aktiv iştirakçısına çevrilməsinin göstəricisidir. Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərməsi və Zəngəzur dəhlizinin tikintisinin davam etdirilməsi isə Azərbaycanı regional nəqliyyat-logistika mərkəzinə çevirməyə yönəlik strateji addımlardır ki, bu da enerji sektoru ilə yanaşı, ticarət və tranzit gəlirlərinin artmasına əhəmiyyətli töhfə verəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr