AZ

“Hörmüz boğazında yeni geosiyasi reallıq formalaşır” -Şəhla Cəlilzadə

"ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda regionda yeni geosiyasi vəziyyət formalaşıb və bunun ən əsas göstəricisi Hörmüz boğazında keçid rejimi ilə bağlı yaranan vəziyyətdir. Belə ki, müharibədən öncə bütün ölkələrin gəmiləri buradan sərbəst keçə bilirdisə, müharibə zamanı İranın tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər ilk növbədə keçidə tamamilə mane oldu və yüzlərlə tanker boğazda ilişib qaldı. Daha sonra isə İran keçid üçün şərtlərini açıqladı və “təhlükəsiz keçid xidmətinin təşkili” adı altında rüsum tələb etməyə başladı. Bu, təbii ki, ilk növbədə etiraz doğursa da, İran yeni vəziyyəti legitimləşdirməyə çalışır. Bu istiqamətdə həm ABŞ-la, həm də Hörmüz boğazına çıxışı olan digər dövlət – Omanla diplomatik danışıqlar davam edir. ABŞ bu danışıqlara sərt reaksiya versə və Omanı hədələsə də, İran Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, Omanla razılaşma əldə olunub. Bu isə o deməkdir ki, boğaz üzərində suveren hüquqları olan bu iki ölkə keçid üçün yeni rejimi birlikdə tətbiq edə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı yaranmış mübahisələr fonunda Omanın mövqeyinə kəskin münasibət bildirib. Ağ Evdə keçirilən kabinet iclasında çıxış edən Tramp vurğulayıb ki, Hörmüz boğazı bütün ölkələrin istifadəsinə açıq qalmalı olan strateji beynəlxalq su yoludur. O qeyd edib ki, belə əhəmiyyətli bir keçid üzərində hər hansı dövlətin xüsusi nəzarət mexanizmi formalaşdırmağa cəhd etməsi qəbuledilməzdir. ABŞ prezidentinin bu açıqlamaları Vaşinqtonla Oman arasında diplomatik münasibətlərdə yeni gərginlik dalğasına səbəb olub.

Siyasi şərhçi bildirib ki, ABŞ boğazdan keçid üçün ödəniş tələb olunmasını və İranın boğaz üzərindəki suveren hüquqlarını həyata keçirməsini qəbuledilməz hesab etsə də, bu cür keçid rejimi dünya təcrübəsində yeni hal deyil.

Seçilən
33
aznews.az

1Mənbələr