ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Məryəm Bağırova
İnsan ruhu bəzən görünməz bir yay kimidir. Nə qədər çox gərilərsə, buraxıldığı anda bir o qədər sərt və nəzarətsiz reaksiya verir. Həyatın bizə yüklədiyi rollar, “güclü olmalısan”, “sarsılmamalısan”, “hər zaman dik dayanmalısan, qalib olmalısan” kimi səssiz əmrlər bizi öz daxili müharibəmizin əsgərinə çevirir. Biz çox zaman fərqinə varmadan, özümüzə qarşı döyüşən tərəfə çevrilirik. Duyğuların basdırılması bir zəiflik deyil, əksinə, uzun müddət davam edən səssiz bir müqavimətdir. Lakin hər müqavimətin bir limiti var. İnsan iç dünyasında topladığı hər susqun kədər, ifadə olunmayan qorxu və etiraf edilməyən yorğunluq ilə görünməz bir təzyiq yaradır. Bu təzyiq isə bir gün ən kiçik bir çatlaqdan sızaraq böyük bir çöküş kimi üzə çıxır. Maraqlısı isə budur ki, o çöküşün səbəbi son hadisə deyil, illərlə yığılıb qalan, amma heç vaxt boşaldılmayan hisslərin ağırlığıdır. “Hər zaman güclü olmalıyam” düşüncəsi insanın ruhunu yorur. Çünki bu fikir, duyğuların təbii axınına qarşı çıxır. Halbuki insanın zəif anları onun ən həqiqi və ən insani tərəfidir. Güclü olmaq bəzən yıxılmamaq deyil, yıxıldığını qəbul edə bilməkdir. Çünki qəbul edilməyən heç bir duyğu sağalmaz, sadəcə daha dərinə basdırılar. Bu səbəbdən, duyğulara düşmən kimi deyil, qonaq kimi yanaşmaq lazımdır. Kədər gəldikdə onu qapıdan qovmaq yox, onunla oturub söhbət etmək, yorğun olduğunda bunu özünə etiraf etmək yığılan təzyiqi azaldır. İnsan hər zaman yaxşı olmaq məcburiyyətində deyil. Bəzən “bu gün çətinlik çəkirəm” demək, insanı zəif yox, real edir. Böyük çöküşlərin qarşısını almağın ən sadə yolu, kiçik sarsıntılara icazə verməkdir. Ağlamaq, fasilə vermək, kömək istəmək - bunlar zəifliyin yox, ruhun özünü qoruma instinktinin göstəricisidir. Necə ki, mexanizmlər zaman-zaman texniki baxıma ehtiyac duyur, insan ruhu da belə “daxili servisə” ehtiyac hiss edir.
Qədimdən bəri fəlsəfə insanın daxili vəziyyətini anlamağa çalışıb. Aristotel “orta yol” ideyası ilə ifrat və təfrit arasında bir harmoniya qurmağı təklif edirdi. Bu baxımdan duyğuların basdırılması da bir ifratdır - insan öz təbii halından uzaqlaşaraq süni bir möhkəmlik maskası taxır. Lakin bu maska altında yığılan hisslər, bir gün öz varlığını zorla qəbul etdirir.
Fridrix Nitşe insanın özünü daim güclü göstərmək cəhdini “daxili gərginliyin mədəni forması” kimi izah edirdi. Onun fikrincə, insan öz zəifliklərini inkar etdikcə, əslində öz həqiqi “mən”indən uzaqlaşır. Bu uzaqlaşma isə daxildə parçalanma yaradır. Çünki insan yalnız gücdən ibarət deyil - o, həm də qorxu, kədər və yorğunluqdan ibarət bütöv bir varlıqdır.
Burada başqa bir mühüm fəlsəfi yanaşma da ortaya çıxır: Karl Yunqun “kölgə” anlayışı. Yunq deyirdi ki, insanın qəbul etmədiyi bütün xüsusiyyətlər onun “kölgə”sində toplanır. Duyğular basdırıldıqca yox olmur, sadəcə şüurun dərinliklərinə çəkilərək daha güclü və nəzarətsiz hala gəlir. Yəni biz nə qədər “güclü durmağa” çalışsaq, kölgəmiz bir o qədər ağırlaşır. Bu baxımdan çöküş, zəifliyin deyil, daxili tarazlığın bərpasıdır. Həyat sanki deyir: “Sən özünü unutdun, indi özünə qayıt”. İnsan ən çox dağıldığını düşündüyü anda, əslində ən çox həqiqətinə yaxınlaşır. Çünki saxta güc dağıldıqda, gerçək varlıq üzə çıxır. Fəlsəfi olaraq bu vəziyyət paradoksaldır: insan yıxılmadan bütövləşə bilmir. Çünki bütövlük yalnız qəbuldan keçir - həm gücün, həm də zəifliyin qəbulundan. Bu isə ekzistensializmin əsas ideyalarından biridir: insan öz mənasını özü yaradır və bu prosesdə ağrı da, çöküş də qaçılmazdır. Bu səbəbdən, duyğularla mübarizə aparmaq əvəzinə, onlarla dialoq qurmaq daha dərin bir həqiqətə aparır. Kədəri qəbul etmək, qorxunu etiraf etmək, yorğunluğu hiss etmək - bunlar zəiflik deyil, şüurlu varlığın göstəricisidir. İnsan özünü qəbul etdikcə, daxili təzyiq azalır və yay artıq qırılacaq qədər gərilmir. Həyat bizə belə bir dərs verir: sərtlik müvəqqətidir, elastiklik isə davamlı. Küləkdə sınan ağac yox, əyilən ağac sağ qalır. Bu, yalnız təbiətin yox, varlığın ümumi qanunudur. Unutmaq olmaz ki, yüksəklik həmişə təhlükəsizlik demək deyil. Bəzən yerə yaxın olmaq, özünü hiss etmək, tarazlıqda qalmaq daha böyük bir hikmətdir. Çünki insanın həqiqi gücü, heç vaxt yıxılmamaqda deyil, yıxıldıqda yenidən ayağa qalxa bilməkdədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.