Sosial şəbəkələrdə paytaxtın müxtəlif sahil zonalarında dəniz suyunun rənginin qırmızı rəngə boyanması ilə bağlı görüntülər yayılıb.
Görüntülərdə suyun rənginin bəzi nöqtələrdə kəskin dəyişdiyi müşahidə edilir. Xəzərdə suyun bu cür rəng alması sakinlər arasında müazakirələrə və ekoloji problem kimi narahatlığa səbəb olub. Mütəxəssislərin fikrincə, Xəzər dənizində suyun qırmızı rəng alması adətən sənaye tullantıları ilə deyil, təbii bioloji proseslərlə əlaqədar olur.
Qeyd edilir ki, bu cür rəng dəyişikliyi təbiətdə qırmızı rəngli mikroskopik dəniz yosunlarının (fitoplanktonların) kütləvi artımı (çiçəklənməsi) və ya qum tərkibindəki təbii mikroelementlərin dalğalarla suya qarışması nəticəsində baş verir.
Əvvəlki illərdə (məsələn, Türkan qəsəbəsində və ya Mangistau sahillərində müşahidə olunan hallarda) ekoloqlar bunun insan sağlamlığı üçün təhlükəli olmadığını və qəhvəyi/qırmızı yosunların təbii hərəkətindən qaynaqlandığını təsdiqləmişdilər. Xatırladaq ki, ötən il də Xəzər dənizinin qırmızı rəngə boyanması müşahidə edilmişdi.
Xəzər dənizinin Qazaxıstan sahillərində suyun qırmızı rəngə boyanması ilə bağlı Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlamışdılar. Analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməmişdi.
Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin bildirmişdi ki, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır:
“Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”.