AZ

Cinayət məsuliyyəti 10 yaşa endirilsin–Təklif və REAKSİYA

 

Türkiyə parlamentinin komissiyası cinayət məsuliyyəti yaşının 12-dən 10 yaşa endirilməsini və ağır cinayətlər törətmiş yetkinlik yaşına çatmayanlar üçün cəzaların yüngülləşdirilməsini təklif edib. Uşaqların Cinayətkarlıqda İştirakının Araşdırılması üzrə Komissiyanın hesabatında Türkiyənin yetkinlik yaşına çatmayanlar üzrə ədliyyə sistemində genişmiqyaslı dəyişikliklər təklif olunur.

Təkliflərə 15-18 yaş arası yeniyetmələr üçün cəza seçimlərinin azaldılması, uşaqları üçün reabilitasiya tədbirlərini həyata keçirməyən valideynlərə qarşı sanksiyaların tətbiqi və risk altında hesab edilən yetkinlik yaşına çatmayanlar üçün mərkəzləşdirilmiş rəqəmsal monitorinq sisteminin yaradılması daxildir. Komissiya bildirib ki, təkliflər yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın artmasının qarşısını almağa, yetkinlik yaşına çatmayanlar ilə bağlı işlərdə ictimaiyyətin cəzasızlıq qavrayışına qarşı mübarizə aparmağa yönəlib.

Türkiyənin hazırkı Cinayət Məcəlləsinə əsasən, 12 yaşdan kiçik uşaqlar cinayət məsuliyyəti daşımır və onlara qarşı xüsusi təhlükəsizlik tədbirləri tətbiq oluna bilsə də, məhkəməyə verilə bilməzlər. 12-15 yaş arası yeniyetmələr yalnız hərəkətlərinin hüquqi əhəmiyyətini və nəticələrini başa düşdükləri və davranışlarını idarə edə bildikləri sübut edildikdə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Layihədə cinayət məsuliyyətinin minimum yaş həddinin 10 ilə endirilməsi imkanlarının araşdırılması təklif olunur. Həmçinin, 15-18 yaş arası yeniyetmələr üçün yüngül cəza sisteminin tədricən tətbiq edilməsi və şərti cəzalara məhdudiyyətlərin sərtləşdirilməsi təklif olunur.

Azərbaycanda bu sahədə vəziyyət necədir, yaş senzini aşağı salmağa, hüquqi islahatlara gərək varmı? Axı bizdə də yeniyetmələr arasında cinayət hallarının artması müşahidə olunmaqddır. Sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a açıqlamasında qeyd edib ki, Türkiyədə cinayət məsuliyyəti yaşının 12-dən 10-a endirilməsi ilə bağlı təklif kriminoloji, psixoloji və sosial baxımdan müzakirə oluna bilər: “Azərbaycanda da son illər yeniyetmələr arasında zorakılıq, bıçaqlanma, quldurluq, narkotik dövriyyəsi və kibercinayət halları ilə bağlı xəbərlərin artması bu mövzunu aktuallaşdırır. Lakin məsələyə yalnız cəzanın sərtləşdirilməsi prizmasından yanaşmaq düzgün olmaz. Azərbaycan Cinayət Məcəlləsinə əsasən, ümumi qayda olaraq cinayət məsuliyyəti 16 yaşdan başlayır. Lakin qəsdən adam öldürmə, sağlamlığa ağır zərər vurma, adam oğurluğu, zorlama, oğurluq, quldurluq, soyğunçuluq, terrorçuluq və digər ağır cinayətlər üzrə şəxs 14 yaşından cinayət məsuliyyətinə cəlb oluna bilər. Yəni Azərbaycan qanunvericiliyi artıq müəyyən ağır cinayətlər üçün yaş həddini aşağı salıb. 14 yaşdan aşağı şəxslər isə cinayət məsuliyyəti daşımırlar və onlara yalnız tərbiyəvi, sosial və profilaktik tədbirlər tətbiq oluna bilər. Türkiyədə hazırda 12 yaşdan aşağı uşaqlar cinayət məsuliyyəti daşımır. Təklif qəbul edilərsə, 10-12 yaş arası uşaqların da müəyyən hallarda məhkəmə qarşısına çıxarılması mümkün olacaq”.

Mahmud Hacıyev deyib ki, müasir dövrdə uşaqlar daha erkən yaşda sosial şəbəkələrə, kriminal mühitə və informasiya resurslarına çıxış əldə edirlər: “Bəzi cinayətkar qruplar məhz azyaşlılardan toxunulmaz vasitə kimi istifadə edirlər. Ağır cinayət törədən 10-12 yaşlı uşaqların tamamilə məsuliyyətdən kənarda qalması cəmiyyətdə ədalət hissini zədələyir. Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın artması yeni hüquqi mexanizmlər tələb edir. BMT-nin Uşaq Hüquqları Komitəsi uzun illərdir dövlətlərə cinayət məsuliyyəti yaşını aşağı salmamağı tövsiyə edir. Komitənin mövqeyinə görə, uşağın psixoloji və intellektual inkişafı onun hərəkətlərinin bütün hüquqi nəticələrini dərk etməsinə həmişə imkan vermir. Kriminoloji araşdırmalar göstərir ki, erkən yaşda həbs və cəza sisteminə daxil edilən uşaqlarda sonradan təkrar cinayət törətmə riski çox vaxt daha yüksək olur. Çünki onlar reabilitasiya əvəzinə kriminal mühitlə təmas qururlar. Buna görə də bir çox Avropa ölkələri cəza deyil, reabilitasiya yönümlü modeli üstün tuturlar. Bir tərəfdən məktəblərdə bıçaqlanma hadisələri, yeniyetmələrin narkotik dövriyyəsinə cəlb edilməsi, sosial şəbəkələr üzərindən törədilən cinayətlər, qrup halında zorakılıq faktları cəmiyyətdə narahatlıq yaradır. Digər tərəfdən, statistik baxımdan Azərbaycanda yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərin ümumi cinayətkarlıq strukturundakı payı hələ də böyüklərin törətdiyi cinayətlərlə müqayisədə xeyli aşağıdır. Problemin əsas səbəbləri isə çox vaxt ailə nəzarətinin zəifləməsi, məktəbdən yayınma, sosial mühit, internet təsiri və psixoloji dəstək çatışmazlığı ilə əlaqələndirilir”.

Mahmud Hacıyev deyib ki, Azərbaycanda ilk növbədə yaş senzinin endirilməsi deyil, aşağıdakı mexanizmlərin gücləndirilməsi daha effektiv ola bilər: “Yetkinlik yaşına çatmayanlar üzrə ayrıca ixtisaslaşmış məhkəmə sisteminin yaradılması mümkündür. Məktəb psixoloqları və sosial işçilər institutunun gücləndirilməsi vacibdir. Risk qrupuna daxil olan uşaqların erkən monitorinq mexanizmlərinin qurulması da məqsədəmüvafiq ola bilər. Uşağı cinayətə sövq edən valideynlər və digər şəxslər üçün məsuliyyətin sərtləşdirilməsi məsələsinə də baxılmalıdır. Təkrar cinayət törədən yeniyetmələr üçün məcburi reabilitasiya proqramlarının tətbiqi də əsas amillərdən biridir”.

Mahmud Hacıyev deyib ki, Türkiyədə müzakirə olunan cinayət məsuliyyəti yaşının 10-a endirilməsi təşəbbüsü region ölkələri üçün də maraqlı presedent yarada bilər: “Lakin beynəlxalq təcrübə göstərir ki, cinayətkarlıqla mübarizədə yaş həddinin aşağı salınması təkbaşına həll yolu deyil. Azərbaycan üçün hazırkı mərhələdə daha aktual məsələ 14 yaş həddinin daha da aşağı salınması yox, yeniyetmə cinayətkarlığının səbəblərini aradan qaldıran preventiv və reabilitasiya yönümlü mexanizmlərin gücləndirilməsidir. Çünki hüququn məqsədi yalnız cəzalandırmaq deyil, həm də gələcək cinayətlərin qarşısını almaq və uşağın cəmiyyətə sağlam şəkildə inteqrasiyasını təmin etməkdir. Bu səbəbdən cinayət məsuliyyəti yaşının 10-a endirilməsi ideyası hüquqi baxımdan müzakirə oluna bilsə də, onun tətbiqi yalnız geniş elmi, psixoloji və kriminoloji əsaslandırmadan sonra mümkün ola bilər”.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr