AZ

Deputatdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: “Qarşı olan qüvvələr var, amma...”

Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycan dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq.

“Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”, - deyə Prezident vurğulayıb.

Beləliklə, ölkə başçısı Zəngəzur dəhlizinin inşası ilə bağlı qeyri-müəyyən fikirlər səsləndirən, dəhlizin açılmasını sanki təhdid kimi görən qüvvələrə növbəti dəfə aydın mesaj verdi.

Analitiklərin də vurğuladığı kimi, Zəngəzur dəhlizi Cənubi Qafqazın geosiyasi gələcəyinə, regional əlaqələrin inkişafına birbaşa təsir edən strateji layihədir. Zəngəzur dəhlizi çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub ticarət marşrutlarının inteqrasiyasında da mühüm rol oynayacaq.

VUQAR

Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiq ölkədir və hazırda ölkəmiz üçün prioritet mövzulardan biri Zəngəzur dəhlizi layihəsinin reallaşmasıdır:

“Bakı Enerji Forumu regionun ən böyük enerji tədbirlərindən biridir. Cənab Prezident İlham Əliyev forumun rəsmi açılış mərasimində region üçün kifayət qədər strateji əhəmiyyət daşıyan məsələlərə, o cümlədən Zəngəzur dəhlizinin inşası, Orta Dəhlizin və bütövlükdə region üzərindən keçən nəqliyyat dəhlizlərinin genişləndirilməsi kimi məsələlərə toxundu. Azərbaycan Prezidenti çıxışlarında hər zaman Zəngəzur dəhlizinin açılacağını, bunun sadəcə zaman məsələsi olduğunu qeyd edir. Regionda formalaşan düzən birbaşa Azərbaycanla, Azərbaycanın əldə etdiyi zəfərlə bağlıdır. Təbii ki, Zəngəzur dəhlizinin inşasına qarşı olan qüvvələr var. Bəzi hallarda açıq şəkildə həm Şimaldan, həm də Cənubdan mesajlar gəlir. Bəzi hallarda isə gizli mesajlarla prosesi əngəlləməyə çalışan qüvvələri görürük. ABŞ sözügedən kommunikasiyanın açılmasını dəstəkləyir, Azərbaycan və Ermənistanın da mövqeyi kommunikasiyaların açılmasına yönəlib. Azərbaycan sülh gündəliyinə sadiqdir. Ölkəmiz üzərindən Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycandan Ermənistana yanacaq ixracı da bunun göstəricisidir. Bu səbəbdən fərqli qüvvələrin Zəngəzur dəhlizinə qarşı açıq, yaxud gizli niyyətlərinə, mübarizələrinə, cəhdlərinə baxmayaraq, Azərbaycan Prezidentinin dediyi kimi, Zəngəzur dəhlizi layihəsi reallaşacaq. Bu, təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı deyil, bütövlükdə türk dünyasını birləşdirən əsas quru nəqliyyat dəhlizi olacaq”.

Nigar Həsənli
Musavat.com

Seçilən
16
1
musavat.com

2Mənbələr