AZ

Hörmüz boğazındakı krizisin yeganə günahkarı Vaşinqtondur RƏY

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda Hörmüz boğazı ətrafında hərbi hərəkətlilik sürətlənir. NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqonenin alyans ölkələrinin öz qüvvələrini strateji boğaza yaxınlaşdırdığı və zəruri halda əməliyyatlara qoşula biləcəyi barədə bəyanatı qlobal gündəmi silkələyib. NATO hələlik prosesdə birbaşa iştirak etmədiyini bildirsə də, ayrı-ayrı müttəfiq dövlətlərin bölgədə mövqe tutması böyük müharibə riskini artırır.

Bəs dünyanın ən böyük hərbi blokunun bu münaqişəyə cəlb olunması qlobal təhlükəsizlik sisteminə və bəşəriyyətə nə vəd edir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, ABŞ-nin İranda həyata keçirdiyi əməliyyat həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan fiyasko ile nəticələndi. Vaşinqton düşünürdü ki, İranın strateji hədəflərini vurmaqla ölkədə hakimiyyəti dəyişəcək və özünə loyal bir rəhbərlik quracaq. Lakin bu hərbi əməliyyat həm beynəlxalq ictimaiyyətdə, həm də Amerika auditoriyasında Prezident Trampa qarşı ciddi etiraz dalğasına səbəb oldu:

"Qeyd etmək yerinə düşər ki, İran əməliyyatı zamanı ABŞ hətta NATO müttəfiqlərinin də kəskin etiraz bəyanatları ilə qarşılaşdı. NATO-ya üzv dövlətlər və Avropa İttifaqı rəhbərliyi açıq şəkildə bildirdilər ki, "Bu müharibə Amerikanın müharibəsidir, bizim deyil". Avropadan gələn bu cür reaksiyalar Amerikanı İran məsələsində tək qoydu. Nəticədə müttəfiqlər arasında ciddi fikir ayrılığı yarandı və Vaşinqton kəskin təzyiqlərə məruz qaldı".

Politoloqun sözlərinə görə, digər tərəfdən, Trampın Amerikadakı reytinqi sürətlə düşməyə başladı. Demokratların kəskin etirazları fonunda Trampa olan ictimai dəstək kəskin şəkildə endi. Qarşıdan gələn Konqres seçkiləri ərəfəsində isə ABŞ rəhbərliyi yaranmış vəziyyətdən manevr edərək çıxmağa çalışır. Çünki Hörmüz boğazının bağlanması ümumilikdə dünyada böyük bir iqtisadi xaos yaratdı. Məsələnin strateji əhəmiyyəti ondan ibarətdir ki, ABŞ İranı və Hörmüz boğazını öz nəzarətinə keçirməklə qlobal iqtisadi sistemə diktə etmək istəyirdi. Lakin bu plan uğursuzluğa düçar oldu. İndi ABŞ rəhbərliyi çalışır ki, İranı hansısa bir sənədə imza atmağa məcbur etsin və bunu Amerika ictimaiyyətinə bir "qələbə" kimi təqdim edə bilsin:

"ABŞ hər zaman NATO blokundan öz maraqları üçün bir alət kimi istifadə edib. Hörmüz boğazında baş verən hadisələr dünya iqtisadiyyatına və enerji sektoruna ağır zərbə vurdu. Xüsusilə NATO-ya daxil olan aparıcı Avropa dövlətləri iqtisadi və enerji baxımından böyük ziyan çəkdilər. Bu səbəbdən, ABŞ indi həmin Avropa dövlətlərini də Hörmüz boğazındakı proseslərə təsir göstərmək üçün hərbi oyuna cəlb etmək istəyir. Hətta bu məsələdə Avropa dövlətlərini açıq şəkildə şantaj edir. Vaşinqton bəyan edir ki, əgər müttəfiqləri prosesə qoşulmasa, Amerika öz qoşunlarını Avropadan çəkəcək. Beləliklə, onları Rusiyanın təzyiqi qarşısında müdafiəsiz qoymaqla hədələyir".

Azad Məsiyev: ABŞ hər zaman NATO blokundan öz maraqları üçün bir alət kimi istifadə edib

Müsahibimiz qeyd edib ki, Amerikanın nəzarətində və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təsirində olan media resursları vasitəsilə bu istiqamətdə xüsusi təbliğat kampaniyası aparılır. Bu təzyiqlərin nəticəsidir ki, artıq ayrı-ayrı NATO dövlətləri öz hərbi kontingentlərini Hörmüz boğazına gətirmək niyyətindədirlər. NATO bu strateji su yolunu öz nəzarəti altına almağa çalışır. Bununla da qlobal iqtisadi-siyasi sistemə, daha dəqiq desək, dünyanın enerji qaynaqlarına nəzarət mexanizmini ələ keçirmək istəyirlər. Çünki dünya üzrə daşınan neft və qaz tankerlərinin böyük bir hissəsi məhz bu boğazdan keçir. Bu boğaza sahib olmaq, qlobal iqtisadi sistemə rəhbərlik etmək deməkdir. Nəticə etibarilə, Hörmüz boğazındakı qarşıdurma vasitəsilə İranı geri addım atmağa və güzəştə getməyə məcbur etmək hədəflənir:

"Məsələni bir az geriyə dönərək təhlil etsək görərik ki, ABŞ-nin İranda apardığı hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazında heç bir problem yox idi. Gəmilərin hərəkəti təhlükəsiz idi, bölgədə heç bir gərginlik yaşanmırdı. ABŞ İran əməliyyatına başladıqdan sonra, Tehran özünü müdafiə etmək və ABŞ-yə təzyiq göstərmək üçün Hörmüz boğazını bağladı və krizis yarandı. Deməli, Hörmüz boğazında baş verən bütün hadisələrin birbaşa günahkarı ABŞ-dir. Çünki ABŞ BMT Nizamnaməsini kobud şəkildə pozaraq İranın suverenliyini təhdid etdi. İran da öz növbəsində müdafiə olunmaq və ABŞ ilə onun müttəfiqlərinə cavab vermək üçün enerji yollarını kəsmək məcburiyyətində qaldı. Yəni yaranmış gərginlik tamamilə Vaşinqtonun səhv siyasətinin nəticəsidir. İndi isə ABŞ yaranmış iqtisadi və siyasi xaosu aradan qaldırmaq üçün növbəti dəfə güc nümayiş etdirir və bunu məhz NATO-nun əli ilə həyata keçirməyə çalışır".

A.Məsiyevin fikrincə, reallıq budur ki, Hörmüz boğazı təkcə İran üçün deyil, həm də onun strateji müttəfiqləri, xüsusilə də Çin üçün həyat əhəmiyyətlidir. Çin ticarət gəmilərinin bu boğazdan sərbəst və təhlükəsiz keçməsini istəyir. Əgər ABŞ və NATO bloku Hörmüz boğazında Çin gəmilərinə təzyiq göstərərsə, rəsmi Pekin buna səssiz qalmayacaq. Artıq Çinin Müdafiə Nazirliyi və rəsmi şəxsləri açıq şəkildə bəyan ediblər ki, öz mülki gəmilərinin və neft tankerlərinin sərbəst keçidini təmin etmək üçün bölgəyə hərbi dəniz donanmasını göndərəcəklər. Bu isə Hörmüz boğazında birbaşa hərbi qarşıdurmaya və böyük bir qlobal fəlakətə yol aça bilər. Proseslər NATO bloku ilə Çin arasında birbaşa hərbi münaqişənin başlanmasına gətirib çıxara bilər:

"Əslində, bu risk elə ABŞ-nin strateji planının bir hissəsidir. Çünki ABŞ imperializmi üçün sürətlə böyüyən Çin iqtisadiyyatı əsas təhlükə mənbəyidir. Vaşinqton Çini iqtisadi baxımdan zəiflətmək üçün onu mütləq şəkildə NATO ilə hərbi konfliktə salmaq istəyir və bu ssenarini Hörmüz boğazı fonunda reallaşdırmağa çalışır. Bu isə bəşəriyyət və dünya dövlətləri üçün fəlakətli nəticələr doğura bilər. Belə bir qarşıdurma dünyada neftin qiymətinin kəskin bahalaşmasına, qlobal enerji böhranına və sonu görünməyən iqtisadi xaosa səbəb olar. ABŞ-nin i əsas məqsədi NATO ilə Çin arasında Hörmüz boğazında hərbi plasdarm yaratmaqdır. NATO kontingentinin boğaza yerləşdirilməsi Çinlə toqquşmanı qaçılmaz edəcək. Ümumilikdə, istər Hörmüz boğazında, istər İranda, istərsə də dünyanın digər qaynar nöqtələrində baş verən hərbi xaosun və gərginliyin arxasında birbaşa ABŞ-nin imperialist maraqları dayanır".

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
bakivaxti.az

1Mənbələr