Amerika qitəsindən Azərbaycana turist axını artır, lakin potensial hələ tam reallaşmayıb
2026-cı ilin ilk rübündə Amerika qitəsi ölkələrindən Azərbaycana gələn turistlərin sayının 4,4% artaraq 5 747 nəfərə çatması ölkənin uzaq məsafəli turizm bazarlarında mövqeyinin tədricən gücləndiyini göstərir. Xüsusilə ABŞ, Braziliya, Meksika və Kolumbiyadan gələn turistlərin sayında qeydə alınan artım Azərbaycanın Latın Amerikası və Şimali Amerika bazarlarında tanıtım fəaliyyətlərinin müəyyən nəticələr verdiyini göstərir.
Statistikaya əsasən, Amerika qitəsindən gələn turistlərin təxminən 66%-i ABŞ vətəndaşlarının payına düşür. ABŞ-dən gələn turistlərin sayının 3,9% artması diqqətçəkən göstərici olsa da, Azərbaycanın bu bazardakı potensialı mövcud nəticələrdən qat-qat böyükdür. Müqayisə üçün qeyd etmək olar ki, Gürcüstan və Türkiyə hər il yüz minlərlə amerikalı turist qəbul edir.
Braziliyadan gələn turistlərin 20,2%, Meksikadan 31,1%, Argentinadan isə 32,7% artması isə Azərbaycanın Latın Amerikası istiqamətində yeni bazarlar formalaşdırmağa başladığını göstərir. Bu regionun əhalisi 650 milyondan çoxdur və son illər xarici səyahətlərə maraq sürətlə artır.
Lakin ümumi mənzərəyə baxdıqda Amerika qitəsindən gələn 5 747 turist Azərbaycanın qəbul etdiyi ümumi turist axınının çox kiçik hissəsini təşkil edir. İlk rübdə ölkəyə gələn 484,4 min əcnəbinin cəmi 1,2%-i Amerika qitəsindən olub. Bu isə bazarın hələ inkişaf mərhələsində olduğunu göstərir.
Turizm ekspertlərinin fikrincə, bu istiqamətdə əsas maneələrdən biri birbaşa aviareyslərin olmamasıdır. ABŞ və Latın Amerikası ölkələrindən Azərbaycana səfərlər əsasən Avropa və Yaxın Şərq üzərindən tranzit uçuşlarla həyata keçirilir ki, bu da həm vaxtı, həm də xərcləri artırır.