AZ

Prezident İlham Əliyev Bakı 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-2 - FOTO

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

APA xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Sabahınız xeyir, xanımlar və cənablar.

Mən “Bakı Enerji Həftəsi”nin bütün iştirakçılarını salamlayıram, bu cür böyük tədbirə uğurlar arzu edirəm.

Artıq qeyd edildiyi kimi, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz-1” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub.

Bu bir daha göstərir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.

Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.

Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!

Bir sözlə, hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.

Hörmətli iştirakçı və təşkilatçı tərəfindən qeyd edildi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Yeri gəlmişkən, təşkilatçılara da öz dərin təşəkkürümüzü bildiririk. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.

Enerji təhlükəsizliyi. Biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.

Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.

Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik.

Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər.

Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.

Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.

Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir.

Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik.

Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik.

Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir.

Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.

Qeyd etdiyim kimi, bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir.

Əminəm ki, ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır. Bir daha bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edir, “Bakı Enerji Həftəsi”nə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Amerika Birləşmiş Ştatlarının İqtisadiyyat, Enerji və Biznes məsələləri üzrə Büronun katibinin köməkçisi Kaleb Orr çıxış edərək dedi:

- Sağ olun, Prezident Əliyev. Prezident Trampın rəhbərlik keyfiyyətləri ilə bağlı söylədiyiniz fikirlərə görə Sizə təşəkkürümüzü bildiririk və düşünürəm ki, Prezident Tramp və Dövlət katibi Rubio bundan çox məmnundur. Sizə uğurlar arzu edirik.

Hörmətli cənab Prezident, nazir Şahbazov, hörmətli Rövşən Nəcəf, nazirlər, xanımlar və cənablar.

Bu gün 31-ci “Bakı Enerji Həftəsi”ndə sizinlə burada olmaqdan çox məmnunam.

Üç onillik ərzində ABŞ və Azərbaycan Respublikası uzunmüddətli tərəfdaşlıq qurmuşdur. Azərbaycan enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında regionda çox mühüm tərəfdaşdır. Azərbaycan, həmçinin müasir neft sənayesinin beşiyidir. Bizim 30 il öncə imzaladığımız “Əsrin müqaviləsi” bütövlükdə bütün neft və qaz bazarlarında vəziyyəti dəyişdi, bir çox nəsillərə xidmət etdi.

Bizim strateji tərəfdaşlığımıza dair Saziş Bakıda Vitse-prezident Vens və Azərbaycan Prezidenti Əliyev tərəfindən imzalanmışdır. Birləşmiş Ştatlar bundan sonra da təbii sərvətlərin hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusundadır. İndi isə mən ABŞ Prezidenti Donald Trampın məktubunu oxumaq istərdim.

“Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

31-ci “Bakı Enerji Həftəsi”ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram. Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur.

Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır.

Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.

Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu “Bakı Enerji Həftəsi” münasibətilə bir daha təbriklərimi çatdırıram.

Səmimiyyətlə,

Donald Tramp”.

Qalib Or: Bir daha təşəkkür edirəm, cənab Prezident, hörmətli qonaqlar, sizə bu həftə işinizdə uğurlar arzulayıram.

x x x

Daha sonra Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın “Bakı Enerji Həftəsi”nə məktubunu oxudu:

“Hörmətli iştirakçılar, hörmətli qonaqlar.

Sizi ən səmimi duyğu və sevgi ilə salamlayıram.

Otuz ildən artıq müddətdir qlobal enerji liderlərini, investorları və şirkətləri bir araya gətirən bu mötəbər foruma məktub göndərməklə də olsa, müraciət etməkdən böyük məmnunluq duyuram.

Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri kimi layihələr Azərbaycanla birlikdə başlatdığımız və digər bir dost ölkə Gürcüstanın da töhfələri ilə başa çatdırdığımız layihələr arasındadır.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində tərəfdaşlığımız sayəsində Azərbaycanla əməkdaşlığımızın daha da dərinləşdiyini görürük. “Şəfəq-Asiman” yatağı üzrə yeni tərəfdaşlığımız bu əməkdaşlığımızın fasiləsiz şəkildə davam etməsinin növbəti bariz sübutudur. Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini dəstəkləyib və möhkəmləndirib.

Türkiyə ilə Azərbaycan arasındakı elektrik bağlantıları bizim üçün strateji əhəmiyyət daşımaqdadır. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin həyata keçirilməsi ilə bütün regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyi düşünürük.

Eyni qaydada, ötən ilin avqust ayında Türkiyə və Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələri mübahisəsizdir. Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün qarşımızda böyük imkanlar mövcuddur. Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadənin daha da artmasının şahidi oluruq.

Hörmətli iştirakçılar, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla enerji sektorunun bütün istiqamətlərində səmərəliliyi və ətraf mühitə qayğını əsas götürərək məhsuldarlığı təmin etməyə yönəlmiş baxışa sahibdir. Qlobal iqlim fəaliyyəti sahəsində öncül və nümunəvi ölkələrdən biri olmaq əzmimizi bu il noyabrın 9-20-də Antalyada ev sahibliyi edəcəyimiz COP31 Sammiti ilə daha da möhkəmləndirəcəyik.

Bu fikirlərlə “Bakı Enerji Həftəsi”nin ölkələrimiz və regionumuz üçün xeyirlərə vəsilə olmasını arzulayıram. Tədbirin təşkilində əməyi olanlara təşəkkür edir, Əziz Qardaşım Prezident cənab Əliyevi və bütün iştirakçıları səmimiyyətlə salamlayıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti”.

x x x

Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Rid çıxış edərək dedi:

-Zati-aliləri Prezident İlham Əliyev.

Zati-aliləri xanımlar və cənablar.

Mən böyük məmnunluq hissi ilə Birləşmiş Krallığı 31-ci “Bakı Enerji Həftəsi”ndə təmsil edirəm və ticarət komissarı kimi ezam olunmuşam.

İndi isə Baş nazir Kir Starmerin məktubunu oxumaq istəyirəm.

“Hörmətli Prezident Əliyev.

2026-cı ilin “Bakı Enerji Həftəsi”ndə iştirak edən hər kəsə səmimi salamlarımı yetirməkdən məmnunam. Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır.

On səkkiz ay əvvəl COP29-da iştirak üçün Bakıya səfər etdiyimiz zaman enerji keçidinə Azərbaycanın yetirdiyi ciddi diqqət mənə dərin təəssürat bağışladı. Həmin vaxtdan etibarən planlar fəaliyyətə çevrildi və bərpaolunan mənbələrdə enerji istehsalı sürətləndi, həm quruda, həm də dənizdə yaşıl enerjinin nəqli üçün geniş həll variantları təqdim olundu. Ölkəniz Ukraynanın enerji infrastrukturuna Rusiyanın davamlı və qanunsuz hücumları qarşısında həmin ölkənin enerji dayanıqlılığının möhkəmləndirilməsində mühüm rol oynadı. Ölkəniz təchizat zəncirlərinin şaxələndirilməsi yolu ilə öz enerji dayanıqlılığını formalaşdırmaq məqsədilə Avropa ölkələrinə imkanlar yaratdı. Həmçinin ötən il ölkəniz Sizin uzunmüddətli sülhə sadiqliyinizi gücləndirərək Ermənistana enerji ixracına başladı.

Ortaq iqlim məqsədlərinə doğru çalışdığımız bir vaxtda Birləşmiş Krallıq iqlimə müqavimətimizi gücləndirmək və 2050-ci ilə qədər xalis sıfra nail olmaq məqsədilə bu hökumətin planları üçün çox vacib olan qlobal enerji keçidini sürətləndirmək naminə Azərbaycanla çiyin-çiyinə işləməyə sadiq qalır. Britaniyanın sənayesi başda olmaqla, bizim uzunmüddətli enerji tərəfdaşlığımız ikitərəfli münasibətlərimizin təməl daşı rolunu oynayacaq, hər iki iqtisadiyyatda artımı sürətləndirən amil kimi davamlı xidmət edəcək. Bərpaolunan enerji və təmiz texnologiyalar sahəsində ekspert bacarıqlarımızı birləşdirərək, biz xalis sıfra nail olmaq və çiçəklənən, davamlı gələcəyi təmin etmək baxımından zəruri olan innovasiyanı inkişaf etdirə bilərik.

Bu təşəbbüs üçün göstərdiyiniz liderlik keyfiyyətlərini alqışlayır, Sizə və bütün iştirakçılara olduqca məhsuldar və uğurlu tədbir arzu edirəm.

Kir Starmer

Britaniyanın Baş naziri”.

x x x

Tədbir digər çıxışlarla davam etdi.

Sonra “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanması mərasimi keçirildi.

Daha sonra bir sıra sənədlər imzalandı.

Prezident İlham Əliyev sərginin xatirə kitabını imzaladı.

Dövlətimizin başçısı sərgilərlə tanış oldu.

***

12:00

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

APA xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

***

10:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir.

APA xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.

Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident
Seçilən
39
26
apa.az

10Mənbələr