Məlum olduğu kimi, ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeynclərlə (xidmət haqqı tariflərinin) bağlı qərar qüvvəyə minib. Bu gündən kart ödənişlərində komissiyalara limit qoyulub. İnterçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır.
Bir sıra bank kartlarına kəşbek faizlərinin azaldılması ilə bağlı məlumat daxil olub.
Məsələn, ərzaq və supermarketlər üzrə artıq 1 faiz əvəzinə 0,75 faiz təyin edilib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadi ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu, Mərkəzi Bankla banklararası olan məsələdir.
O bildirib ki, bunun müştərilərə birbaşa aidiyyatı yoxdur: “Sadəcə, Mərkəzi Bank bu komissiyaların həddini, faizləri qoyur, ancaq bu o demək deyil ki, onlar da vətəndaşlara belə az qoymalıdır. Banklar da azalda bilər, ancaq Mərkəzi Bank digər bankara deyə bilməz ki, siz də vətəndaşlara bu faiz, bu limitləri tətbiq edin. Sadəcə, son nəticədə vətəndaşlar banka ödəniş etməyə gedib köçürmələr ediləndə ödəniş sisteminin də komissiyası var. Mərkəzi Bank, banklararası o komissiyaları müəyyən edir. Deməli, o azalırsa, banklar da maraqlı olmalıdır ki, azaltsınlar. Çünki banklardan biri azaldıb digəri azaltmasa, hamı həmin bankla işləyəcək. Bazarda sağlam rəqabət də budur. İndi azaldacaqlar, ya azaltmayacaqlar, bu, onlardan asılı olan məsələdir. Yəqin, azaldacaqlar. Yəni məsələn vətəndaş gəlib mənə pul verir, mən də o pulu sistem vasitəsilə köçürürürəm. O sistemin banka tətbiq etdiyi komissiya azalıb. Ora bir hədd qoyulub”.
Şəhanə Quliyeva