AZ

İşğaldan azad olunmuş torpaqlarda TURİZM ÇİÇƏKLƏNİR - EKSPERT

Yay tətilinin başlamasına artıq bir neçə həftə qalıb və vətəndaşların əksəriyyəti daxili turizm üçün istirahət planlarını müəyyənləşdirib.

Day.Az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib ki, artıq bir çox istiqamətlər üzrə əvvəlcədən rezervasiyalar edilib.

O, qeyd edib ki, xüsusilə işğaldan azad olunmuş ərazilərə maraq daha yüksəkdir.

"Bu baxımdan Xankəndi, Şuşa, Laçın və Zəngilan istiqamətlərində ciddi aktivlik müşahidə olunur. Bununla yanaşı, Quba-Qusar və Şəki-Qax-Zaqatala-Balakən bölgələri də turistlərin üstünlük verdiyi məkanlar sırasındadır. Hazırda isə ən böyük tələbat məhz işğaldan azad olunmuş ərazilərdə qeydə alınır.

Son illərlə müqayisədə qiymətlər daha münasibdir. Bunun əsas səbəblərindən biri yerləşmə vasitələrinin sayının artmasıdır. Xüsusilə Xankəndi və Şuşada yeni otellərin istifadəyə verilməsi bazarda rəqabəti gücləndirib. İnvestorlar üçün yaradılan əlverişli şərait yeni otellərin, hostellərin və motellərin tikintisini sürətləndirib.

Nəticədə həm yerləşmə imkanları genişlənib, həm də qiymətlər daha əlçatan olub. Yerləşmə yerlərinin çoxalması turist axınının artmasına da müsbət təsir göstərir, çünki sağlam rəqabət xidmət keyfiyyətinin yüksəlməsinə və qiymətlərin tənzimlənməsinə şərait yaradır," - deyə o bildirib.

Ekspert əlavə edib ki, Şəki-Qax-Zaqatala-Balakən bölgəsində aşağı və orta büdcəli yerləşmə obyektlərinin sayının artması da sevindirici haldır:

"Bununla yanaşı, yerli sakinlərin evlərini turistlərə kirayə verməsi regionlarda turizmin inkişafına əlavə dəstək verir. Bu imkan həm iqtisadi büdcə ilə səyahət edən yerli və xarici turistlər üçün əlçatan seçim yaradır, həm də evlərini kirayəyə verən sakinlərin sosial rifahının yüksəlməsinə töhfə verir. Gələcəkdə bu fəaliyyətin daha da genişlənməsi, eyni zamanda şəffaf şəkildə həyata keçirilməsi, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi və statistik məlumatların düzgün təqdim olunması ölkənin turizm siyasətinin daha səmərəli planlaşdırılmasına imkan verəcək.

Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən beynəlxalq hava limanlarının turizmin inkişafına mühüm töhfə verəcəyi gözlənilir. Laçın, Füzuli və Zəngilan beynəlxalq hava limanları vasitəsilə xarici ölkələrdən birbaşa aviareyslərin təşkili bölgəyə turist axınını daha da artıracaq. Bu isə yeni iş yerlərinin yaradılmasına, xidmət sektorunun genişlənməsinə və iqtisadi fəallığın yüksəlməsinə səbəb olacaq. Dövlət tərəfindən müasir yol infrastrukturunun qurulması, inzibati binaların tikilməsi və insanların doğma yurdlarına qayıdışı üçün yaradılan şərait regionların inkişafına güclü təkan verir. Bütün bunlar göstərir ki, Azərbaycan, xüsusilə də işğaldan azad olunmuş ərazilər, gələcəkdə böyük turizm potensialına malik olacaq və ölkə turizminin inkişafında yeni, parlaq mərhələnin əsasını təşkil edəcək," - o deyib. 

Nəsimi Ələsgərli

Seçilən
24
day.az

1Mənbələr