AZ

Paşinyanı Rusiya qarşısında cəsarətli edən SƏBƏB

Ermənistanda taleyüklü parlament seçkilərinə sayılı günlər qaldı. Diqqətçəkicidir ki, bu ərəfədə Rusiyadan Nikol Paşinyan hökumətinə təzyiqlər xeyli artıb. Hətta təhdid üsulu kimi İrəvandakı səfir Sergey Kopırkin geri çağırılıb. Ermənistanın qaz qiyməti ilə, digər üsullarla şantaj edilməsi də öz yerində.

Ancaq Baş nazir nədənsə təlaş keçirənə bənzəmir. Əksinə, Abovyan şəhərində seçicilərlə görüşdə o, az qala, Moskvaya meydan oxuyub. Paşinyan öncə ölkəsinin artıq tək bir marşrutdan, müttəfiqdən və ya enerji mənbəyindən asılı olmaq niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Qərb-Şərq dəmir yolu marşrutları, Axalkalaki-Qars xətti və Azərbaycandan keçən dəmir yolu sayəsində artıq əlavə nəqliyyat imkanları əldə edib. Baş nazir habelə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) işə salınması və Ermənistan ərazisindən qaz kəməri çəkilişi planlarından danışıb. Qeyd edib ki, ölkəsi qazın bir hissəsini tranzit haqları qarşılığında alacaq. “Bu tranzit vasitəsilə öz qazımız olacaq. Bu tranzit üçün bizə qaz ödəniləcək”, - Paşinyan bildirib. Bundan əlavə, o, xatırladıb ki, İrəvan Avrasiya İqtisadi Birliyində iştirakını davam etdirməklə yanaşı, bunu Avropa standartlarına uyğun islahatlarla birləşdirmək və alternativ enerji kursunu fəal şəkildə inkişaf etdirmək niyyətindədir. “Seçim vaxtı gələndə Ermənistan xalqı bu seçimi edəcək” – bunu da Nikol bəyan edib.

Paşinyan tikiləcək hansı qaz xəttindən danışır? Bu nə vaxt reallaşa bilər? Onu Rusiya qarşısında cəsarətli edən nədir? Qərb Nikolun arxasında sonadək duracaqmı?

Fikrət

Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Rusiya imperiyası keçmiş sovet ölkələrinə qarşı davranışlarında təzyiq manerasından əl çəkə bilmir:“Bu imperiya birinci dəfə 1917-ci ildə dağıldı, 1991-ci ildə Rusiya imperiyasının dağılmasının ikinci mərhələsi baş verdi. Qarşıda isə Rusiya imperiyasının tam dağılmasını təmin edəcək üçüncü mərhəlləsi dayanır və bu mərhəllə artıq Rusiyanın qapısı ağzındadır. Rusiya bir imperiya kimi tam çöküşünün üçüncü mərhəlləsinə çox böyük sürətlə yaxınlaşır. Rusiya artıq çöküşün elə bir yerinə gəlib çatıb ki, oradan geriyə yol yoxdur. Bu gün Rusiya hökumətinin davranışlarındakı aqressiya da bu vəziyyətdən qaynaqlanır”.

Ermənistana gəlincə, F.Yusifova görə, ruslar həzm edə bilmirlər ki, onlar üçün artıq Ermənistan qatarı keçib gedib: “Artıq Ermənistan Amerika Birləşmiş Ştatlarının strateji müttəfiqidir. Dövlət katibi Marko Rubionun Rusiyanın Ermənistana qarşı seçkiöncəsi etdiyi basqılar dönəmində Ermənistana gəlməsi və bu ölkə ilə mühüm sənədlər imzalaması Moskvaya ciddi bir xəbərdarlıq idi”.

Professor qeyd edib ki, Paşinyanın yaxın gələcəkdə tikiləcək hansısa qaz xəttindən danışması da təsadüfü deyil: “Paşinyan çıxışında Ermənistan üçün alternativ potensial qaz təchizatçılarının adlarını da çəkib. Bu sırada Azərbaycanın da adını qeyd edib. Alternativlərin olması da Paşinyanı cəsarətləndirir. Biz Azərbaycan olaraq Ermənistanla sülh müqaviləsi bağladıqdan sonra nədən Ermənistana qaz satmayaq? Qoy dünya bazar qiymətləri ilə qazı bizdən alıb bu sahədə elə bizdən də asılı olsunlar. Paşinyan qaz xətti ilə bağlı fikirlər səsləndirirsə deməli belə bir ideya ortadadır”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr