Finlandiyanın Oulu Universiteti və Şərqi Finlandiya Universiteti alimləri maraqlı bir elmi nəticəyə gəliblər. Onların araşdırmasına görə, xroniki böyrək xəstəlikləri zamanı yaranan anemiyanın müalicəsində istifadə olunan bəzi dərmanlar eyni zamanda şiş hüceyrələrinin böyüməsini də zəiflədə bilər.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Redox Biology jurnalında dərc olunub.
Araşdırma HIF-PHI sinfinə aid preparatlara həsr olunub. Bu dərmanlar orqanizmdə qırmızı qan hüceyrələrinin yaranmasını stimullaşdırır və toxumaların oksigen çatışmazlığına uyğunlaşmasına kömək edir. Məhz buna görə onlar xroniki böyrək xəstəliyindən əziyyət çəkən pasiyentlərdə anemiyanın müalicəsində geniş istifadə olunur.
Lakin eksperimentlər zamanı alimlər gözlənilməz təsir aşkar ediblər. Məlum olub ki, bu preparatlar hüceyrələrin çoxalmasını ləngidə və yeni qan damarlarının formalaşmasını azalda bilir. Bu isə onkologiya baxımından xüsusi əhəmiyyət daşıyır, çünki xərçəng şişlərinin inkişafı üçün güclü qan-damar şəbəkəsinə ehtiyac var. Şişlər məhz bu damarlar vasitəsilə oksigen və qida maddələri əldə edirlər.
Tədqiqatçılar üçün ən maraqlı məqam ondan ibarət olub ki, bu təsir əvvəllər əsas hesab edilən bəzi zülallar olmadan da müşahidə edilib. Bu isə dərmanların hüceyrə metabolizminə və toxuma inkişafına təsir edən hələ tam öyrənilməmiş mexanizmlərinin mövcudluğunu göstərir.
Alimlərin fikrincə, kəşf gələcəkdə xərçəng müalicəsi üçün yeni yanaşmaların hazırlanmasına zəmin yarada bilər. Çünki bir çox onkoloji xəstələr həm şişin özü, həm də kimyaterapiya səbəbindən anemiyadan əziyyət çəkirlər. Əgər nəticələr sonrakı klinik araşdırmalarla təsdiqlənərsə, HIF-PHI preparatları eyni vaxtda iki mühüm vəzifəni yerinə yetirə bilər: anemiyanı aradan qaldırmaq və bədxassəli şişlərin inkişafını yavaşlatmaq.
Mütəxəssislər vurğulayırlar ki, hazırda söhbət ilkin elmi nəticələrdən gedir və bu yanaşmanın klinik effektivliyini təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
//Gülnarə Abasova, Editor.az