AZ

İnvestisiya modeli ölkəmizi inkişafın yeni mərhələsinə çıxarıb

Azərbaycan iqtisadi yüksəlişinə görə beynəlxalq müstəvidə təqdir olunan ölkələrdəndir. Bunun nəticəsi olaraq ölkəmiz qlobal miqyasda etibarlı tərəfdaş və əməkdaşlığa açıq dövlət kimi tanınır. Təbii sərvətlərin səmərəli idarə olunması, enerji resurslarından milli maraqlara uyğun istifadə edilməsi və uzaqgörən iqtisadi siyasət Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdəndir. Təbii ehtiyatlardan səmərəli istifadəni uzunmüddətli inkişaf strategiyasına çevirən Azərbaycan enerji sahəsində əldə etdiyi nailiyyətlərlə özünəməxsus yol formalaşdırıb. Ənənəvi enerji sektorunda qazanılan təcrübə yeni enerji istiqamətlərinə açılan imkanlarla vəhdət təşkil edərək ölkəmizin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyini daha da möhkəmləndirir. 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları, ənənəvi və yaşıl istiqamətlərdə inkişafı və beynəlxalq əməkdaşlıqdakı mövqelərini qeyd edərək vacib məsələlərə toxundu. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, ilk növbədə sərginin əhəmiyyətindən danışan dövlətimizin başçısının vurğuladığı kimi Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının əsasını formalaşdırıb. Çünki bütövlükdə dünyanın diqqət mərkəzində olan sərgi eyni zamanda Azərbaycanın enerji sahəsində nailiyyətlərini beynəlxalq miqyasda təbliğ edir və əməkdaşlıq imkanlarını genişləndirir. Bu da ölkəmizin beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edir.  Prezident çıxışında vacib bir məsələ üzərində dayanaraq diqqətçəkən mesaj verdi. Şərq–Qərb dəhlizinin uğurlu fəaliyyətini qeyd edən ölkəmizin başçısı onun mühüm qolu olacaq Zəngəzur marşrutundan danışaraq 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və onun iştirakı ilə imzalanmış sənədə əsasən bu layihənin mütləq şəkildə həyata keçiriləcəyini bildirdi. Şübhəsiz ki, bu layihənin açılışı regionda və beynəlxalq müstəvidə yeni nəqliyyat və əməkdaşlıq imkanlarının yaranmasına, sabitlik və inkişafın güclənməsinə mühüm töhfə verəcək. Ölkə rəhbəri çıxışında maraqlı bir müqayisə apararaq paradoksal reallığı aydın şəkildə ifadə etdi. 30 il əvvəl Azərbaycan investorları cəlb etməyə çalışırdısa, bu gün vəziyyət dəyişib və ölkəmiz investisiyaları xaricə yönəldir. Hazırda dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiyanın daha da genişlənməsi gözlənilir. Şübhəsiz ki, bütün bunlar düzgün iqtisadi siyasətin, uğurlu enerji strategiyasının və ölkənin artan maliyyə dayanıqlığının məntiqi nəticəsidir.

Bundan başqa Prezident yaşıl enerji sahəsində həyata keçirilən strateji layihələrə toxunaraq bildirdi ki, Azərbaycan enerji sektorunda yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz zəngin karbohidrogen ehtiyatları ilə yanaşı günəş, külək və hidroenerji potensialının səmərəli istifadəsinə böyük önəm verir. Bu istiqamətdə reallaşdırılan layihələr və beynəlxalq enerji kabeli təşəbbüsləri Azərbaycanın regional enerji əməkdaşlığında rolunu daha da gücləndirir, ölkəmizi Avrasiya məkanında mühüm enerji qovşaqlarından birinə çevirir.

Deputat sonda qeyd edib ki, ölkəmiz dünya ilə səmərəli əməkdaşlığı davam etdirərək təbii resurslarından milli maraqlara uyğun şəkildə istifadə edir. Şübhəsiz ki, bu Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir. Azərbaycan lideri ölkəmizi müsbət istiqamətdə irəli apararaq onun investisiya modelini dəyişərək yeni mərhələyə çıxarmağı bacardı. Uğurlarımızın davamlı olması isə doğru yolda olduğumuzun göstəricisidir.

 

Seçilən
28
2
xalqqazeti.az

3Mənbələr