Mayın 30-da ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Musavat.com xəbər verir ki, Rubio ABŞ-nin Türkmənistanın təbii qaz ixracının Transxəzər marşrutları vasitəsilə şaxələndirilməsinə güclü dəstəyini ifadə edib.
Nazir Meredov və dövlət katibi Rubio enerji, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.
Qeyd edək ki, son 30 ildə dəfələrlə gündəmə gətirilən Transxəzər qaz boru kəməri Türkmənistan üçün ixrac bazarını diversifikasiya etmək baxımından mühüm əhəmiyyət kəsb edir. OPEC-in hesablamalarına görə, Türkmənistanın təbii qaz ehtiyatları təxminən 14 trilyon kubmetrə çatır. 2015-2024-cü illər arasında qaz hasilatı 18 faiz artaraq illik 77,6 milyard kubmetrə çatıb. Türkmənistanın ixracının 80 faizindən çoxunu qaz təşkil edir, ona görə də ölkə “mavi yanacaq” satışını artırmaqda maraqlıdır. Aşqabad 2029-cu ilə qədər hasilatı 116 milyard kubmetrə çatdırmağı planlaşdırır. Əlavə həcmlərin Avropa bazarına çatdırılmasına çalışan Türkmənistanın bu sahədə yeganə yolu Transxəzər kəmərinin çəkilməsinə nail olmaqdır. Çünki hazırda türkmən təbii qazının yeganə xarici alıcısı Çindir. 2025-ci ildə Türkmənistanın Çinə qaz ixracı 30 milyard kubmetri keçib və 2026-cı ildə Çin həcmin təxminən keçən ilki ilə eyni olacağını gözləyir. Hazırda Türkmənistan qazı Türkmənistan-Çin qaz kəmərinin üç xətti ilə tədarük olunur və layihə gücü ildə təxminən 40 milyard kubmetrdir. Dördüncü xətt istifadəyə verildikdən sonra ixracın 65 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Lakin dördüncü xəttin tikintisi ilə bağlı son illərdə ciddi addımlar atılmayıb. Bundan əlavə, Çin tək alıcı olmasından istifadə edərək qazı Türkmənistandan dünya bazarı qiymətindən xeyli ucuz alır.
Rusiyanın qovulduğu Avropa bazarında qaz qiymətlərinin kəskin artması, eyni zamanda uzunmüddətli dövrdə alternativ enerjiyə keçidin sürətlənməsi fonunda təbii qaza olan tələbatın azalması perspektivini görən Türkmənistan hökuməti Transxəzər kəməri layihəsini ölü nöqtədən irəli aparmaq üçün fəaliyyətlərini aktivləşdirib. 2022-2023-cü illərdə dəfələrlə layihə ilə bağlı Aşqabadda və ABŞ-da tədbirlər təşkil olunub.
2024-cü ildə Berlində Mərkəzi Asiya ölkələrinin nümayəndə heyətləri və Almaniyanın Şərqi Avropa İqtisadi Əlaqələri Komitəsinin rəhbərlərinin görüşündə çıxış edən Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov bəyan edib ki, ölkəsi Transxəzər Qaz Boru Kəmərinin tikintisi vasitəsilə Avropaya qaz tədarükü ilə bağlı qəti mövqeyini təsdiqləyib. O qeyd edib ki, Aşqabad qaz hasilatı gücünün artırılmasına və Türkmənistan təbii qazının qlobal bazarlara tədarükünü təmin etmək üçün çoxvariantlı qaz nəqli infrastrukturunun genişləndirilməsinə diqqət yetirir. "Biz böyük beynəlxalq enerji layihələrinin həyata keçirilməsi kontekstində Avropa Komissiyasının müvafiq qurumları, ayrı-ayrı Avropa dövlətləri və şirkətləri ilə aktiv əlaqələrimizi bərpa etməyə hazırıq”.
2025-ci ildə isə o, Euronews-a verdiyi müsahibədə qeyd edib ki, Türkmənistan təbii qaz təchizatı məsələsində avropalı tərəfdaşlarla sıx əməkdaşlıq etməyə hazırdır. Onun sözlərinə görə, Türkmənistan həmişə "qərb istiqamətində sualtı boru kəmərlərinin çəkilməsi də daxil olmaqla, Xəzər dənizində tamhüquqlu enerji tərəfdaşlığının qurulması"nı müdafiə edib: "Bu, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada təsbit olunmuş qanuni hüququmuzdur. Biz Xəzər dənizində sualtı infrastrukturun yaradılmasının sahilyanı dövlətlərin iqtisadi tələblərinə cavab verdiyi və bu da öz növbəsində enerji istehsalçılarının, istehlakçılarının və tranzit ölkələrinin maraqlarının bərabər şəkildə nəzərə alınmasını tələb etdiyindən irəli gəlirik. Nəticədə, bütün bunlar Avrasiyada enerji təhlükəsizliyinin və sabitliyinin qorunmasında əsas amilə çevriləcək".
Transxəzər boru xətti layihəsinin ilk təşəbbüskarı və uzun illərdir əsas dəstəkləyicisi olan ABŞ-ın prosesə marağı böyükdür. 2024-cü ilin noyabrında respublikaçı senator Stiv Daynes Türkmənistana səfər edib və ölkə Prezidenti Serdar Berdiməhəmmədovla görüşüb. Əsas müzakirə mövzularından biri məhz Transxəzər qaz kəməri layihəsi olub. ABŞ dəfələrlə bəyan edib ki, Türkmənbaşıdan Bakıya təxminən 300 kilometr uzunluğunda Transxəzər qaz kəmərinin inşasına müvafiq dəstək verəcək. Bəzi müşahidəçilərə görə, Avropa İttifaqı 2028-ci ilin əvvəlindən Rusiyadan qaz idxalını tamamilə dayandırmağa hazırlaşır və bu kontekstdə Azərbaycan vasitəsilə Türkmənistan qazının alınmasına daha böyük maraq göstərir.
Transxəzər boru xəttinin inşasında maraqlı olan tərəflərdən biri də Türkiyədir. Son 20 ildə Ankara bu məsələni dəfələrlə aktuallaşdırıb, prosesi başlatmağa çalışıb. Türkmənistan qazının TANAP-a qoşulması istiqamətində ilk addım 14 dekabr 2022-ci ildə Türkiyə, Azərbaycan və Türkmənistan dövlət başçılarının Birinci Zirvə Görüşü zamanı atılıb. Görüş zamanı tərəflər Türkmənistan qazının Avropaya nəqli ilə bağlı Anlaşma Memorandumu imzalayıblar. 2024-cü il mayın 14-də isə Türkiyə, Azərbaycan və Türkmənistan arasında Türkmən təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə ixracı barədə razılaşma imzalanıb. Türkiyə tərəfi hətta mümkün nəql vaxtına dair açıqlamalar da verib. Lakin iki il müddət keçib və real addımlar hələ də atılmayıb.
Azərbaycanın layihədə marağına gəlincə, burada söhbət sırf tranzit gəlirləri və tranzit ölkə statusunun möhkəmlənməsindən gedə bilər. Belə ki, 2022-ci il iyulun 18-də Bakıda Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumunda Mərkəzi Asiya, o cümlədən Türkmənistandan enerji resurslarının Azərbaycan üzərindən Qərb bazarlarına ixracı ilə bağlı müddəa var. Bu layihələr Azərbaycanın tranzit ölkə statusunu möhkəmləndirmək, gəlirlərini artırmaq baxımından ciddi əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycan əlbəttə, Türkmənistandan boru xəttinin çəkilməsinə qarşı deyil. Bunu Prezident İlham Əliyev dəfələlərlə vurğulayıb. O, iki il əvvəl Şuşa Beynəlxalq Media Forumunda Bakının mövqeyini açıq ifadə edib: “Transxəzər Qaz Boru Kəməri ilə əlaqədar mən artıq bir neçə dəfə mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, bu, Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Bu layihə bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz nə edə bilərik? Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda, biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq. Məsələn, Cənub Qaz Dəhlizini inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi – Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar yaşıl keçid layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha çətinləşdirir. Avropada qaz qiymətlərinin dəyişkənliyi də yeni-yeni suallar ortaya qoyur. Həmçinin qiymətə qoyulan məhdudiyyət, - mən düşünürəm ki, bu, qəbulolunmazdır, istehlakçılar həmin yuxarı həddi təyin edir, - bu da istənilən bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Avropa ölkələri illərlə bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarı olub. Beləliklə, real baxışdan bu, çox ciddi bir problemdir. Lakin kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə biz şad olarıq. Nəticədə bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq”.
Layihəyə qarşı olan ölkələri qeyd etsək, ilk növbədə Rusiya və Çini qeyd etməyə dəyər: biri bazar, digəri satıcı ilə bağlı rəqabət yaranmasını istəmir. Daha bir ölkə - İran isə öz ərazisinə alternativ tranzit imkanının yaranmaması baxımından layihəyə qarşıdır. Türkmənistanın öz layihəsini gerçəkləşdirməsi üçün bu 3 ölkənin yaradacağı əngəlləri aşmaq planı da olmalıdır...
Dünya SAKİT,
Musavat.com