AZ

Hindistanda gənclərin onlayn “Tarakanlar partiyası” Baş nazirə qarşı küçə aksiyası planlaşdırır

Bakı, 1 iyun, AZƏRTAC

Cəmi bir neçə gün ərzində milyonlarla izləyici toplayan Hindistan onlayn gənclər qrupunun qurucusu Abhijit Dipke bazar ertəsi günü təhsil nazirinə etiraz etmək və Baş nazir Narendra Modiyə qarşı narazılığını bildirmək üçün küçələrə çıxmağı planlaşdırdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “Janta Tarakanlar Partiyası” (JAP) ölkənin 1,42 milyard əhalisinin təxminən yarısından çoxunu təşkil edən 30 yaşdan kiçik hindistanlı gənclərin problemlərini vurğulamaq niyyətində olduğunu bəyan edib. Partiya məşğulluq, inflyasiya və təhsil siyasəti məsələlərinə diqqət yetirir.

“Reuters” xəbər verir ki, partiyanın ABŞ-də yaşayan təsisçisi Abhijit Dipke, xüsusilə son zamanlar baş verən imtahan sızmaları və məktəblərdə buraxılış imtahanlarının qiymətləndirilməsində səhvlərlə bağlı halları misal çəkib ki, bu da milyonlarla şagirdin gələcəyinə mənfi təsir göstərə bilər.

“Təhsil nazirinin istefasını tələb etmək üçün Hindistana qayıdacağam”, - deyə Dipke özünün “X” platformasındakı hesabında yazıb. O, həmçinin gəncləri Yeni Dehlidə dinc etiraz aksiyasına qoşulmağa və hökuməti məsuliyyətə cəlb etmək üçün Konstitusiya hüquqlarından istifadə etməyə çağırıb.

O, iddia edib ki, təxminən 800 min tələbə təhsil naziri Dharmendra Pradhanın istefasını tələb edən petisiya imzalayıb.

Partiyanın sürətli yüksəlişi Narendra Modinin 12 illik hakimiyyəti dövründə ictimai narazılığın ən gözəçarpan onlayn təzahürlərindən biri olub. Analitiklər deyirlər ki, bu, son ştat seçkilərindəki qələbələrə baxmayaraq, İranla müharibə ilə əlaqəli yanacaq qiymətlərinin artması və qaz çatışmazlığı ilə bağlı narazılıq artdıqca, Baş nazirin imicinə xələl gətirə bilər.

Partiyanın adı baş hakim Surya Kantın bəzi işsiz gəncləri tarakanlarla müqayisə etdiyi bir şərhdən irəli gəlir. Kant daha sonra gəncləri tənqid etmək niyyətində olmadığını, əksinə “saxta diplomları” olanları nəzərdə tutduğunu bildirib. Partiyanın “Instagram”da 22 milyondan çox izləyicisi var.

 

Seçilən
35
1
azertag.az

2Mənbələr