AZ

Bir zamanlar arzumuz olan Qarabağa bu gün gözəl yollar çəkilir — Deputat

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi çərçivəsində nəqliyyat infrastrukturunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası regionlararası əlaqələrin gücləndirilməsi, iqtisadi aktivliyin artırılması və Şuşa daxil olmaqla strateji ərazilərə çıxışın daha da asanlaşdırılması baxımından mühüm layihə kimi qiymətləndirilir. Eyni zamanda, yolun alternativ marşrut kimi Zəfər yoluna paralel şəkildə istifadəyə verilməsi, beynəlxalq nəqliyyat dəhlizləri ilə inteqrasiya olunması və ödənişli əsaslarla idarə edilməsi müasir yol infrastrukturunun səmərəli idarə olunması baxımından diqqət çəkir. Tariflərin müxtəlif nəqliyyat vasitələri üzrə diferensiallaşdırılması isə istifadənin tənzimlənməsi və xidmət keyfiyyətinin qorunması məqsədi daşıyır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, 31-ci Bakı Enerji Forumunda Azərbaycan Prezidenti çıxış edərək ölkədə həyata keçirilən mühüm nəqliyyat və enerji layihələrinə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə diqqət çəkib:

“Qarabağa qayıdışla bağlı uzun illər arzu edilən hədəf artıq reallığa çevrilib və bu gün həmin ərazilərə gedən müasir yollar salınıb. Prezident vurğuladı ki, bu infrastruktur layihələri təkcə yol tikintisi deyil, eyni zamanda sosial-iqtisadi inteqrasiyanın və bölgənin dirçəlişinin əsas dayaqlarından biridir. İşğaldan azad olunmuş ərazilərdə alternativ avtomobil yollarının inşası həyata keçirilir və vətəndaşların istifadəsinə həm ödənişsiz, həm də ödənişli yollar təqdim olunur. Bu yanaşma yol infrastrukturunun daha səmərəli idarə edilməsinə və xidmət keyfiyyətinin artırılmasına xidmət edir. Çıxışda Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun strateji və iqtisadi əhəmiyyəti xüsusi qeyd olundu. Bildirildi ki, mürəkkəb relyef şəraitində inşa edilən bu yol üzərində körpülər, viaduklar, keçidlər və tunellər tikilib, bu da layihənin texniki baxımdan yüksək səviyyədə həyata keçirildiyini göstərir. Nəticədə Bakıdan Şuşaya çatma müddəti xeyli azalır, bu isə həm vətəndaşların vaxtına, həm də ailə büdcəsinə qənaət imkanı yaradır. Bu
infrastrukturun inkişafı həm turizm, həm yükdaşımalar, həm də dövlət xidmətlərinin Qarabağ regionunda daha sürətli və effektiv şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Leyla Turan
Demokrat.az
Seçilən
33
demokrat.az

1Mənbələr