AZ

Akif Nəsirli: “Kənddə sabit gəlir mənbəyi olan ailə şəhərə köçmək ehtiyacı duymur”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Bildiyimiz kimi, mayın 25-də İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Bizimyol.info xəbər verir ki, ölkə başçısı müşavirədə nitq söyləyib və bir neçə məsələlərə toxunub, fikirlərini qeyd edib. Prezident İlham Əliyev kəndlərdən şəhərlərə axının mənfi meyil olduğunu və şəhərlərdən kəndlərə qayıdışın təşviq edilməli olduğunu bildirib.

Prezident İlham Əliyev bildirib ki, bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu məsələ öz əksini tapıb - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə axın: “Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır.

Prezident əlavə edib: “Regional İnkişaf Proqramının və proqramlarının, dediyim kimi bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanlarına bölgələrdə şərait yaradılmalıdır. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır.

Onu da bildirməliyəm ki, biz Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik”.

Prezidentin kəndlərdən şəhərlərə axının mənfi meyil olduğunu qeyd edib. Şəhərlərdən kəndlərə qayıdışın təşviq edilməs ilə üçün hazırda hansı əsas addımlar atılmalıdır?

Kənd təsərrüfatının inkişafı şəhərlərə köçün azalmasına necə təsir göstərə bilər?

Akif Nəsirli

Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kənd sakinlərinin gəlir əldə etmə imkanları köklü şəkildə genişləndirilməlidir: “Şəhərlərdən kəndlərə qayıdışın təşviq edilməsi üçün ən əsas şərt kənd həyatının keyfiyyət baxımından şəhər həyatına yaxınlaşdırılmasıdır. Prezidentin özünün qeyd etdiyi kimi, kənddə xidmət sektoru yüksək səviyyədə olmalıdır. Praktik olaraq bu, sürətli internet infrastrukturunun bütün kəndlərə çatdırılmasını, tibb məntəqələrinin və məktəblərin keyfiyyətli fəaliyyətini, nəqliyyat əlçatanlığının artırılmasını əhatə edir. İnsan şəhərdən kənara köçmək üçün iş yerini, övladının məktəbini və sağlamlıq xidmətini itirməyəcəyindən əmin olmalıdır. Bu əminlik olmadan maddi təşviqatlar tək başına kifayət deyil.

İqtisadi cəhətdən isə kənd sakinlərinin gəlir əldə etmə imkanları köklü şəkildə genişləndirilməlidir. Kənd təsərrüfatında yalnız istehsal deyil, emal və satış zəncirinin bütünlüklə yerli səviyyədə qurulması vacibdir. Fermer bazarlarına, kooperativlərə, aqrar sığortaya, güzəştli kreditlərə çıxış asanlaşdırılmalıdır. Bundan əlavə, uzaqdan iş imkanlarının inkişafı ilə bağlı yeni bir tendensiya yaranıb - texnologiya sektoru işçiləri artıq fiziki olaraq şəhərdə olmadan işlərini davam etdirə bilirlər. Bu qrupu kəndlərə cəlb etmək üçün xüsusi proqramlar işlənib hazırlana bilər”.

Akif Nəsirli həmçinin deyib: “Kənd təsərrüfatının inkişafı şəhərlərə köçün azalmasına birbaşa və dolayı yollarla təsir edir. Birbaşa təsir odur ki, kənddə sabit gəlir mənbəyi olan ailə şəhərə köçmək ehtiyacı duymur. Dolayı təsir isə daha geniş məşğulluq zənciri yaradır - emal müəssisələri, logistika, aqrotexnika xidmətləri, turizm kimi əlaqədar sahələrdə iş yerləri açılır. Bu iş yerləri şəhər sakinlərini belə kənd yaxınlığına cəlb edə bilər. Dünya təcrübəsi göstərir ki, kənd iqtisadiyyatı şaxələndikcə - yalnız taxıl yox, emal olunmuş məhsul, ekoturizm, aqrar texnologiya - həmin bölgələrin əhalisi artır, şəhərlərə axın isə zəifləyir. Azərbaycan üçün isə xüsusən bərpa olunmuş ərazilərdə bu modeli tətbiq etmək həm siyasi, həm də iqtisadi cəhətdən strateji önəm daşıyır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
bizimyol.info

1Mənbələr