“Su gələn arxa, timsah da gələr”
(modern ata sözü)
“Koroğlu” dastanının bir bölümündə milli qəhrəmanımızın qocalmağından bəhs edilir. Dəliləri Çənlibeldən qovur, özü istefa verir, hətta Qıratın nalını söküb çəmənliyə buraxır, deyir başlı başını saxlasın, ta mənim paşalara qarşı müxalifətçiliyim bitmişdir.
Bu məqamda bir kişiyə rast gəlir, görür bunun əlində yarısı taxta, yarısı dəmir, əcaib bir şey vardır. Soruşur bu nədir, kişi deyir tüfəngdir, adam öldürmək üçündür. Koroğlu inanmır, xahiş eləyir (bunu özümdən uydurdum, yəqin ki, Koroğlu əmr edərdi – Z.H.) kişi tüfəngdən öküzə atəş açsın. Yeri gəlmişkən, öküz kimin olub, bu barədə dastanda qeyd edilmişdir: tüfəngli kişiyə məxsus heyvan imiş.
Bəli, Koroğlu ədalətli insan olduğu üçün öküzün pulunu ödəyir, deyir indi tüfəngdən vur, görək nə olur. Kişi atəş açır, öküz ölür. Koroğlu vəziyyətdən dilxor olur, sazı sinəsinə basıb alır görək nə deyir: “Axır əcəl gəldi, yetdi hay, haray! Çəkdiyin qovğalar bitdi hay, haray! Tüfəng çıxdı, mərdlik getdi hay, haray! Mənmi qocalmışam, ya zəmanəmi?”
Xülasə, Koroğlunun bu əhvalatı milli folklorumuzda “Tüfəng çıxdı, kişilik əldən getdi” şəklində qalmışdır. Bu, bir növ bizim dünyadakı texnoloji yeniliklərə münasibətimizin göstəricisidir. Halbuki qərbli nə deyirdi? İndi sizə bir Amerika ata sözünü yazıram: “Tanrı insanları güclü və zəif yaratmışdı, cənab Kolt isə hamını bərabərləşdirdi”.
Gör nə qədər gözəl və müdrik söhbətdir... Söhbəti bilməyənlərə lazımdırsa izahat verək. Amerikalı ixtiraçı Semyuel Kolt 19-cu əsrdə fırlanan barabanlı məşhur Kolt tapançasını qayırmışdı. Amerika ata sözünü düzəldənlər də demək istəyir ki, artıq hərbə-zorba, qol gücü ilə zəifi basıb döymək, haqqını tapdalamaq mümkün olmayacaq. Çıxarar tapançanı, qoyar təpəndən.
Mövzumuz isə əslində timsahdır. Son günlər internetdə böyük ehtimal süni intellektlə düzəldilmiş saxta video-xəbər yaymışdılar, guya Şirvan kanalında timsah görünmüşdür. Bekar jurnalistlərimiz də (içində mən olmaqla), bunu tirajlamaqla məşğuluq. Nə edə bilərik? Əsl timsahlara gücümüz çatmır, xəyali timsahları öz kanalımıza buraxırıq. Bu da bir daha texnoloji yeniliyə münasibətimizin göstəricisidir: süni intellektdən səydəş videolar istehsal etməkdə yararlanırıq.
Sözgəlişi, dahi şəxsiyyətləri bu texnologiya ilə guya canlandırmaq videolarını da qəti bəyənmədiyimi fürsətdən istifadə edərək yazıram. Məsələn, Məhəmməd Əmin Rəsulzadəni “dirildib” az qala Alov qüllələrində-zadda gəzdirirlər. Bu düşük əməlləri törədənlərə qısaca sözüm budur: niyə ölmürsünüz? İnsanların xatirəsinə hörmətlə yanaşın, onları virtual artist kimi oynatmağa ixtiyarınız yoxdur.
Əlbəttə, ədalət naminə, tam olaraq texnoloji düşməni sayılmarıq, məsələn, savaşda dronlardan babat istifadə eləmişdik. Halbuki yuxarıda yazdığım kimi, əgər Koroğlu prinsipiylə yanaşmaqda davam etsəydik, Paşinyan bəlkə indiyəcən Cıdır düzündə oynayırdı.
Timsah temasına dönsək, məncə, yanlış da bir naxışdır və bu saxta xəbəri hazırlayanlar hökumətimizə yaxşı ideya vermişlər. Niyə bizim çay və kanallarımızda timsah olmasın? Aran bölgəsində yay tropik qurşaqdakı kimi isti keçir, bir az qışda timsahlara soyuq olacaq, onu da həll etmək çətin deyil: hər çayqırağı kənd icra hakimiyyətinə 3-5 timsahı təhkim etmək mümkündür. Kəndlilərin canı çıxsın, 1-2 ay qışda heyvanları evdə saxlasınlar. Arada timsah kəndlinin uşağını yeyər, bu yolla uşaq pulu məsələsi həll edilər. Uşaqdan ye, ağla.
Hətta səhv etmirəmsə, bəzi timsah növləri duzlu sularda da yaşayırlar. Yəni, lazım gəlsə Xəzərə timsah idxal olunmalıdır. Suiti ilə turist yığmaq çətindir.
İndi söz əlaqədar... timsahlarındır.