İstanbulun Beşiktaş rayonunda yerləşən Bebek sahili yaxınlığında Boğaz turu xidmətləri göstərən 20 metrlik qayığın pərvanə bölməsində yanğın baş verib.
Musavat.com xəbər verir ki, hadisənin naməlum səbəbdən başladığı bildirilir. Məlumat daxil olduqdan sonra əraziyə Sahil Mühafizəsi, yanğınsöndürmə, polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Qayıqda olan iki heyət üzvü alovlar böyüməzdən əvvəl gəmini tərk edərək sahilə çıxmağı bacarıb.
Yanğına həm dənizdən Sahil Mühafizəsi əməkdaşları, həm də qurudan yanğınsöndürmə briqadaları müdaxilə edib. Görülən tədbirlər nəticəsində alov qısa müddətdə nəzarətə götürülərək söndürülüb.
Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Lakin qayığa ciddi maddi ziyan dəydiyi bildirilib.
Yanğından sonra ərazidə təhlükəsizlik tədbirləri görülüb, Boğazda nəqliyyatın hərəkəti isə bir müddətlik məhdudlaşdırılıb. Müdaxilə işləri başa çatdıqdan sonra hərəkət yenidən normallaşıb.
Musavat.com