Bakı, 1 iyun, AZƏRTAC
Türkiyənin ümumi quraşdırılmış enerji gücü 120 giqavatı ötüb və bunun 60 faizindən çoxu bərpaolunan enerji mənbələrinin payına düşür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı Enerji Forumunda “Nazirlər arasında Dialoq: Mərkəzi Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı plenar müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, enerji keçidi böyük həcmli investisiyalar tələb edir və bu investisiyaların cəlb olunması üçün sabit və etibarlı enerji infrastrukturu formalaşdırılmalıdır.
“Enerji keçidinin maliyyələşdirilməsi yalnız dövlət resursları ilə mümkün deyil və bu prosesdə beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir. Türkiyənin əldə etdiyi təcrübəni və sənaye imkanlarını tərəfdaş ölkələrlə bölüşməyə hazırıq. Məqsəd daha təmiz, dayanıqlı və etibarlı enerji gələcəyinin təmin olunmasıdır”,- deyə o diqqətə çatdırıb.