AZ

"Kənd Təsərrüfatı Nazirliyi ciddi tənqid olunur, çünki..." - Vahid Məhərrəmov

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Proqram haqqında Redaktor.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, bu proqram bir qədər tələsik hazırlanıb:

""Orada peşəkar dəst-xətt hiss olunmur. Problem nədədir? Problem ondadır ki, dövlət proqramının başlığı çox gözəldir. Amma hər hansı siyasət sənədi hazırlanarkən ilk növbədə əsaslı araşdırmalar aparılmalıdır. Bəs bu dövlət proqramını hazırlayanlar niyə sənədi bu qədər natamam hazırlayıblar? Niyə bütün məsələlərin 2030-cu ilə qədər müəyyənləşdirilməsi nəzərdə tutulur? Təsəvvür edin ki, əvvəlcədən vəsait ayrılacaq, amma hansı regionda nə əkilib-becəriləcəyi ilə bağlı araşdırmalar sonradan aparılacaq. Məsələn, proqramda süd, ət, yumurta və digər məhsulların istehsalının artırılması qarşıya məqsəd kimi qoyulub. Amma orada konkret rəqəmlər əvəzinə təxmini göstəricilər yazılıb. Halbuki ölkə Prezidentinin təsdiqlədiyi dövlət proqramlarının hazırlanması qaydalarında açıq şəkildə göstərilir ki, hədəflər konkret rəqəmlərlə müəyyən edilməlidir. "Ən azı", "təxminən" kimi ifadələr yox, dəqiq göstəricilər olmalıdır. Digər tərəfdən, həmin hədəflərə necə nail olunacağı da aydın deyil. Mən bu sahənin mütəxəssisi, aqronom və uzun illər kənd təsərrüfatında çalışmış bir şəxs kimi proqrama baxıram və düşünürəm ki, bunu kim hazırlayıb ki, bu qədər natamam qalıb?

Məsələn, heyvandarlıqla bağlı əsas problem yemçilikdir. Heyvanların baş sayının azalmasının başlıca səbəblərindən biri məhz budur. Bizim ot istehsalımız tələbatdan təxminən 2-2,5 dəfə azdır. Qüvvəli yem istehsalı ilə bağlı hələ 2018-ci ildə 2 milyon tonluq hədəf müəyyən edilmişdi, amma faktiki istehsal cəmi 169 min ton səviyyəsində qalıb. Şirəli yem isə demək olar ki, ümumiyyətlə istehsal olunmur. Senaj istehsalı yoxdur, silos istehsalı isə çox aşağı səviyyədədir. Yəni heyvandarlığı inkişaf etdirmək üçün ilk növbədə yemçilik inkişaf etdirilməlidir. Sadəcə rəqəmlər səsləndirməklə nəticə əldə etmək mümkün deyil. Biz bunu əvvəllər də görmüşük. Məsələn, baramaçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edilmişdi. Hədəf 7 il ərzində barama istehsalını 6000 tona çatdırmaq idi. Proqramın icra müddəti başa çatanda istehsal cəmi 186,6 ton oldu. Bu isə nəzərdə tutulan göstəricidən 32 dəfə azdır. Dövlət Proqramı əslində çox ciddi siyasi sənəddir. Belə sənədlər ciddi peşəkarlar tərəfindən hazırlanmalı və həyata keçirilməlidir. Son dövrlər Kənd Təsərrüfatı Nazirliyi ciddi tənqid olunur. Çünki sahədə irəliləyişdən çox geriləmə müşahidə edilir. İdxal artır, məhsulun maya dəyəri yüksəkdir. Maya dəyəri yüksək olduğuna görə satış qiymətləri də digər ölkələrlə müqayisədə baha olur. Bu problemləri artıq sadə vətəndaşlar da görür".

Onun sözlərinə görə, belə şəraitdə tələsik hazırlanmış bir sənəd ortaya qoyub "problem həll olunacaq" demək reallığı dəyişmir:

"Məsələn, heyvandarlıqla bağlı proqramda yemçiliyin inkişafına xüsusi bölmə ayrılmalı idi. Çünki heyvanların baş sayı sürətlə azalır. Proqramda göstərilir ki, mal-qaranın cins tərkibi yaxşılaşdırılacaq. Amma bunun üçün çox ciddi hazırlıq lazımdır. Yem bazası kifayət qədər inkişaf etməyibsə, yüksək məhsuldarlığa malik cins heyvanları baha qiymətə gətirib saxlamaqla nəticə əldə etmək mümkün olmayacaq. Çünki həmin heyvanlar daha keyfiyyətli və daha çox yem tələb edir. Bəzən elə təsəvvür yaranır ki, proqramı hazırlayanların arasında nə aqronom, nə zootexnik, nə də baytar həkim olub. Hədəflər əsaslandırılmayıb və ciddi təhlillərə söykənmir. Üstəlik, 5 il ərzində ət istehsalını 20 faiz artırmaq elə də böyük nailiyyət hesab edilə bilməz. Çünki hazırda heyvanların baş sayı azalır və onların əhəmiyyətli hissəsi kəsimə göndərilir. Son statistik göstəricilərdə süd istehsalında da azalma müşahidə olunur. Ət istehsalındakı artımın hansı mənbədən formalaşdığına diqqət yetirmək lazımdır. Məsələn, yun istehsalının azalması göstərir ki, daha çox heyvan kəsimə verilib. Bu isə uzunmüddətli inkişaf göstəricisi deyil, mövcud heyvan ehtiyatlarının azalmasının nəticəsidir".

NURİYYƏ

Seçilən
29
1
redaktor.az

2Mənbələr